Türkiyənin xarici işlər naziri Hakan Fidan 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO Zirvə Görüşü ilə bağlı danışarkən bildirib ki, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın rolu olmasaydı, ABŞ prezidenti Donald Trampın sammitdə iştirakı sual altında qalardı.
Turkustan.az xəbər verir ki, Fidan bu fikirləri Rusiyaya səfəri çərçivəsində Türkiyə mətbuatına verdiyi açıqlamada səsləndirib. O, səfər zamanı keçirilən görüşlərin Türkiyə ilə Rusiya arasında həm ikitərəfli münasibətlər, həm də regional məsələlər üzrə əməkdaşlığın davam etdiyini göstərdiyini vurğulayıb.
Nazirin sözlərinə görə, tərəflər arasında ciddi fikir ayrılıqlarına və ya münasibətlərə mənfi təsir göstərən problemlərə rast gəlinməyib. Hər iki ölkə mümkün olan bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Fidan qeyd edib ki, Ankara və Moskva arasında qarşılıqlı səfərlər davam edir və münasibətlərin ümumi xəttində hər hansı dəyişiklik müşahidə olunmur.
Görüşlərin məzmununa toxunan nazir bildirib ki, tərəflər mürəkkəb və həssas məsələləri açıq şəkildə müzakirə edib, mövqelərini qarşılıqlı şəkildə çatdırıblar.
“Ruslarla xüsusi əməkdaşlıq modeli formalaşdırmışıq. Müəyyən sahələrdə ciddi fikir ayrılıqlarımız olsa da, əməkdaşlıq etməyin və qarşılıqlı etimadı qorumağın yollarını tapmışıq. Hər iki ölkənin liderləri öz dövlətlərinin maraqlarını müəyyən prinsiplər çərçivəsində müdafiə edir və konstruktiv yanaşmaya açıqdırlar”, – deyə Fidan vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az