ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter Ukrayna xüsusi xidmət orqanlarının onun yerini müəyyənləşdirərək fiziki cəhətdən aradan götürülməsini hədəf seçdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə Rusiyanın işğalı altında olan Donetskdə keçirilən kitab təqdimatı zamanı danışıb.
Ritterin sözlərinə görə, onun məhv edilməsi üçün aparıldığı iddia olunan əməliyyat ABŞ Konqresi və Senatı tərəfindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir. O bildirib ki, bu vəsaitlər faktiki olaraq amerikalı vergi ödəyicilərinin cibindən çıxır.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, Kiyev onu rəsmi şəkildə “informasiya terrorçusu” hesab edir.
Ritter çıxışı zamanı özünün qadağan olunmuş terror təşkilatlarından birinin üzvləri ilə eyni kontekstdə təqdim edilməsinə də diqqət çəkib. Onun sözlərinə görə, paradoks ondan ibarətdir ki, ABŞ vətəndaşlarının ödədiyi vergilər onun “terrorçu” kimi təqdim edilməsi fonunda ona qarşı fəaliyyətə yönəldilir.
Skott Ritter daha əvvəl də dəfələrlə Vaşinqtonun və Kiyevin siyasətini tənqid edən çıxışları ilə gündəmə gəlib./publika.az