İran Xarici İşlər Nazirliyinin sözçüsü və danışıqlar heyətinin nümayəndəsi İsmayıl Bekayi ölkənin xaricdə dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı iddialara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Tehranda keçirdiyi həftəlik mətbuat konfransında çıxış edən Bekayi, dondurulmuş vəsaitlərin yalnız müəyyən məhsulların alınmasına yönəldiləcəyi barədə məlumatları təkzib edib.
Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin istifadəsinə dair hər hansı məhdudiyyət mövcud deyil.“Dondurulmuş aktivlərlə bağlı heç bir məhdudiyyət yoxdur. Bu vəsaitlər ölkənin maraqlarına və ehtiyaclarına uyğun şəkildə istifadə olunacaq”, – deyə Bekayi bildirib.
İran rəsmisi həmçinin İsveçrədə aparılan danışıqlar zamanı Rafael Mariano Grossi ilə görüş keçirilmədiyini açıqlayıb.
Bekayi əlavə edib ki, International Atomic Energy Agency (BAEA) tərəfindən ABŞ və İsrailin hücumları nəticəsində zərər gördüyü bildirilən nüvə obyektlərində yoxlamaların başlanması ilə bağlı hazırda hər hansı proqram və ya plan mövcud deyil.
İran rəsmisinin açıqlamaları ölkənin maliyyə resurslarının idarə olunması və nüvə proqramı ətrafında davam edən beynəlxalq müzakirələr fonunda səsləndirilib.
Aytən Yaşar/ Turkustan.az