“Hava məkanımızın və ərazimizin pozulmasına heç vaxt icazə verməyəcəyik”.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Stokholmda keçirilən Şimal Şurası Zirvə Toplantısından sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
Fon der Leyen bildirib ki, Şimali Avropa ölkələri hazırlıq və sayıqlıq baxımından digər dövlətlərə nümunə göstərirlər və bu xüsusiyyətlər bu ölkələrin cəmiyyətlərinin bütün təbəqələrinə sirayət edib.
Avropa Komissiyasının sədri oktyabrın 23-də keçirilən Avropa İttifaqı Liderlər Zirvəsində müdafiə hazırlığına dair yol xəritəsinin 2030-cu ilə qədər irəlilədilməsinə qərar verildiyini xatırladaraq, Ukraynaya dəstəyin davam etdirilməsi məsələsinin də müzakirə olunduğunu vurğulayıb.
O, Skandinaviya ölkələrinin bu məsələdə dəstəyinin həyati əhəmiyyət daşıdığını qeyd edərək əlavə edib:
“Bizim təcrübəmiz sizin bilik və bacarıqlarınızdan qaynaqlanır. Bu, şimalda Arktika bölgəsinin monitorinqindən tutmuş şərqdəki təcavüzkar qonşunun qarşısının alınmasına qədər uzanır və bütün Avropa üçün istiqamətverici rol oynayır.”
Aytən Yaşar/ Turkustan.az