Rusiya rəhbərliyi bəyan edib ki, ölkə NATO-ya qarşı hərbi hücuma hazırlaşmır və bu istiqamətdə heç bir planı yoxdur. Moskva bu mövqeyini “sabitliyin qorunması və gərginliyin azaldılması” kimi təqdim edir.
Lakin ekspertlər hesab edirlər ki, bu cür zəmanətlərə ehtiyatla yanaşmaq lazımdır. Son illərdə Rusiya bir neçə dəfə beynəlxalq öhdəliklərinə baxmayaraq hərbi addımlar atıb və regionda gözlənilməz eskalasiyalara səbəb olub. Buna görə də analitiklər bildirirlər ki, Moskvanın NATO-ya qarşı hücum etməyəcəyi ilə bağlı zəmanəti, siyasi niyyət bəyanatı kimi dəyərləndirilməli, lakin tam etibar edilməməlidir.
Turkustan.az olaraq mövzuyla bağlı suallarımızı politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov
Rusiyanın NATO-ya hücum etməyəcəyi ilə bağlı verdiyi zəmanət, əslində, siyasi ritorikadan o tərəfə keçmir. Moskva heç vaxt öz hərbi ambisiyalarını tam şəkildə rəsmiləşdirmir, sadəcə situasiyaya uyğun ton dəyişir. Ukrayna müharibəsi göstərdi ki, Kreml beynəlxalq hüquq normalarını deyil, güc balansını əsas götürür. Bu mənada “hücum etməyəcəyik” ifadəsi sülh niyyəti yox, zaman qazanmaq cəhdidir.
Rusiya indi iqtisadi, hərbi və diplomatik baxımdan ciddi yorulub, ona görə də qarşıdurmanı dondurmaq istəyir. Lakin bu, uzunmüddətli zəmanət anlamına gəlmir. NATO ölkələri, xüsusilə Şərqi Avropa dövlətləri Moskvanın “müvəqqəti sakitliyinə” inanmır və haqlıdırlar. Çünki Rusiya strategiyası tarixi olaraq “taktiki geri çəkilib, strateji hücuma keçmək” üzərində qurulub. Qərb isə bu dəfə həmin səhvi təkrarlamaq niyyətində deyil.
Kreml üçün əsas məsələ Ukrayna cəbhəsində mövqeləri qorumaqdır, amma NATO ilə qarşıdurma potensialı da daim masadadır. Zəmanət yalnız sözlə yox, davranışla ölçülür, Rusiyanın davranışları isə bu günə qədər heç vaxt inandırıcı olmayıb. Əgər daxili vəziyyət sabitləşməsə, Moskva yenidən “xarici düşmən” kartını oynaya bilər. Bu da NATO ilə yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər. Ona görə də, bu zəmanət nə hüquqi sənəddir, nə də geosiyasi reallıq. Sadəcə, Kreml üçün vaxt udmaq və Qərbin diqqətini yayındırmaq üsuludur.
Aytən Yaşar/ Turkustan.az