İranın Azərbaycan ərazisinə yönəlmiş pilotsuz uçuş aparatları ilə hücumu regionda gərginliyi daha da artırıb.
Martın 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində İran ərazisindən buraxılan bir neçə dron Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf mülki obyektləri hədəf alıb.
Hadisə nəticəsində mülki şəxslərin yaralandığı, infrastruktura ziyan dəydiyi bildirilir. Azərbaycan hökuməti hücumu kəskin şəkildə pisləyərək məsələ ilə bağlı diplomatik addımlar atıb və cavab tədbirlərinin görüləcəyini açıqlayıb.
Hadisə beynəlxalq səviyyədə də diqqət çəkib və NATO daxil olmaqla bir sıra tərəflər regionda gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər.
Maraqlıdır görəsən, İranın bu addımı regional siyasətdə hansı mesajı vermək məqsədi daşıyır? Azərbaycanın buna cavabı necə olacaq? Turkustan.az bu sualları politoloq Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
İranın Naxçıvan istiqamətində zərbə endirməsi ilk növbədə hərbi baxımdan deyil, siyasi və geosiyasi mesaj kimi qiymətləndirilə bilər.
Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşmüş, lakin strateji və simvolik əhəmiyyətə malik bölgədir və burada yerləşən hava limanı regionun əsas kommunikasiya qovşaqlarından biridir.
Belə bir obyektin hədəfə alınması İranın regionda baş verən proseslərə, xüsusilə də İsrail və ABŞ-la bağlı təhlükəsizlik narahatlıqlarına diqqət çəkmək cəhdi kimi şərh oluna bilər.
Tehran bəzən bu cür addımlarla həm regional aktorlara, həm də beynəlxalq oyunçulara mesaj verməyə çalışır ki, onun təhlükəsizlik perimetri yalnız öz sərhədləri ilə məhdudlaşmır. Eyni zamanda bu hadisə Cənubi Qafqazın Yaxın Şərqdəki böyük qarşıdurmaların təsir zonasına daxil ola biləcəyini göstərən riskli siqnal kimi də oxunur.
Bununla belə, belə bir hadisənin avtomatik olaraq Azərbaycanın müharibəyə qoşulması anlamına gəldiyini demək doğru olmaz. Azərbaycan adətən regional gərginliklərdə ehtiyatlı və balanslaşdırılmış siyasət yürütməyə çalışır və birbaşa hərbi eskalasiyadan yayınmağa üstünlük verir.
Bununla yanaşı, Naxçıvanın təhlükəsizliyi ölkənin milli təhlükəsizlik məsələsi olduğundan Bakı belə hallarda diplomatik, hərbi və siyasi kanallar vasitəsilə öz mövqeyini sərt şəkildə ifadə edə bilər.
Regionda genişmiqyaslı müharibə ssenarisi isə yalnız bir insidentdən deyil, tərəflər arasında gərginliyin ardıcıl şəkildə artmasından və beynəlxalq aktorların mövqeyindən asılıdır. Buna görə də hazırkı mərhələdə daha çox ehtimal olunan ssenari tərəflərin qarşılıqlı mesajlar və diplomatik təzyiq vasitəsilə vəziyyəti idarə etməyə çalışmasıdır.
Aytən Yaşar/ Turkustan.az