ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasına əsasən, İran “bütün nüvə materiallarını gecikmədən ölkədən çıxarmalıdır”.
Turkustan.az xəbər verir ki, Heqset bu açıqlamanı Pentaqonda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir ABŞ-İsrail hücumlarını “həlledici hərbi qələbə” kimi qiymətləndirərək bildirib ki, razılaşmanın şərtlərinə görə İranın sahib olmamalı olduğu nüvə materialları dərhal ölkədən çıxarılacaq.
O həmçinin vurğulayıb ki, ABŞ ordusu bölgəni tərk etməyəcək və lazım gələrsə əlavə hərbi addımlar ata bilər: “İranın atəşkəsə əməl etməsini təmin edəcəyik və nəticədə danışıqlar yolu ilə razılığa gələcəyik”.
Heqset atəşkəsi dünya sülhü üçün mühüm addım adlandıraraq, bu razılaşmanın ABŞ hərbi əməliyyatlarından sonra İran tərəfindən tələb olunduğunu iddia edib. Onun sözlərinə görə, Tehran bu razılaşmanın nüvə silahına sahib olmamaq anlamına gəldiyini anlayır.
Nazir əlavə edib ki, İran danışıqlarda səhv qərar verərsə, bu, ABŞ üçün yeni hərbi hədəflər yarada bilər. O, İranın malik olduğu nüvə materiallarının nə olduğunu bildiklərini və onların təhvil verilməli olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az