“Ermənistan Parlamentinin spikeri Alen Simonyan İkinci Qarabağ müharibəsi qurbanlarının sayını dərc edib: 3833 həlak olan və 191 itkin düşən”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin keçmiş deputatı Samvel Fərmanyan deyib.
O bildirib ki, 2020-ci il müharibəsindən 5 il keçməsinə baxmayaraq Ermənistan hakimiyyətinin qurbanların adlarını ictimailəşdirməməsi böyük utanc və silinməz ləkədir:
“Müharibənin bitdiyi gündən ictimai diskursda və mətbuatda 5000 rəqəmi dolaşır, hakimiyyət isə bunun şişirdildiyini bildirir. Bu, iki sadə amilin nəticəsidir:
– hökumət qurbanların ad siyahısını dərc etməyib;
– Nikol və onun hökumətinin dediklərinə cəmiyyətin ilk reaksiyası — şübhə və etimadsızlıqdır”.
Fərmanyanın sözlərinə görə, 2021-ci il sentyabrın 27-də Ermənistan hakimiyyəti elan etdi ki, müharibədə Ermənistan vətəndaşlığı olan 3781 nəfər ölüb, 283-ü itkin düşüb:
“Eyni zamanda, o vaxtkı “Qarabağ hakimiyyəti” açıqladı ki, 2020-ci il müharibəsində “artsax” vətəndaşlığı olan 822 nəfər həlak olub, 65 nəfər isə itkin düşmüş hesab edilir.
İtkin düşənlərin taleyinin necə nəticələndiyini (öldüyünü – red.) nəzərə alsaq, yalnız 2020-ci il müharibəsində erməni tərəfinin ümumi insan itkisi ən azı 4951-dir.
Bura, əlbəttə, 2022-ci il itkiləri (sərhəd toqquşmalarında) və 2023-cü ilin sentyabr müharibəsi (antiterror əməliyyatı – red.) zamanı Qarabağda verilən qurbanlar daxil deyil. Nikol Paşinyanın gətirdiyi müharibələrdəki ümumi itki sayını 5000-dən çox — 5074 edir. Hələ sülh dövründə və səhlənkar idarəetmə nəticəsində verilən onlarla acı itkiləri demirik”.
Qeyd edək ki, Ermənistanın 44 günlük müharibədəki itkilərini gizlətməsi zaman-zaman gündəmə gəlir. Müstəqil ekspertlər İrəvanın bu savaşda muzdlular daxil olmaqla təxminən 10 min itki verdiyini bildirirlər. İqtisadi itkinin isə 40 milyard dollar civarında olduğu deyilir. /globalinfo.az/