Azərbaycanda bəzi magistral su kanallarının yaxınlığında yaşayanlar köçürüləcək.
Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bildirib.
“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq”, - o deyib.
Bəs həmin köçürmələr konkret olaraq hansı əraziləri əhatə edəcək?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda bununla bağlı konkret ərazilərin adları yoxdur.
“Siyahı hazırlandıqda, ictimaiyyətə təqdim olunacaq”, - qurumdan qeyd edilib.
Ekoloq Sadiq Həsənov isə “Yeni Sabah”a açıqlamasında deyib ki, bu proses Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı əsasında təmzimlənir. Həmin sənədlə su ehtiyatlarının mühafizə zonaları müəyyənləşib:

“Bu qərar çaylar, göllər, su anbarları, su boru kəmərləri daxil olmaqla bütün su ehtiyatlarının yerləşdiyi əraziləri əhatə edir. Qərara görə, məsələn, magistral boru kəmərlərinin mühafizə zonası 25 metr müəyyənləşib. Göllərdə mühafizə zonası isə onların ölçüsündən asılı olaraq dəyişir. Sahəsi 2-5 kvadrat kilometr olan göllərdə mühafizə zolağı 100 metr təşkil edir, ərazi böyüdükcə bu məsafə 200, 400, hətta 500 metrə qədər artır. 10 kvadrat kilometrdən böyük göllər isə daha geniş mühafizə zonası olan ərazilər kimi müəyyən olunub. Çaylarda da mühafizə zonalarının eni çayın uzunluğundan asılıdır. Uzunluğu 10-20 kilometr olan çaylarda bu məsafə 50 metr, 20-50 kilometr arası çaylarda 100 metr, ümumilikdə 500 kilometrdən uzun çaylarda isə 500 metr mühafizə zonası nəzərdə tutulur”.
Ekspert onu da əlavə edib ki, Nazirlər Kabinetinin adıçəkilən sənədi zamanla təkmilləşdirilib və hazırda icrada olan, təsdiq edilmiş qanunvericilik bazasını təşkil edir:
“Su Ehtiyatları Agentliyinin rəhbəri də çıxışında məhz bu qərarlara istinad edib. Su mühafizə zonalarının əsas məqsədi su ehtiyatlarının - xüsusən göllərin, çayların, su anbarlarının və su boru kəmərlərinin çirkləndirilməsinin qarşısını almaqdır. Bu zonalar vasitəsilə tullantı mənbələrinin formalaşmasına mane olunur, su obyektlərinin təmizliyi və eyni zamanda texniki baxımdan təhlükəsizliyi təmin edilir. Lakin Su Ehtiyatları Agentliyinin rəhbəri bu mexanizmlərin praktiki olaraq necə icra ediləcəyini demədi”.

Ekoloq vurğulayıb ki, uzun illər bu sahədə boşluqlar olub, nəticədə suların mühafizə zonalarında çoxsaylı yaşayış evləri tikilib:
“Abşeron rayonunda yağış sularının Abşeron gölünə axdığı ərazilərdə, həmçinin Kür çayı hövzəsində, Araz çayı hövzəsində və su anbarlarının ətrafında çox yaxın məsafələrdə evlər tikilib. Hazırda bu evlərdə insanlar yaşayır və artıq məskunlaşıblar. Agentlik rəhbərliyinin çıxışında onların köçürülməsi mexanizmi ilə bağlı konkret fikir ifadə olunmayıb. Qanunvericilik tətbiq ediləcəyi halda isə mütləq şəkildə həmin insanlara kompensasiya ödənməli, köçürülmə prosesi təmin edilməli və onlara uyğun vaxt verilməlidir ki, başqa ərazilərə köçə bilsinlər. Evlərin tikilməsi prosesində vaxtilə mövcud boşluqlardan həm dövlət qurumlarında, həm də qeyri-dövlət sahəsində çalışan bəzi şəxslər sui-istifadə edib, insanlardan pul alınmaqla bu tikililərə şərait yaradıblar. Vətəndaşlar xərc çəkib, ev tikib, yaşayış qurduqlarına görə köçürülmə zamanı onlara müvafiq kompensasiya verilməlidir”.
Sadiq Həsənov bununla yanaşı, qeyd edib ki, suların mühafizə zonaları mütləq şəkildə təmizlənməlidir. Yalnız belə olan halda ölkənin su ehtiyatlarının - su boru kəmərlərinin, göllərin, çayların və su anbarlarının qorunması təmin edilər.
“Çünki bu ehtiyatların çirklənməsi və düzgün istismar edilməməsi son nəticədə bütün cəmiyyət üçün fəsadlar yaradır və həmin zərər dolayısı ilə yenə insanların özünə qayıdır”, - ekoloq söyləyib.