Yurdun səsi susmur, yurda aparan yolun xəritəsi çəkilir


Bəzən bir saz havası insanı onilliklər əvvələ aparır. Bəzən bir kənd adı, bir dağ silsiləsi, bir bulaq xatirəsi yaddaşın ən dərin qatlarında gizlənmiş nisgili oyadır. Elə nisgillər var ki, onlar təkcə bir insanın yox, bütöv bir xalqın taleyinə çevrilir. Qərbi Azərbaycan həsrəti də belə nisgillərdəndir. Bu həsrət yalnız itirilmiş torpaqların ağrısı deyil, ata ocağından didərgin salınmış insanların yarımçıq qalmış ömür hekayələri, susdurulmuş xatirələri və zaman-zaman qəlblərdə közərən qayıdış arzularıdır.

Azərbaycan xalqı uzun illər ərzində öz doğma yurdlarından zorla qoparılmış yüz minlərlə soydaşının taleyini ürəyində daşıdı. İrəvanın küçələri, Göyçənin gölləri, Dərələyəzin yaylaqları, Zəngəzurun dağları, Ağbabanın kəndləri, Vedinin bağları və Qarakilsənin yurd yerləri insanların yaddaşında yaşadı, nəğmələrdə yaşadı, dualarda yaşadı. Bu yerlərdən uzaq düşən nəsillər övladlarına yalnız evlərinin açarlarını deyil, həm də bir gün qayıdacaqları torpaqların adlarını miras qoydular. Bu gün həmin miras artıq təkcə xatirələrdə yaşamır. O, dövlət siyasətinin mühüm istiqamətinə, milli ideyanın ayrılmaz hissəsinə çevrilib. Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində keçirilən “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı da məhz bu böyük ideyanın mənəvi ifadəsi kimi yadda qaldı. Bu tədbir sadəcə bir festival deyildi. Bu, yurd həsrətinin musiqiyə, tarixə, mədəniyyətə və milli yaddaşa çevrilmiş təzahürü idi. Burada qurulan hər çadır, nümayiş etdirilən hər eksponat, səslənən hər aşıq havası bir xalqın yaddaş kitabının növbəti səhifəsi kimi görünürdü.

Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festival əslində mühüm bir həqiqəti bir daha nümayiş etdirdi: xalqın yaddaşından silinməyən torpaq gec-tez yenidən öz sahibini çağırır. Festival məkanına daxil olan hər kəs ilk növbədə sanki bir mənəvi səfərə çıxırdı. Burada Qərbi Azərbaycanın müxtəlif mahallarını əks etdirən guşələr sadəcə dekorativ elementlər deyildi. Onlar tarixin canlı şahidləri idi. Hər guşədə bir mahalın nəfəsi duyulur, hər sərgidə bir yurdun izi görünürdü. İrəvanın, Göyçənin, Dərələyəzin, Zəngəzurun və digər bölgələrin mədəni irsini əks etdirən nümunələr sanki insanlara bir daha xatırladırdı ki, tarix yalnız arxivlərdə yaşamır, o həm də xalqın yaddaşında yaşayır. Aşıq havalarının sədası altında dolaşan insanlar bir daha anlayırdılar ki, Qərbi Azərbaycan məsələsi yalnız siyasi və hüquqi məsələ deyil. Bu, həm də mənəvi yaddaş məsələsidir. Çünki bir xalqın torpağa bağlılığı ilk növbədə onun mədəniyyətində, folklorunda, musiqisində və həyat tərzində əks olunur. Məhz buna görə də festival boyu nümayiş etdirilən qədim sənətkarlıq nümunələri, milli adətlər, folklor örnəkləri və etnoqrafik sərgilər xüsusi əhəmiyyət daşıyırdı. Burada nümayiş olunan hər bir eksponat sübut edirdi ki, Qərbi Azərbaycan torpaqları Azərbaycan xalqının minilliklər boyu yaşadığı, yaratdığı və öz möhürünü vurduğu qədim yurd yerləridir. Festivalın ən mühüm cəhətlərindən biri isə onun təkcə keçmişə deyil, gələcəyə yönəlməsi idi.

Uzun illər ərzində Qərbi Azərbaycan mövzusu əsasən tarixi ədalətsizliklərin xatırlanması müstəvisində təqdim olunurdu. Bu gün isə vəziyyət fərqlidir. Artıq söhbət yalnız keçmişdən deyil, gələcəkdən gedir. Artıq söhbət yalnız itirilmiş yurdlardan deyil, həmin yurdlara qayıdış perspektivindən gedir. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli festivalda çıxışı zamanı məhz bu reallığa diqqət çəkdi. O vurğuladı ki, rəhbərlik etdiyi qurum deportasiyalara və etnik təmizləməyə məruz qalmış milyonlarla soydaşımızı və onların varislərini birləşdirən təşkilatdır. İcmanın əsas məqsədi həmin insanların öz ata-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Bu fikirlər əslində son illərdə formalaşan yeni siyasi mərhələnin mahiyyətini ifadə edir. Çünki Qərbi Azərbaycana qayıdış artıq emosional arzu olmaqdan çıxaraq beynəlxalq hüquqa söykənən siyasi məqsədə çevrilib. Bu məqsədin əsasını isə tarixi həqiqətlər, insan hüquqları və ədalət prinsipləri təşkil edir. Əziz Ələkbərlinin xatırlatdığı kimi, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında etdiyi tarixi çıxış bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Həmin çıxışla Qərbi Azərbaycana qayıdış məsələsi dövlət səviyyəsində milli hədəf kimi müəyyənləşdirildi və milyonlarla insanın qəlbində yaşayan ümid daha da gücləndi. Bu gün həmin ümid artıq tək deyil. Onun arxasında güclü Azərbaycan dövləti, qalib xalq və tarixi Zəfərin yaratdığı yeni geosiyasi reallıq dayanır.

Festivalda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov da bu reallığa diqqət çəkərək bildirdi ki, Prezident İlham Əliyevin müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir və ölkədə keçirilən çoxsaylı tədbirlər bu böyük məqsədə xidmət edir. Əslində bu fikir xüsusi diqqətə layiqdir. Çünki tarix göstərir ki, böyük qayıdışlar ilk növbədə insanların düşüncəsində başlayır. İnsan əvvəlcə yaddaşına qayıdır, sonra torpağına qayıdır. İnsan əvvəlcə öz kimliyini yenidən kəşf edir, sonra yurduna qovuşur. Göygöldə keçirilən festival da məhz belə bir mənəvi qayıdışın təcəssümü idi. Burada iştirak edən gənclərin çoxu bəlkə də heç vaxt Göyçəni görməyib, İrəvan küçələrində gəzməyib, Dərələyəzin yaylaqlarında olmayıb. Amma onlar həmin yerləri tanıyırlar. Çünki bu torpaqlar onların yaddaşına ailə söhbətləri, nənə xatirələri, aşıq havaları və milli tarix vasitəsilə hopub. Məhz buna görə də festivalın sonunda səslənən “Yurdun səsi” konsert proqramı adi musiqi tədbiri təsiri bağışlamırdı. O səslər təkcə musiqi deyildi. Onlar bir xalqın keçmişdən gələcəyə uzanan çağırışı idi.

Bu gün Qərbi Azərbaycana qayıdış ideyası artıq yalnız deportasiya qurbanlarının arzusu deyil. Bu, bütöv Azərbaycanın milli iradəsinin ifadəsidir. Qarabağda və Şərqi Zəngəzurda əldə olunan möhtəşəm Zəfər sübut etdi ki, xalqın iradəsi, dövlətin gücü və tarixi ədalət bir araya gələndə ən çətin görünən məqsədlər belə gerçəyə çevrilir. Bir zamanlar işğaldan azad olunmuş Şuşada, Laçında, Kəlbəcərdə yenidən həyatın bərpa olunacağına inanmayanlar vardı. Amma bu gün həmin torpaqlarda həyat yenidən canlanır. Evlər tikilir, yollar çəkilir, məktəblər açılır, insanlar doğma yurdlarına qayıdırlar. Bu reallıq Qərbi Azərbaycana qayıdış ideyasının da ən böyük mənəvi dayağıdır. Çünki tarix sübut edib ki, Azərbaycan xalqı öz haqq mübarizəsindən heç vaxt vaz keçmir. Onun yaddaşı da güclüdür, iradəsi də. Bu xalq doğma torpaqlarını unutmadığı kimi, o torpaqlara aparan yolu da unutmur. Göygöldə keçirilən “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı məhz bu yolun mənəvi xəritəsinə çevrildi. Burada səslənən saz havalarında da, nümayiş olunan eksponatlarda da, edilən çıxışlarda da eyni fikir yaşayırdı: Qərbi Azərbaycan sadəcə keçmiş deyil. Qərbi Azərbaycan həm də gələcəkdir. Və o gələcəkdə Göyçənin sahillərində, Dərələyəzin yaylaqlarında, Zəngəzurun dağlarında, İrəvanın qədim məhəllələrində yenidən Azərbaycan dilində danışan, Azərbaycan mahnıları oxuyan, öz ata-baba yurduna qovuşmuş insanların səsi eşidiləcək. Çünki yaddaşını qoruyan xalqın qayıdış yolu heç vaxt bağlanmır. O yol bəzən uzun olur, bəzən çətin olur, amma mütləq öz mənzilinə çatır. Qərbi Azərbaycana aparan yol da artıq yalnız həsrətin yolu deyil. O, inamın, ədalətin və tarixi qayıdışın yoludur.

Qalib Rəhimli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ