İran Parlamentinin sədri və danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf ABŞ və İsrailin müharibənin əvvəlində qarşılarına qoyduqları məqsədlərə nail ola bilmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, ABŞ və İran arasında yekun razılaşmaya nail olunması üçün 60 günlük danışıqlar müddətini nəzərdə tutan 14 maddəlik sənədin təfərrüatlarının açıqlanmasından sonra Qalibaf müsahibə verib.
Qalibaf müsahibəsində ABŞ və İsrailin müharibənin əvvəlində müəyyən etdiyi doqquz məqsədin həyata keçirilməsinə imkan vermədiklərini vurğulayıb.
“Biz dünyanın ən güclü siyasi, iqtisadi və hərbi qüvvələri ilə qarşı-qarşıya qaldıq. Bu müharibənin təsirləri yalnız regionla məhdudlaşmırdı, onun qlobal nəticələri var idi. Hadisələr regional xarakter daşısa da, təsirləri beynəlxalq səviyyədə hiss olunurdu. ABŞ və İsrailin müharibənin əvvəlində qarşıya qoyduğu doqquz məqsədə çatmasına imkan vermədik. Biz ABŞ-ı və sionist rejimi məğlub etdik”, – deyə Qalibaf bildirib.
Aytən Yaşar/ Turkustan.az