Zəlzələ üzrə professor doktor Şener Üşümezsoy İstanbul üçün səsləndirilən böyük zəlzələ proqnozlarına dair açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, 8 bal gücündə zəlzələnin baş verməsi üçün təxminən 500 kilometrlik bir qırılma xəttinin qırılmalı olduğunu bildirib və Mərmərə bölgəsində bu uzunluğun kifayət etmədiyini qeyd edib:
"8 bal gücündə zəlzələ olması üçün nə lazım olduğunu heç kim soruşmur. 500 kilometrlik bir qırlma xəttinin qırılması lazımdır. Mərmərənin uzunluğu isə 150 kilometrdir. Yəni bunun üçün 3 Mərmərə lazımdır".
O, Kahramanmaraş mərkəzli 6 fevral zəlzələlərini nümunə göstərərək həmin hadisədə təxminən 400 kilometrlik xəttin qırıldığını və bunun 7–8 bal gücündə maqnitud yaratdığını deyib.
Şener Üşümezsoy həmçinin 1999-cu il 12 noyabr Düzce (7.2) və 2025-ci il 23 aprel Silivri (6.2) zəlzələlərinə toxunaraq, əvvəlki proqnozlarının düzgün çıxdığını iddia edib. Onun sözlərinə görə, təbiətin dediyi əsasdır və sahədəki müşahidələr nəzəri modellərdən daha önəmlidir.
Alim bəzi elmi modelləri tənqid edərək, Mərmərə bölgəsində zəlzələ ssenarilərinin düzgün qurulmadığını bildirib. O, qırılma xətlərinin cədvəllə çəkilmiş kimi göstərilməsini doğru hesab etmədiyini vurğulayıb və real sahə müşahidələrinin vacibliyini qeyd edib.
İznik gölü və ətrafı ilə bağlı yayılan böyük zəlzələ ehtimallarına da münasibət bildirən Şener Üşümezsoy burada 17 avqust tipli (böyük yanal hərəkətli) bir zəlzələ gözlənilmədiyini deyib. Onun sözlərinə görə, bölgədə daha çox çökmə tipli tektonik hərəkətlər müşahidə olunur.
O əlavə edib ki, aparılan seysmik ölçmələrdə yanal qırılma hərəkəti deyil, daha çox şaquli çökmə qeydə alınır və bu səbəbdən Gemlik və İznikdə böyük miqyaslı zəlzələ ssenariləri elmi əsaslarla uyğun deyil.
Gemlik rayonunda müşahidə edilən kiçik miqyaslı zəlzələlərə də toxunan alim, bunların böyük zəlzələ yaratma potensialının olmadığını bildirib. Onun fikrincə, bu tip mikro sarsıntılar bir neçə kiçik fayın qırılması ilə bağlıdır və böyük enerji boşalmasına səbəb olmur.
O qeyd edib ki, böyük zəlzələ üçün böyük və tək parça xəttin qırılması vacibdir, bölgədə isə bu tip struktur mövcud deyil. /Qaynarinfo/