ABŞ və İsrailin İrana hücumları regionda hərbi əməliyyatların daha da genişlənməsinə səbəb olub. Bildirilir ki, hətta prosesə başqa ölkələr də qoşula bilər.
Münaqişənin 7 günü necə qiymətləndirilir? Növbəti günlərlə bağlı ehtimallar nədən ibarətdir?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu müharibə ilk gündən İranın intensiv raket və PUA zərbələri ilə müşayiət olunurdu:
“Lakin son günlərin dinamikasına diqqət yetirsək, ABŞ və İsrailin hava zərbələrinin sayında artım olduğunu, İranın isə daha çox qənaət rejiminə keçdiyini görmək mümkündür. İlk günlərdə iki yüzə yaxın raketdən istifadə edən İran hazırda onların sayını təxminən 40-a qədər azaldıb. Hər bir halda bu müharibədə Tehranın qalib gəlmək şansı çox zəif görünür. İranın hərbi-siyasi rəhbərliyinə təyin olunan bəzi şəxslərin bir neçə saat sonra zərərsizləşdirilməsi bunun bariz göstəricisidir. Ölkə daxilində milli birlik də müşahidə olunmur. Əhalinin mövcud rejimdən narazılığı getdikcə artır. Digər milli azlıqlar da İran rejiminə qarşı hərəkətə keçmək üçün müəyyən hazırlıq görürlər. Xüsusilə ABŞ ilə müəyyən yaxın münasibətlərə malik olduğu iddia edilən PJAK silahlılarının artıq İran sərhədində döyüş mövqeləri tutduğu, müxtəlif danışıqların aparıldığı barədə məlumatlar var”.

Ədalət Verdiyev
Ekspert qeyd edib ki, mövcud vəziyyət davam edərsə, maksimum bir ay ərzində İran bu müharibədə məğlub olacaq:
“ABŞ istəsə, prosesi daha qısa müddətdə də başa çatdıra bilər. Lakin görünən odur ki, Prezident Donald Tramp İranın hərbi potensialını tamamilə zəiflətdikdən sonra Tehranla kapitulyasiya xarakterli bir sənəd imzalamağa çalışacaq. Bu müharibədə İranın əldə edəcəyi müsbət nəticə demək olar ki, görünmür. Böyük ehtimalla ölkə daxilində ciddi siyasi və institusional dəyişikliklər baş verəcək. Müharibənin ağrılı nəticələrini isə uzun illər ərzində İran xalqı daşımalı olacaq. Digər tərəfdən, İranın nəzarət etdiyi strateji boğazlarda fəaliyyətin gələcəkdə fərqli formatda həyata keçirilməsi də istisna olunmur. Böyük ehtimalla həmin ərazilərə ABŞ və ya onunla yaxın müttəfiqlik münasibətləri olan Körfəz ölkələri nəzarət edə bilər.
İran bu müharibədə bir sıra ciddi yanlış addımlar da atır. Bu səhvlərdən biri Azərbaycanla Türkiyə ərazilərinə raket və dronların atılmasıdır. Halbuki Türkiyə indiyə qədər beynəlxalq müstəvidə İranı ABŞ qarşısında müəyyən mənada müdafiə edən ölkələrdən biri olub. Eyni zamanda, Azərbaycan İrana qarşı mövqedə olmayıb. Bundan əlavə, digər Körfəz ölkələrində mülki infrastruktura zərbələr endirilməsi də İran üçün ağır nəticələr doğuracaq. İranın müqaviməti daha da zəiflədikdən sonra, hazırda atəş altında saxlanılan bəzi neytral qonşu ölkələrin də ABŞ tərəfinə keçərək müharibəyə qoşulması ehtimalı var. Həmçinin istisna deyil ki, müəyyən müddətdən sonra NATO üzvü olan bəzi ölkələr yeni silah sistemlərini İran üzərində sınaqdan keçirmək niyyətində olsunlar. İstənilən halda, bu müharibə artıq İran üçün uzadılmış və ağır nəticələr doğuran bir prosesə çevrilib. Çünki hazırda ən çox dağıntıya məruz qalan ərazi İranın özüdür. Ən çox zərər görən isə İran paytaxtı, İran xalqı və ölkəni idarə edən molla rejimidir”.
Hərbi ekspert Səxavət Məmməd bildirib ki, indiki mərhələdə ABŞ və İsrail müəyyən mənada bəzi məqsədlərinə nail olublar:
“Belə ki, həm Ali dini lider Əli Xameneinin öldürülməsi, həm də bir sıra yüksək rütbəli generalların zərərsizləşdirilməsi kimi hədəflər həyata keçirilib. Lakin hadisələrin gedişi onu da göstərdi ki, İran yalnız bir və ya bir neçə şəxsə bağlı ölkə deyil. Bu, institusional sistem üzərində qurulmuş dövlətdir və həmin sistem müqavimət göstərməyə davam edir. İran həm ABŞ-ın regiondakı hərbi bazalarına, həm də İsrail ərazisinə raket zərbələri endirir. Qarşı tərəf isə hücumlar zamanı müxtəlif silah sistemlərindən – qanadlı raketlərdən, aviasiyadan və aviabombalardan istifadə edir. Tehran ilk mərhələdə daha çox köhnə raketlərdən istifadə etsə də, hazırda hipersəs və ballistik raketlər də tətbiq olunur. Bundan əlavə, İran əvvəlcə “Şahid” dronlarından istifadə edirdi, indi isə daha sürətli və yeni nəsil dronların tətbiqinə başlanılıb.
Mövcud vəziyyət göstərir ki, İran bu ssenariyə əvvəlcədən hazırlaşıb. Son altı ay ərzində müşahidələr göstərirdi ki, ölkə məhz müharibə ehtimalına uyğun şəkildə ciddi hazırlıq görür, bu istiqamətdə həm maliyyə, həm də enerji baxımından böyük resurslar sərf olunub. ABŞ tərəfi müharibənin uzun müddət davam edə biləcəyini bildirsə də, mövcud tempin uzun müddət qorunması çətin görünür. Çünki intensiv döyüş əməliyyatları hava hücumundan müdafiə sistemlərinin də tükənməsi riskini artırır. Hətta “Vaşinqton Post” nəşri də yazırdı ki, müəyyən mərhələdə bu sistemlərin ehtiyatları azalaraq problem yarada bilər”.

Səxavət Məmmədov
Ekspert əlavə edib ki, ABŞ və İsrail hazırda İranın hava məkanını tam nəzarətə götürməyə çalışırlar:
“Məqsəd İranın hava müdafiəsini zəiflədərək ölkə daxilində daha dərin hədəflərə aviasiya vasitəsilə zərbələr endirməkdir. Eyni zamanda, ehtimal ki, qarşıdakı mərhələdə İran daxilində fəaliyyət göstərən bəzi etnik və silahlı qruplardan da istifadə cəhdləri ola bilər. Xüsusilə kürd qruplarının, eləcə də bəluç silahlı dəstələrinin prosesə cəlb olunması ehtimalı istisna edilmir. Bununla belə, hazırkı mərhələdə İranın müqavimət göstərmək imkanlarının hələ də qaldığı görünür. Bunun nə qədər davam edəcəyini dəqiq gün və ya tarixlə demək çətindir. Lakin ehtimal etmək olar ki, döyüşlərin yüksək tempdə davam etdiyi mərhələ ən azı bir neçə həftə də davam edə bilər. İran tərəfi rəsmi açıqlamalarında danışıqlara getmək niyyətində olmadığını bir daha bəyan edib. Bu isə göstərir ki, Tehran müharibəyə hazır olduğunu düşünür. Əgər resursların tükənməsi baş versəydi, böyük ehtimalla daha fərqli siyasi bəyanatlar səslənərdi. Bu baxımdan demək olar ki, İran hələ tükənməyib və mövcud vəziyyət davam etdiyi müddətdə müharibənin də indiki formatda davam etməsi ehtimalı qalır”.