Ramiz Mehdiyevi “SİYASƏT GENERALI” ADLANDIRAN DEPUTAT KİMDİR?


Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev ətrafında müzakirələr genişlənir. Mehdiyevin vəzifədə olduğu illərdə onun əhatəsində olan bir sıra məmurların adları ilə bağlı siyahı getdikcə uzanır. Siyahıda Milli Məclisin hazırkı çağırış deputatlarından da bəzilərinin adı hallanır. Həmin deputatların sırasında Sahib Alıyev də yer alıb.

Turkustan.az Pravda.az-a istinadən xəbər verir ki, deputatın Ramiz Mehdiyevlə yaxın olmasına dair iddialar fonunda onun vaxtilə Mehdiyev barədə dediyi təriflər gündəmə gətirilib.

Belə ki, 2015-ci ildə Ramiz Mehdiyevin doğum günü ilə əlaqədar “Azvision.az” saytına təbriklərini bölüşən millət vəkili onu “siyasət generalı” adlandırıb: “Cənab Ramiz Mehdiyev, zəngin dövlətçilik təcrübəsi olan, ulu öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsini dərindən bilən böyük dövlət adamıdır, belə demək mümkündürsə, siyasət generalıdır. Fikrimcə, özünün dövlətə bağlılığı, zəhmətkeşliyi, sədaqətliliyi, elmi, peşəkarlığı və təvazökarlığı ilə əsl örnəkdir. Mən ona can sağlığı, çətin, son dərəcə məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.

Pravda.az Sahib Alıyevin müzakirələrlə bağlı mövqeyini öyrənməyə çalışsa da, deputat zənglərimizə cavab verməyib.


MANŞET XƏBƏRLƏRİ