ABŞ və İran sülhün bir addımlığında: İsrail buna mane ola bilərmi? - ŞƏRH


Yaxın Şərqdə son aylarda artan gərginlikdən sonra ABŞ və İran arasında əldə olunan razılaşma regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Tərəflər ilkin anlaşmaya varsalar da, proses hələ yekunlaşmayıb və sülh sazişinin yaxın günlərdə imzalanacağı gözlənilir.

Razılaşma beynəlxalq ictimaiyyət tərəfindən əsasən müsbət qarşılansa da, İsrail buna birmənalı yanaşmır. Təl-Əviv İranın nüvə proqramı və regional fəaliyyətləri ilə bağlı narahatlıqlarının tam nəzərə alınmadığını düşünür. Buna baxmayaraq, tərəflər arasında dialoqun davam etdirilməsi və Hörmüz boğazında sabitliyin bərpası istiqamətində səylər sürdürülür.

Analitiklərin fikrincə, hazırkı anlaşma yekun sülhdən çox, daha geniş və mürəkkəb danışıqlar prosesinə keçid mərhələsidir.

Maraqlıdır görəsən, bu dəfə ABŞ-İran sülh sazişi baş tutacaqmı? İsrail bu sülh prosesinə mane ola bilərmi? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov: "Gürcüstanda hakimiyyət dəyişikliyi bütün bölgəyə təsir  edəcək"

Oqtay Qasımov

ABŞ və İran arasında anlaşmanın imzalanması bu dəfə daha real görünür. Çünki tərəflərin mövqelərinə diqqət yetirdikdə hər iki tərəfin verdiyi mesajlardan belə nəticə çıxır ki, prinsip etibarilə Vaşinqton və Tehran mövqelərini müəyyən qədər yaxınlaşdırıblar və sənəd yaxın günlərdə imzalana bilər.

Əlbəttə, əvvəlki dövrlərdə də, xüsusilə ABŞ tərəfindən buna bənzər açıqlamaların şahidi olmuşuq. Lakin sonda tərəflər müxtəlif səbəblərdən razılığa gələ bilməmişdilər. Bu prosesə mane olan amillərdən biri kimi İsrail faktorunu da qeyd etmək olar. Son günlər yayılan məlumatlardan sonra İran tərəfi İsrailə qarşı cavab addımları ata biləcəyini bəyan edib. Beləliklə, bir tərəfdən İran və İsrail arasında gərginlik davam edir, digər tərəfdən isə ABŞ və İran arasında müəyyən yaxınlaşma müşahidə olunur və ən azı məhdud çərçivədə anlaşmanın əldə olunması ehtimalı artır.

Şübhəsiz ki, iki ölkə arasında razılaşmanın əldə olunması həm tərəflərin, həm də ümumilikdə regionun və dünyanın maraqlarına uyğun olardı. Lakin bu məsələdə İsrail faktorunu nəzərdən qaçırmaq olmaz. İsrail İranla bu formada anlaşmanın tərəfdarı kimi görünmür və prosesə təsir göstərməyə çalışa bilər. Bununla yanaşı, Donald Trump və Benyamin Netanyahu arasında son dövrlərdə müəyyən fikir ayrılıqlarının olduğu da sirr deyil. Yayılan məlumatlar göstərir ki, ABŞ öz maraqlarını daha qabarıq şəkildə ön plana çıxarmağa çalışır ki, bu da İsrail tərəfində müəyyən narazılıq yaradır.

Bütün hallarda, mümkün anlaşmanın əldə olunması problemin tam həlli anlamına gəlmir. Hələlik sənəd rəsmi şəkildə açıqlanmayıb və tərəflərin hansı məsələlər üzrə razılığa gəldiyi tam aydın deyil. Lakin əvvəlki məlumatlardan belə görünür ki, tərəflər ilkin mərhələdə Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, qarşılıqlı gərginliyin azaldılması və hücum xarakterli addımlardan çəkinilməsi kimi məsələlərdə ortaq mövqe formalaşdırmağa çalışırlar. Sanksiyaların aradan qaldırılması, iqtisadi məhdudiyyətlərin yumşaldılması və İranın nüvə proqramı ilə bağlı məsələlərin isə daha uzun müzakirələr tələb etdiyi görünür.

Ümid edək ki, bu anlaşma baş tutacaq və regionda gərginliyin azalmasına töhfə verəcək. Ancaq sənəd rəsmi şəkildə imzalanana qədər prosesin nəticələri barədə tam əminliklə danışmaq hələ tezdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ