Paşinyan rəqiblərinə “divan tutur” – Kütləvi TUTHATUT


Seçkilərdən sonra Nikol Paşinyan rəqiblərinin, xüsusilə də revanşistlərin cəzalandırılmasını davam etdirir. Əslində gözləniləndir. Çünki seçkiöncəsi onları məhv edəcəkləri barədə xəbərdarlıq edən hakim partiyanın rəhbərinin prosesi sonadək aparmaqdan başqa çıxış yolu yoxdur, əks təqdirdə, onun özünün axırına çıxacaqlar.

Revanşist Avetik Çalabyandan savaş çağırışı: Müharibəyə hazır olmalıyıq

“AyaKve” hərəkatının koordinatoru, ictimai-siyasi fəal Avetik Çalabyan bu gün səhər tezdən saxlanılıb.

Musavat.com-un məlumatına görə, bu barədə News.am-a “AyaKve” milli vətəndaş cəmiyyəti məlumat verib.

23 iyun tarixində səhər saatlarında isə Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Hayastan” blokundan olan parlament üzvü və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın mənzilində axtarış aparılmışdı. Düzdür, vəkil Sergey Harutyunyanın sözlərinə görə, mənzildə aparılan axtarışlar nəticəsində heç nə tapılmayıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə istintaq çərçivəsində İşxan Saqatelyanın evində istintaq və prosessual hərəkətlər aparılıb. Lakin qurum hansı cinayət işi üzrə əməliyyatların aparıldığını açıqlamayıb və əlavə təfərrüatlar təqdim etməyib. Yerli medianın məlumatına görə, Saqatelyanın mənzilindəki axtarış başa çatdıqdan sonra hüquq-mühafizə orqanları onun avtomobillərində də axtarış aparmağa çalışıblar. Saqatelyan Paşinyanın ən radikal əleyhdarlarından biridir. O, 7 iyun tarixli parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən müxalifətçi deputatlardandır.

Onu da qeyd edək ki, “AyaKve” milli vətəndaş cəmiyyəti Azərbaycana qarşı radikal mövqeyi ilə seçilən terrorçu, separatçı qüvvələrdən ibarətdir. Onlar Azərbaycana qarşı müharibə çağırışları ilə çıxışlar edir, Qarabağa yönəlik iddialarından əl çəkmirlər. Paşinyan gerçəkdən sülh tərəfdarıdırsa, təbii ki, onları zərərsizləşdirməlidir. Əks təqdirdə, İrəvanın mərkəzində vaxtaşırı separatçıların əski parçasının qaldırılmasının şahidi olacağıq. Rəsmi məlumata görə, Çalabyan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində tutulub. Onun saxlanması barədə əlavə məlumat verilməyib, rəsmi açıqlamanın daha sonra olacağı qeyd edilib.

Daşnaklar çağırış etdi: yeni müharibə?.. | Axar.Az

“Ayakve” təşəbbüsü aprelin sonlarında Samvel Karapetyanın rəhbəri olduğu “Güclü Ermənistan” blokuna qoşulub. Tərəflər mövcud hökuməti seçkilər yolu ilə dəyişmək, yeni hökumət yaratmaq üçün qüvvələri birləşdirmək barədə öhdəlik götürüblər. Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qalib gəldiyi seçkilərin nəticələrinin ləğvi təşəbbüsü ilə çıxış edənlərə divan tutulması əməliyyatına sanksiya heç şübhəsiz ki, birinci şəxsdən gəlib.
Bundan əvvəl Robert Köçəryan, Samvel karapetyan və Qaqik Tsarukyanla bağlı cəza qərarlarının çıxarılması, istintaqın davam etdirilməsi, həmçinin bir sıra deputatların toxunulmazlığının ləğvi ondan xəbər verir ki, Ermənistanın yayı çox qaynar keçəcək. Xüsusilə də Rusiyaya bağlı qüvvələrin əl-aya açmasına imkan verilməməsi Paşinyanın bu prosesdə Avropa paytaxtlarından dəstək almasının məntiqi nəticəsi sayıla bilər. Amma sonrakı gedişat nələr vəd edir, bu, çox maraqlıdır. Kremldən davamlı xəbərdarlıqlar da nəzərdən qaçmamalıdır.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında Paşinyanın parlament seçkisindəki qələbədən sonra radikal müxalifətə qarşı sərt tədbirlər görməyə başladığını təsdiqləyib: “Ermənistan parlamentdəki müxalifətdən olan deputatlara və parlamentdə yer almayan siyasətçilərə qarşı cinayət işləri açılıb, onların bir qismi həbs olunub. Həbs olunanlar korrupsiyada və digər cinayətlərdə ittiham olunurlar. Həbs olunanları birləşdirən ümumi cəhət onların hamısının Azərbaycanla sülhün əleyhinə olmalarıdır. Müxalifətin tamamı Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, Zəngəzur dəhlizinin əleyhinə çıxır. Onlar Paşinyanın Konstitusiyanı dəyişdirmək məqsədilə referendum keçirilməsinin də əleyhinədirlər. Məlumdur ki, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması üçün Konstitusiyada dəyişiklik edilməlidir. Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddia var, həmin bənd oradan çıxarılmalıdır. Bunu tez etmək lazımdır ki, sülh sazişi tez imzalansın”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir" | Kaspi.az

E.Şahinoğlu qeyd edib ki, bu halda Azərbaycanla yanaşı, Türkiyə də Ermənistanla sərhədi açacaq və bölgədə sülh təmin olunacaq: “Rəsmi Bakı Paşinyanı tələsdirmir. Çünki Azərbaycan hakimiyyəti Paşinyanın mürəkkəb vəziyyətdə olduğunu anlayır. Paşinyanın hakimiyyətini gücləndirməsi və onun radikal müxalifətin təxribatlarının qarşısını alması Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan Ermənistana satdığı yanacağın həcmini artırıb. Rusiya və Qazaxıstan taxılının, digər məhsullarının Azərbaycan ərazisindən nəqli davam edir. Bunlar Paşinyanın erməni cəmiyyətində mövqelərini daha da möhkəmləndirməlidir. Ermənistan vətəndaşları Azərbaycanla sülhün ölkələri və onların özləri üçün əhəmiyyətini anlamalıdırlar”.

Politoloq əlavə edib ki, İrəvan sülh sazişi imzalamayana qədər Azərbaycan Ermənistana yanacaq satmaya, o cümlədən Rusiya və Qazaxıstan məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verməyə də bilər: “Buna kimsə etiraz etməz. Ancaq Azərbaycan xoş niyyətini göstərməklə bölgədə sülh və əməkdaşlığa marağını ortaya qoyub”.


MANŞET XƏBƏRLƏRİ