Aysel Xanlarqızı Səfərlinin “Maestro” şeirinə ədəbi-emosional təhlil


Sevil Azadqızı

Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil və tənqidçi. Şair-publisist. 12.11.2025

Aysel Xanlarqızı Səfərlinin “Maestro” adlı bu poetik əsəri sevginin musiqi dili ilə ifadə olunduğu dərin mənalı, çoxqatlı bir hiss tablosudur. Şeir həm forma, həm də məzmun baxımından klassik duyğusallığı müasir bədii simvolizmlə birləşdirir. Müəllif musiqi terminlərini, notları, akkordları, oktavaları bir sevgi hekayəsinin faciəvi taleyinə çevirməklə, oxucunu duyğuların səssiz melodiyasına qoşur. “Hər gün bir tel qopur ruhumun sevgi simlərindən…” misrası ilə şeir başlanır və artıq ilk cümlədən poetik atmosferi müəyyənləşdirir: ruhun telləri qırılan bir saz kimidir, hər gün bir az daha susur, bir az daha səssizləşir. Bu qırılan tellər sevgidən qopan ümidlərin, sönən duyğuların simvoludur. “Yavaş-yavaş xaric səslənirik oxuduğumuz eşq nəğməsində” misrası münasibətlərin əvvəlki harmoniyasını itirdiyini göstərir. Eşq nəğməsi, bir vaxtlar ahəngdar və ritmik olan sevgi, indi artıq disharmonik səslənir. Burada “xaric səslənmək” həm musiqi terminidir, həm də mənəvi məna daşıyır: sevgi artıq saf duyğuların melodiyasından uzaq düşüb, həyatın sükutuna qarışır.

Şairin notlara verdiyi mənalar şeirin ən təsirli hissəsidir. “Do notu barmaqlarım arasında susqun” – yəni başlanğıc səsi, həyatın ilk nəfəsi sanki artıq dayanıbdır. “Re-ni üzgün görürəm” – ikinci addımda artıq kədər var. “Mi səsində həsrət çaları” – həsrət bu musiqinin əsas tonuna çevrilib. “Fa- notu yolun ortasında peşman və üzgün” – burada həyat yolunun yarısında dayanmış, geriyə baxan bir insan obrazı var. “Sol səsi sol açarından küskün” – musiqinin ruhunu açan açar artıq qapanmışdır. “Lya- oktavada ayrılığa gedən yolun sonu” – yəni melodiyanın son zirvəsində ayrılıq dayanır. “Si- bu sevgidəki ən yanıqlı nöqtə” – sevgi nəğməsinin son akkordu kədərin və peşmanlığın ən dərin nöqtəsinə çatır. Bu ardıcıllıq musiqi ilə insan ömrü arasında simvolik bir paralellik yaradır. Sanki hər bir nota bir duyğunun ömrü, bir hissin dövranıdır.

Müəllifin “Peşmanlıq və yanlış həyatımdakı son beyt, məqtə…” misrası isə şeiri poeziya aləminə bağlayan bir keçiddir. Burada “məqtə” klassik şeir anlayışında son beyt deməkdir, lakin şair bu termini musiqi ilə birləşdirərək, həm də bir ömrün, bir eşqin son misrası kimi təqdim edir. Yəni, bu sevgi bir şeir idi və artıq o şeir bitdi.

Son bənddə isə poetik mətnin ruhu musiqidən allahiləşmiş bir səviyyəyə qalxır: “Maestro, götür bu şeiri, ifa et əlvida əvəzi mavi gözlü göy üzünə…” – bu çağırış artıq musiqiyə deyil, taleyə, yaradana, bəlkə də ruhun əbədi dirçəlişinə ünvanlanır. “Mavi gözlü göy üzü” — təmizlik, ucalıq, ilahi rahatlıq simvoludur. Şairə bu misra ilə sanki ruhunun musiqisini göylərə göndərir. Buludlar onun notlarını daşıyır, göy üzü isə bu səsi əbədi yaddaşına yazır.

Bu şeir insan ruhunun sükunət axtarışıdır. Hər bir nota, hər bir sükut bir mərhələnin sonudur. Musiqi təkcə səs deyil, həm də yaddaşdır. Aysel Xanlarqızı Səfərli bu poetik tənəzzülün içində musiqini bir yaddaş kimi təqdim edir. Unutmaq mümkün olmayan bir melodiyanın hekayəsi kimi.

Nəticə olaraq, “Maestro” şeiri sevgidən doğan, kədərdən bəslənən bir poetik etirafdır. Burada hisslərin ahəngi tədricən itir, amma məhz o disharmoniya əsərin gücünü yaradır. Şairin dili musiqi qədər zərif, ruhu qədər həssasdır. O, sevgini bir sənət növünə, bir melodiyaya çevirərək göstərir ki, hər insanın içində bir “maestro” var, sevərkən bəstələyən, ayrılarkən susan, amma heç vaxt unutmayan bir maestro. Bu şeir həm poetik, həm fəlsəfi baxımdan insan qəlbinin sükutla səslənən son nəğməsidir.

Hər gün bir tel qopur ruhumun sevgi simlərindən…

Yavaş-yavaş Xaric səslənirik

Oxuduğumuz eşq nəğməsində.

Do notu barmaqlarım arasında susqun,

Re- ni üzgün görürəm.

Bir həsrət çaları var

Mi səsində…

Fa- notu yolun ortasında peşman və üzgün,

Sol səsi Sol açarından küskün,

Lya- oktavada ayrılığa gedən yolun sonu,

Si- bu sevgidəki ən yanıqlı nöqtə,

Peşmanlıq Və yalnış həyatımdakı

Son beyt, Məqtə…

Budur, bizim musiqimiz səslənir,

Bir günahsız sevgi ömrün son akkordlarında bəstələnir,

Gözlərimdəki kədərdə Dəfn olur…

Maestro, Götür bu şeiri İfa et, əlvida əvəzi

Mavi gözlü göy üzünə, bulud əlçimlərində…


MANŞET XƏBƏRLƏRİ