Bakıda ərindən boşanmamaq üçün falçıya 16 min manat VERDİ


Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın falçıya üz tutub və dələduzluğun qurbanı olub.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, Zərnigar Məmmədova bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (adlar və soyadlar şərtidir -red.) 16 297 manat ödəyib.

Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.

Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala biləcəyini deyib.

İlkin olaraq Aidə Cəfərova ondan 790 manat məbləğində nağd pul alıb, əvəzində qadına iki xaç və iki yumru əşya verib. Qeyd edib ki, onları evdə gizlətsin, bunun həyat yoldaşı ilə münasibətləri yaxşılaşacaq.

Daha sonrakı təmaslarda falçı Zərnigarı aldatmaqda davam edərək, onun qızıl-zinət əşyalarını da ələ keçirib.

Yekunda dələduzluğa məruz qaldığını anlayan qadın hüquq-mühafizə orqanlarına müraciət edib, cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilməklə, özünü falçı kimi təqdim edən qadının barəsindəki Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.


MANŞET XƏBƏRLƏRİ