Fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan və qarşılıqlı raket atışmaları ilə davam edən müharibə 34-cü gününə qədəm qoyarkən, İsveçrədən də diqqətçəkən bir hava məkanı qərarı gəlib.
Turkustan.az xəbər verir ki, İsveçrə neytrallıq qanununa əsasən ABŞ-dan gələn çoxsaylı uçuş tələblərini rədd edib. İsveçrə Federal Mülki Aviasiya İdarəsinin (FOCA) məlumatına görə, 5–23 mart tarixləri arasında ABŞ-dan daxil olan 11 müraciətdən yalnız dördü təsdiqlənib. Həmçinin, ABŞ tərəfindən bir müraciət geri götürülüb.
Keystone-SDA-nın FOCA-ya istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdən Yaxın Şərqə uçuşlar üçün ümumilikdə 12 müraciət daxil olub, lakin yalnız məhdud sayda müraciət təsdiqlənib. FOCA bildirib ki, İsveçrə hava məkanı yalnız "münaqişə ilə əlaqəsi olmayan" uçuşlar üçün açıqdır. Humanitar və tibbi məqsədlər, məsələn, yaralıların daşınması kimi uçuşlara icazə verilir, lakin silahlı münaqişələrlə bağlı uçuşlar neytrallıq qanununa əsasən rədd olunur. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin də müraciəti təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az