Bakı səmasında ilk dəfə göründü – hər kəsi maraqlandıran texnika haqda mühüm detal


Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad bir çox baxımdan diqqət çəkdi. Parad meydanında təqdim olunan texnika və silah sistemləri ekspertlərin və medianın diqqət mərkəzindədir.

Bir çox ekspert deyir ki, Azərbaycan ordusu artıq təkcə regionun deyil, qlobal miqyasda da modernləşmiş, yüksək texnoloji silah arsenalına malik bir gücdür. Aviasiyanın güclənməsi, “İce Breaker” tipli supersonik raketlərin, yeni nəsil artilleriya qurğularının və HQ-9B kimi zenit raket komplekslərinin, habelə DİTA kimi avtomatlaşdırılmış sistemlərin ordunun silahlanmasına daxil edilməsi Azərbaycanın müdafiə strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Bundan başqa, 44 günlük Vətən müharibəsi dövründə ordumuzda cəmi təxminən 2 000 nəfərə yaxın xüsusi təyinatlı qüvvə xidmət edirdi; lakin paradda təkcə meydanda 4 000-dən çox yüksək təlim keçmiş XTQ-nın olduğunu gördük.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, “İce Breaker” super səssürətli raketlər “stealth” texnologiyalarına əsaslanaraq hazırlanıb:

“Bu raketlərin atəş məsafəsi 300 kilometrdir. Qanadlı raket sinfinə aid olan “İce Breaker” radioelektron müdaxilələr şəraitində belə davamlı və sabit fəaliyyət göstərə bilir. Bu raketlər həm dəniz vasitələrindən, həm qurudan, həm də hava hücum vasitələrindən buraxıla bilir.

Dəniz səthinə yaxın uçuşlar həyata keçirən raketlər CPS olmadıqda da fəaliyyət göstərir. Süni intellektdən istifadə edilən raketin kalibri 300 mm-dir.

Atəşdən sonra raketin hədəfə yönləndirilməsi prosesində belə tənzimlənməsi mümkündür. Yəni bir hədəfdən digərinə yönləndirilməsi unikal xüsusiyyətlərindən biridir.

Analoji qanadlı raketlərə nisbətən daha yüngül olsa da, 45 kiloqram döyüş başlığı daşıyan bu raket nöqtə atışları həyata keçirə bilir”.

Ekspert deyib ki, digər təqdim edilən silah sistemi isə HQ-9B zenit raket kompleksidir:

“S-300 kompleksləri ilə oxşar vəzifələri yerinə yetirən bu raket kompleksi daha təkmilləşdirilib. Hazırda Çin, Pakistan, Misir kimi ölkələrdə istifadə olunan bu raket Azərbaycana da gətirilib. Bundan başqa digər HHM qüvvələri ilə inteqrasiyası gözlənilir. Roketin yüksək sürətlə hərəkət etməsi istənilən hava hücum vasitəsini ələ keçirib zərərsizləşdirməyə imkan verir.

Bakı səmasında ilk dəfə göründü – hər kəsi maraqlandıran texnika haqda mühüm detal
Ədalət Verdiyev

2 tonluq (və ya 2 ton səviyyəsində) döyüş başlığı əvəzinə 180 kq-lıq döyüş başlığı göstərilib. Mürəkkəb radioelektron müdaxilələrə davamlı olan bu kompleks ballistik və qanadlı raketlərə, orta və yüksək səviyyədə uçan aviasiya vasitələrinə qarşı effektivdir. Xatırladım ki, bu vasitəni keçmiş SSR ölkələri arasında ilk olaraq Azərbaycanda əldə edib”.

O, əlavə edib ki, XTQ-nın sayının artırılması Azərbaycan üçün prioritet məsələdir:

“Qarabağ müharibəsi başa çatandan sonra bütün qoşun növlərinə aid xüsusi təyinatlıların sayı iki dəfə artırılıb. Əvvələr biz 2 000 XTQ-nin iştirak etdiyini görürdüksə, indi digər qoşun növlərinə aid xüsusi təyinatlıların sayı da müşahidə edilir. Təbii ki, onların silahlanmasında və təchizatında kifayət qədər müsbət dəyişikliklər olub. Müharibə başa çatmış olsa da, Azərbaycan ordusu təkmilləşdirmə və inkişaf prosesini davam etdirir. Bu proses gələcəkdə də davam edəcək”.


MANŞET XƏBƏRLƏRİ