2025-ci il vətəndaş cəmiyyəti üçün uğurlu oldu


2025-ci il vətəndaş cəmiyyəti üçün olduqca aktiv və uğurlu oldu.

Bu barədə Turkustan.az-a“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı məlumat verib. O bildirib ki, xüsusilə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən yerli, beynəlxalq tədbirlər əhəmiyyətli və yaddaqalan oldu:

“Buna misal olaraq “Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransının keçirilməsi, Qlobal Cənub QHT Platformasının yaradılması, Bakıda Türk Dövlətləri QHT-lərinin Birinci Həmrəylik Forumunun keçirilməsini, Naxçıvanda Türk ölkələri QHT Platformasının yaradılmasını, Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumunun, Bakıda Türkmən İrsi Forumunun keçirilməsi kimi irimiqyaslı tədbirləri göstərmək olar”.

Ayşən Fəxrəddinqızı hesab edir ki, 2025-ci ili ictimai sektor üçün uğurlu il saymaq olar:

“Son günlərini yaşadığımız 2025-ci ildə “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi olaraq biz də cəmiyyətin ictimai həyatında yaxından iştirak etməyə çalışmışıq və agentlik tərəfindən keçirilən tədbirlərdə aktiv iştirak etmişik. Bununla yanaşı bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” adlı layihəni icra etmişik. Bu layihəni icra etməkdə məqsədimiz işğaldan azad olunmuş ərazilərə qayıtmış xanımlar və uşaqların sosial adaptasiyasını, psixoloji reabilitasiyasını və icma həyatına inteqrasiyasını təmin etmək idi. 3 aylıq layihə çərçivəsində Xankəndiyə, Xocalıya, Ballıca kəndinə səfərimiz oldu. Orada məskunlaşan insanlarla görüşdük. Eyni zamanda internet televiziyasında bu mövzuda müzakirələr etdik. Layihədə nəzərdə tutulan işlərin icrasını layiqincə yerinə yetirməyə çalışdıq. Ümid edirəm ki, üzümüzə gələn yeni ildə də yeni-yeni layihələr icra edəcəyik və dövlətimizin həyata keçirdiyi Böyük Qayıdışa biz də öz növbəmizdə ictimai dəstəyimizi verəcəyik”.


MANŞET XƏBƏRLƏRİ