Latviya kəşfiyyat orqanları Rusiyanın Ukraynaya dəstəyi zəiflətmək məqsədilə Baltikyanı ölkələrə və ya Polşaya qarşı hibrid xarakterli təxribatlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, bu barədə Latviya kəşfiyyatının nümayəndələri "Fox News"a açıqlamalarında bildiriblər.
Kəşfiyyat rəsmilərinin sözlərinə görə, hazırda Rusiyanın genişmiqyaslı hərbi əməliyyat aparmaq imkanları məhdud olsa da, raketlər, pilotsuz uçuş aparatları (PUA) və digər vasitələrdən istifadə etməklə hibrid hücumlar təşkil etməsi ehtimalı istisna edilmir.
Latviya kəşfiyyatı hesab edir ki, belə addımların əsas məqsədi NATO üzvü ölkələrə mesaj göndərmək və onları Ukraynaya dəstəyi azaltmağa məcbur etmək ola bilər.
Kəşfiyyat nümayəndələri xüsusilə Rusiya Prezidenti Vladimir Putin tərəfindən mümkün yanlış qərarların qəbul olunması riskinə diqqət çəkiblər.
Onların fikrincə, Kremlin rəhbərliyinə təqdim olunan məlumatların obyektiv olmaması və ətrafındakı şəxslərin yalnız onun eşitmək istədiyi məlumatları çatdırması səhv hesablamalar ehtimalını artırır.
Latviya kəşfiyyatı vurğulayıb ki, məhz bu amil regionda təhlükəsizlik risklərini daha da yüksəldə bilər.
Aytən Yaşar/ Turkustan.az