Azərbaycan bazarında erməni məhsulları satılacaq – Siyahıda olanlar


Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın son açıqlaması diqqət çəkib. Nazir bildirib ki, ölkəsi Azərbaycandan mal idxalında maraqlıdır.

Maraqlıdır, Ermənistan Azərbaycandan nələr ala bilər? Eyni zamanda, Azərbaycan bazarlarında hansı erməni məhsulları satıla bilər?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, Ermənistan üçün hazırda əsas məsələ Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin bərpasıdır:

“Bu, təkcə iqtisadi deyil, həm də siyasi münasibətlərin normallaşması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat, kommunikasiya xətlərinin bərpası kimi prosesləri də əhatə edir. İrəvan iqtisadi fəallığın artmasında, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasında maraqlıdır. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı ticarət əlaqələrinin formalaşması mümkündür. Azərbaycana lazım olan bəzi məhsullar Ermənistanda, Ermənistana lazım olan məhsullar isə Azərbaycan bazarında satıla bilər. Ölkəmizin ixracında mühüm yer tutan neft və neft məhsulları, tikinti materialları, təbii qaz bu istiqamətdə prioritetdir. Ermənistanın neft sənayesi mövcud olmadığına görə buna tələbatı yüksəkdir. Həmçinin təbii qazımızın İrəvana satışı da mümkündür”.

turab rzayev esas
Turab Rzayev

İqtisadçı əlavə edib ki, pomidor, meyvə-tərəvəz kimi məhsullar da qarşı tərəfə ixrac oluna bilər:

“Çünki Azərbaycan kənd təsərrüfatı sahəsində üstünlüyə malikdir. Öz növbəsində, Ermənistan da Azərbaycana ət və süd məhsulları, pendir, qoyunçuluq, balıqçılıq məhsulları, eləcə də konyak və şərab kimi mallar göndərə bilər. Gələcəkdə bu əməkdaşlığın daha geniş miqyas alması mümkündür. İki ölkə arasında istehsal və emal sənayesi üzrə qarşılıqlı ticarət əlaqələri formalaşa, bölgədə iqtisadi inteqrasiyanı gücləndirə bilər. Ümumilikdə, ilkin mərhələdə əsas ticarət istiqamətləri enerji resursları, tikinti materialları, kənd təsərrüfatı və qida məhsulları olacaq”.


MANŞET XƏBƏRLƏRİ