Son zamanlar mediada dövlətlə xalqı üz-üzə qoymağa çalışanlar haqqında kifayət qədər məlumatlar yayılır.
Onlardan bir neçəsini oxucularımıza xatırladaq:
“Guavalab” şirkətinin işçiləri beş aydır əməkhaqqılarının ödəməməsindən şikayətçidirlər.
Qaradağ rayonunda yerləşən Emil Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin texniki işçilərinin maaşları yarımçıq verilir. İşçilər 3 aydır əmək haqlarının yalnız 50 faizini ala bildiklərindən gileylidirlər.
Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki ”Şəki-Qala” restoranında işləmiş şəxslər üç aydır maaşlarını ala bilmədiklərindən narazıdırlar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) iş əməkhaqqılar ödənməyib. Adətən hər ayın 7-nə qədər ödənilən maaşlar bu ay işçilərin hesabına köçürülməyib. Və sairə...
Sonra bir başqa xəbəri həmkarımız, Əməkdar jurnalist Elçin Alıoğlu diqqətimizə çatdırır. Elçin müəllim sosial şəbəkə paylaşımında bildirir ki, azərbaycanlı biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Ümid kim olsa yaxşıdır? Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu!
Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
İndi aylardır öz halal əmək haqqısını ala bilməyənlərin, yaxud gec və ya kəsirlə alanların şikayətləri diqqətlə dinləniləndən sonra qurumun başçısı olan məmurların evində, ailəsində, uşaqlarının arasında dərindən bir araşdırma- nəzarət funksiyası həyata keçirilsin. Onda xalqla dövlətin monolitliyinə əngəl olmağa çalışanlar da cəzasını alar.
Yeri gəlmişkən, bu həmin Tahir Kərimovdur ki, məktəblilərin müşayiətilə “fəxri keçid” düzənləmiş , oradan kral ədası ilə keçmişdi. Həmin görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilmişdi.