İnformasiya müasir dünyanın ən güclü təsir vasitələrindən birinə çevrilib. Əgər bir vaxtlar dövlətlərin qüdrəti hərbi və iqtisadi imkanları ilə ölçülürdüsə, bu gün həmin göstəricilərə informasiya axınının idarə edilməsi də daxildir. Özəlliklə texnoloji tərəqqinin şərtləndirdiyi rəqəmsal platformaların sürətli inkişafı informasiyanın yayılmasını xeyli asanlaşdırıb. Bununla belə, qeyd olunan tendensiyanın həm də dezinformasiyanın arealını genişləndirməsi artıq ictimai sabitliyə, insanların təhlükəsizliyinə və dövlətlərin informasiya mühitinə ciddi risklər yaratmaqdadır. Belə bir şəraitdə dezinformasiya axınının məhdudlaşdırılması üçün bəzi amillərin, o cümlədən, qanunvericiliyin rolu daha çox aktuallıq kəsb edir.
Nəzərə almaq lazımdır ki, dezinformasiya ilə bağlı əsas çətinliklərdən biri onun sürətlə yayılmasıdır. Təsəvvür edin, sosial şəbəkələrdə yayılan saxta bir xəbəri çox qısa müddətdə milyonlarla insan oxuya bilir. Oxucuların həmin informasiyaya emosional reaksiyası isə bu prosesi daha da sürətləndirir. Bu da təsadüfi deyil. Çünki insanlarda qorxu və aqressiya yaradan sensasiya xarakterli məlumatlara maraq hər zaman böyük olur. Belə bir gedişat isə cəmiyyət üçün təhlükəli nəticələrə yol aça bilər. Saxta xəbərlər xüsusilə həssas dönəmlərdə təşviş və panikanı gücləndirir, cəmiyyətin etimadını zədələyir.
Ona görə də bir çox ölkələrin dezinformasiya ilə mübarizə çərçivəsində hüquqi baza və mexanizmləri təkmilləşdirməyə çalışmaları təbii qarşılanmalıdır. Bu istiqamətdə atılan addımlar sadəcə yalan məlumatların miqyasını məhdudlaşdırmaq yox, həm də informasiya təhlükəsizliyini qorumağa xidmət edir. Əks halda, dezinformasiya mənbələrinin manipulyasiya imkanları artmaqda davam edər.
Əksər media ekspertlərinə görə, müasir qanunvericilikdə əsas istiqamətlərdən biri rəqəmsal platformaların məsuliyyətinin artırılmasıdır. Xatırladaq ki, sosial şəbəkələr uzun müddət özlərini yalnız “platforma” kimi tanıdaraq yayılan kontentin məsuliyyətindən kənarda qalmağa çalışırdılar. Amma son illərin praktikası birmənalı şəkildə göstərdi ki, geniş kütlələrin informasiya qavrayışına təsir imkanına malik olan platformalar tam məsuliyyətsiz qala bilməzlər. Bu səbəbdən, bir çox ölkələr sosial media şirkətlərinin saxta məlumatların daha operativ şəkildə məhdudlaşdırılmasını təmin etmələri üçün hərəkətə keçiblər.
Sosial şəbəkələrin fəaliyyəti ilə əlaqədar mühüm məsələlər sırasında anonimlik problemi xüsusi yer tutur. Məlumdur ki, saxta hesablar və bot şəbəkələri sosial mediada dezinformasiyanın geniş yayılmasında başlıca vasitələrdən birinə çevrilib. Hətta bəzi hallarda saxta hesabların koordinasiyalı şəkildə apardıqları informasiya hücumları ictimai rəyə ciddi təsir göstərir.
O baxımdan, qanunvericiliyin bu sahədə şəffaflığın artırılmasına və manipulyativ fəaliyyətlərin aşkarlanmasına yönəlməli olduğuna dair fikirlər müxtəlif səviyyələrdə dəstəklənir. Bununla yanaşı, belə hesab edilir ki, hüquqi mexanizmlərin tətbiqi problemin birdəfəlik həlli üçün yetərli deyil. Çünki dezinformasiyanın əsas hədəfi insan düşüncəsidir və cəmiyyətin savadlılığı istənilən səviyyədə deyilsə, fərdlər informasiyanı düzgün dəyərləndirməyi bacarmırlarsa, o halda yalnız qadağalarla nəticə əldə etməyin mümkünlüyü şübhə doğurur. Buna görə də qanunvericiliyin təkmilləşdirilməsi kimi, maarifləndirmə və media savadlılığının artırılması prioritet olmalıdır. Eyni zamanda, qanunvericiliklə bağlı istənilən təşəbbüs ölkənin həm informasiya təhlükəsizliyini təmin etməli, həm də sağlam media mühitini qorumalıdır.
Əslində, bu sahədə effektiv qanunvericilik bazasının formalaşdırılması cəza mexanizmindən daha çox qoruyucu sistemin yaradılması anlamına gəlir. Məqsəd cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaqdır. Şübhəsiz, insanların doğru məlumata çıxışı nə qədər asan olarsa, dezinformasiyanın təsiri də bir o qədər zəifləyər.
Aydın məsələdir ki, çağdaş dünyada informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir. Ona görə də qanunvericiliyin rolu yalnız hüquqi nəzarətin tətbiqi ilə məhdudlaşmır. O, həmçinin cəmiyyətin informasiya dayanıqlılığını möhkəmləndirən əsas mexanizmlərdən biri kimi çıxış edir.
Müzakirə olunan mövzunun ciddi aktuallıq qazandığını vurğulayan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, ölkədə dezinformasiya ilə mübarizə məsələsi son illərdə milli təhlükəsizlik, informasiya suverenliyi və media siyasətinin əsas istiqamətlərindən birinə çevrilib:
“Xüsusilə də regional geosiyasi proseslər, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi, hibrid müharibə metodlarının aktivləşməsi və xarici informasiya təsirlərinin artması bu sahədə hüquqi və institusional mexanizmlərin gücləndirilməsini zəruri edib. Hazırda dezinformasiya yalnız media problemi deyil, dövlətin təhlükəsizliyi, ictimai sabitlik və milli maraqlarla birbaşa bağlı məsələ kimi qiymətləndirilir. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycanın informasiya məkanına qarşı təşkil olunan manipulyativ kampaniyalar göstərdi ki, saxta xəbərlər və koordinasiyalı informasiya hücumları siyasi proseslərə təsir göstərmək, ictimai rəyə yön vermək və dövlət institutlarına etimadı zəiflətmək məqsədi daşıyır.
Bu baxımdan, son illərdə Azərbaycan öz informasiya təhlükəsizliyi konsepsiyasını daha sistemli şəkildə formalaşdırmağa başlayıb. Dövlət qurumlarının operativ məlumatlandırma siyasəti, rəsmi informasiya resurslarının aktivləşdirilməsi, media savadlılığı təşəbbüsləri və peşəkar jurnalistikanın dəstəklənməsi bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır”.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda dezinformasiyaya qarşı mübarizənin əsas hüquqi çərçivəsini “Media haqqında” qanun təşkil edir:
“Bu qanun media fəaliyyətinin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir, informasiyanın hazırlanması və yayılmasına dair prinsipləri tənzimləyir. Son illər qanunvericilikdə edilən dəyişikliklər dezinformasiyaya qarşı mübarizədə yeni mərhələ hesab oluna bilər. Dəyişikliklərdə ilk dəfə olaraq media subyektlərinin saxta məlumatların dərcinə və yayımına yol verməməsi barədə ayrıca norma nəzərdə tutulur. Məqsəd isə informasiya məkanında mənbəyi məlum olmayan, manipulyativ və həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısını almaqdır.
Qanunvericilik təşəbbüsünün əsas ideyası peşəkar media ilə qeyri-peşəkar və anonim informasiya resurslarının fərqləndirilməsindən, eləcə də jurnalistikanın etik standartlarının və faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsindən ibarətdir”.
Millət vəkili hesab edir ki, qanunvericilik bazasının formalaşdırılması mühüm addım olsa da, dezinformasiya ilə mübarizənin effektivliyi ilk növbədə tətbiq mexanizmlərindən asılıdır:
“Bu sahədə ən önəmli məqam operativ fakt yoxlama sistemlərinin inkişafıdır. Dünyanın bir sıra ölkələrində həyata keçirilən tədqiqatlar göstərir ki, dezinformasiyanın qarşısının alınmasında yalnız sonradan təkzib vermək kifayət etmir, burada əsas məsələ yanlış məlumatın yayılma sürətini azaltmaqdır”.
O, dezinformasiyanın əsas yayılma məkanının ənənəvi media deyil, sosial şəbəkələr olduğunu vurğulayıb:
“Buna görə də dövlət qurumları, media institutları və platformalar arasında koordinasiya mexanizmlərinin yaradılması da vacibdir. Son illərdə Türkiyə, Fransa, Almaniya və digər ölkələr də dezinformasiyaya qarşı xüsusi hüquqi mexanizmlər formalaşdırıblar. Azərbaycanda qəbul edilən dəyişikliklərdə də bu təcrübələr müəyyən qədər nəzərə alınır. Lakin Azərbaycan modelinin əsas fərqi ondan ibarətdir ki, ölkəmizdə həyata keçirilən tədbirlər ilk növbədə milli informasiya təhlükəsizliyinin qorunması kontekstində qiymətləndirilir”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.