ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs bölgədə gərginliyin azalacağına dair ümidləri artırsa da, hadisələrin son inkişafı bu razılaşmanın nə qədər kövrək olduğunu göstərir.
İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi atəşkəsin şərtlərinin pozulması kimi qiymətləndirilir və bu vəziyyət Tehran tərəfindən ciddi narazılıqla qarşılanır.
Məlumata görə, tərəflər arasında yalnız iki həftəlik şərti atəşkəs razılaşdırılıb və bu müddət ərzində danışıqların aparılması planlaşdırılır. Lakin ABŞ-ın İranın nüvə proqramı və raket imkanlarının məhdudlaşdırılmasını tələb edən 15 maddəlik planı ilə Tehranın sanksiyaların ləğvini və regional təhlükəsizlik zəmanətlərini ehtiva edən 10 maddəlik təklifi arasında ciddi fikir ayrılıqları qalmaqdadır
Maraqlıdır görəsən, ABŞ İranın tələbləri ilə razılaşacaqmı? Müharibə tezliklə bitə bilərmi? Turkustan.az bu sualları politoloq Əziz Əlibəyliyə ünvanladı.

Əziz Əlibəyli
Hazırda bölgədə formal olaraq atəşkəs müşahidə olunsa da, vəziyyət tam sabit deyil və bu sakitlik daha çox müvəqqəti xarakter daşıyır.
Bu atəşkəs tərəflər arasında real və davamlı razılaşmadan çox, sanki növbəti hərbi mərhələyə hazırlıq üçün yaranmış fasilə təsiri bağışlayır. Gərginliyin əsas səbəbləri aradan qalxmadığı üçün vəziyyət istənilən an yenidən alovlana bilər.
Son dövrlərdə İsrail tərəfindən hərbi fəaliyyətlərin artması və xüsusilə Livan istiqamətində əməliyyatların genişləndirilməsi ilə bağlı məlumatlar bu ehtimalları daha da gücləndirir.
Digər tərəfdən, İran tərəfindən mümkün cavab addımları ilə bağlı xəbərlər regionda daha genişmiqyaslı qarşıdurma riskini artırır. Bu isə göstərir ki, mövcud atəşkəs uzunmüddətli sülh demək deyil, sadəcə gərginliyin qısa müddətli səngiməsi və müharibəyə daha ciddi hazırlıq mərhələsidir".
Aytən Yaşar/ Turkustan.az