Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür.
Xatırladaq ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olub.
1896-cı ildə hərbi liseydə təhsil alan Atatürk Birinci Dünya müharibəsi və Türkiyənin İstiqlaliyyət müharibəsində göstərdiyi fəaliyyətlə böyük nüfuz qazanıb.
O, 1919-cu ildə başlatdığı milli mübarizəyə rəhbərlik edərək Türkiyənin müstəqilliyinin əldə olunmasında mühüm rol oynayıb.
Mustafa Kamal Atatürk tarixə Qazi Mustafa Kamal Paşa adı ilə də düşüb. Belə ki, 1921-ci il avqustun 23-dən sentyabrın 13-dək davam edən Sakarya meydan müharibəsində Türkiyə ordusunun qələbə qazanmasından sonra, sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi ona "Qazi" fəxri adı və marşal rütbəsi verib.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edildikdən sonra Mustafa Kamal Atatürk dövlət başçısı (cümhurbaşkanı) seçilib.
O, prezidentliyi dövründə Türkiyənin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni həyatında genişmiqyaslı islahatlar həyata keçirib. Təhsil sisteminin yenilənməsi, əlifba islahatı, qadınlara siyasi hüquqların verilməsi və dünyəvi dövlət quruculuğu Atatürkün həyata keçirdiyi əsas dəyişikliklər sırasında yer alıb.
1934-cü ildə isə ona qanunla "Atatürk" soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Qeyd edək ki, bu qadağa hələ də qüvvədədir.
1937-ci ildən səhhətində problemlər yaranan Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda yerləşən Dolmabahçe sarayında vəfat edib.
1953-cü ildə onun nəşi Ankarada yerləşən Anıtqəbirə köçürülüb. Hər il onun vəfat etdiyi gün Türkiyədə anım mərasimləri keçirilir. Vəfat etdiyi saatda - 09:05-də bir dəqiqəlik sükut elan olunur./oxu.az