Fransa və Böyük Britaniya Hörmüzdə yeni missiyaya başlaya bilər


Fransa Prezidenti Emmanuel Makron bildirib ki, G7 ölkələri ABŞ və İran arasında əldə olunan razılaşmanın icrasına dəstək vermək və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması üçün birgə fəaliyyət göstərəcəklər.

Turkustan.az xəbər verir ki, Makron TF1 telekanalına müsahibəsində həm cari beynəlxalq gündəm, həm də 15–17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçiriləcək G7 Liderlər Zirvəsi ilə bağlı fikirlərini bölüşüb.

ABŞ və İran arasında əldə edilən razılaşmanı müsbət addım kimi qiymətləndirən Fransa lideri bildirib ki, G7 çərçivəsində İran məsələsi ayrıca müzakirə olunacaq.

“Bu razılaşmanın həyata keçirilməsini və Hörmüz boğazında dinc gəmiçiliyin bərpasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Makron vurğulayıb.

O, Hörmüz boğazından keçid üçün tranzit haqqının tətbiq edilməsinə qarşı olduğunu bildirərək, belə bir addımın beynəlxalq hüquqa zidd olacağını qeyd edib.

Makronun sözlərinə görə, Fransa həm tranzit rüsumlarının qarşısını almağa, həm də alternativ enerji və tədarük marşrutları yaradaraq boğazdan asılılığı azaltmağa çalışacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ