Xuraman Muradova: Ulu Öndər Heydər Əliyev dühasına söykənən Milli Qurtuluş müasir Azərbaycanın sabitlik yolunun təməlidir


Azərbaycanın müasir inkişaf mərhələsi və dövlətçilik təcrübəsi bir daha göstərir ki, Milli Qurtuluş Günü yalnız tarixi-siyasi dönüş deyil, həm də milli dövlətin xilası və gələcək strateji inkişaf xəttinin müəyyənləşməsi baxımından həlledici mərhələdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Dünyası Qadın Şairlər Birliyinin sədri, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova bildirib.

Qeyd edib ki, bu böyük tarixi prosesin ideoloji və siyasi əsasını Ümummilli Lider Heydər Əliyevin müdrik dövlətçilik fəlsəfəsi təşkil edir. 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dərin böhran, siyasi xaos və parçalanma təhlükəsindən xilas edərək Azərbaycan dövlətçiliyini real məhvolma riskindən qorudu və sabit inkişaf yoluna çıxardı.

Milli Qurtuluşun tarixi əhəmiyyəti onunla ölçülür ki, bu mərhələ Azərbaycan dövlətinin hüquqi, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasına yol açdı. Dövlət institutlarının möhkəmləndirilməsi, qanunçuluğun bərqərar olunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və milli həmrəyliyin gücləndirilməsi məhz bu dövrdən etibarən sistemli xarakter aldı.

Ulu Öndərin strateji baxışında Türk dünyası ilə əlaqələrin inkişafı xüsusi yer tutur. Ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan bu siyasət Azərbaycanın Türk dövlətləri arasında mühüm körpü rolunu gücləndirdi və ölkəmizi regional inteqrasiyanın fəal iştirakçısına çevirdi.

Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilərək Azərbaycanı Türk Dövlətləri Təşkilatı çərçivəsində nüfuzlu və aparıcı dövlətlərdən birinə çevirib.

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları üzərində yüksələn, sabitlik və inkişafı təmin edən, beynəlxalq aləmdə nüfuzu artan bir dövlətdir. Milli Qurtuluşdan başlayan bu tarixi yol ölkəmizi güclü dövlətçilik modelinə və Türk dünyasında strateji mövqeyə sahib ölkəyə çevirib. Ulu Öndər Heydər Əliyev dühası Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının ən möhkəm təminatıdır.


MANŞET XƏBƏRLƏRİ