İran dövlət televiziyasının məlumatına görə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də son hadisələrlə bağlı məlumat vermək üçün iclasda iştirak edib.
Turkustan.az xəbər verir ki, Liderlik Şurasının dördüncü ara iclasında yeni liderin seçilməsi üçün Ekspertlər Məclisinin çağırılması və gələcək liderin təqdim edilməsi ilə bağlı planlar hazırlanıb.
Konstitusiyanın 111-ci maddəsinə əsasən, liderin ölümü, istefası və ya vəzifəsindən uzaqlaşdırılması halında Ekspertlər Məclisi mümkün qədər tez yeni lideri seçib elan etməlidir. Yeni lider müəyyən edilənədək isə prezident, Məhkəmə Hakimiyyətinin rəhbəri və Məqsədyönlülük Şurası tərəfindən seçilən — Nəzarətçilər Şurasının hüquqşünas üzvlərindən birinin də daxil olduğu — üç nəfərlik komitə müvəqqəti olaraq rəhbərlik vəzifələrini icra edir.
Bu yaxınlarda Ekspertlər Məclisinin üzvlərinin onlayn iclas keçirdiyi və Əli Xameneinin oğlu Müctəba Xameneinin yeni lider seçildiyi barədə iddialar yayılıb.
ABŞ prezidenti Donald Tramp isə İranın yeni lideri kimi Müctəba Xameneinin ortaya çıxmasının qəbuledilməz olduğunu bildirib.
Tramp açıqlamasında deyib: “İranda ən çox ehtimal olunan varis Müctəba Xameneidir, lakin bu, qəbuledilməzdir. Xameneinin siyasətini davam etdirəcək və ABŞ-ı beş il sonra yenidən müharibəyə məcbur edəcək bir İran lideri istəmirəm.”
Aytən Yaşar/ Turkustan.az