“Məişət zorakılığı qurbanı olan qadınlarla iş” layihəsinin icrasına başlanılıb


“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanı olan qadınlarla iş” adlı maarifləndirici layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi münaqişəli ailələrin müəyyənləşdirilməsi, həmin ailələrdə yaşayan yeniyetmə qızlara və qadınlara qarşı məişət zorakılığının başvermə səbəblərinin, eləcə də bunun doğurduğu problemlərin araşdırılmasıdır. Layihə, həmçinin məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızların və qadınların təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

Birlikdən verilən məlumata görə, layihə çərçivəsində münaqişəli ailələrdə yaşayan və məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızlar və qadınlar arasında anonim fərdi müsahibələr və sorğular keçiriləcək. Eyni zamanda layihənin məqsədlərinə uyğun olaraq araşdırmalar aparılacaq.

Araşdırmalar zamanı münaqişəli ailələrin yaşadıqları icmalarda ictimai qınaqla üzləşib-üzləşmədikləri, məişət zorakılığı törədən şəxslərin aqressiv davranışlarının səbəbləri, onların ailə üzvlərinə, xüsusilə yeniyetmə qızlara və qadınlara münasibəti, eləcə də ailə qarşısında məsuliyyət hissinin səviyyəsi öyrəniləcək.

2026-cı il iyulun 1-də başlanmış layihə üç ay davam edəcək. Layihə Saatlı, Sabirabad, Yevlax rayonlarında və Mingəçevir şəhərində həyata keçiriləcək.


MANŞET XƏBƏRLƏRİ