Bakı üçün yeni su strategiyası: Fazil Mustafa dövlət proqramını dəyərləndirir


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə ilə bağlı əməkdaşımızın suallarını cavablandırıb.

– Fazil bəy, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müzakirə olunan Dövlət Proqramını necə qiymətləndirirsiniz?

– Bu proqram paytaxt və Abşeron yarımadasında uzun illərdir mövcud olan infrastruktur problemlərinin sistemli və mərhələli şəkildə həllinə yönəlmiş çox mühüm dövlət sənədidir. Bakı sürətlə böyüyən və əhalisi artan bir şəhərdir. Bu baxımdan su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması artıq təkcə kommunal məsələ deyil, həm də sosial və ekoloji problem kimi aktuallıq kəsb edir. Ölkə başçısının bu məsələyə xüsusi diqqət ayırması dövlətin vətəndaşların rifahına verdiyi önəmin bir nümunəsidir.

– Sizcə, bu proqramın əsas məqsədi nədir?

– Əsas məqsəd Bakı və Abşeron yarımadasında müasir və dayanıqlı su təsərrüfatı sisteminin qurulmasıdır. İçməli su təminatının sabitləşdirilməsi, köhnəlmiş kanalizasiya şəbəkələrinin yenilənməsi, yağış sularının düzgün idarə olunması şəhərin normal həyat ritmi üçün həyati əhəmiyyət daşıyır. Bu proqram həm də şəhər mühitinin sağlamlaşdırılmasına, ekoloji tarazlığın qorunmasına xidmət edir.

– Dövlət Proqramının icrası hansı dəyişikliklərə səbəb ola bilər?

– Proqramın icrası nəticəsində paytaxtda və Abşeron yarımadasında içməli su təminatı daha dayanıqlı olacaq, kanalizasiya şəbəkəsi yenilənəcək, daşqın və subasma problemləri minimuma endiriləcək. Bu da vətəndaşların gündəlik həyat keyfiyyətinə birbaşa təsir göstərəcək. Eyni zamanda, tullantı sularının təmizlənməsi ətraf mühitin qorunmasına xidmət edəcək.

– Parlament bu prosesdə hansı rolu oynaya bilər?

– Parlament olaraq bizim əsas vəzifəmiz bu proqramın icrası üçün hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə mexanizmlərinin şəffaf və səmərəli işləməsinə nəzarət etməkdir. Dövlət Proqramının uğuru həm də parlament–icra hakimiyyəti əməkdaşlığından asılıdır.

– Gözləntiləriniz nədir?

– Əminəm ki, bu proqram uğurla icra olunarsa, 2035-ci ilə qədər Bakı və Abşeron yarımadası müasir, ekoloji cəhətdən sağlam və rahat yaşayış mühitinə çevriləcək. Bu, gələcək nəsillər üçün də çox dəyərli bir investisiyadır.


MANŞET XƏBƏRLƏRİ