“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri, ETSN tanında İctimai Şuranın sədri Amin Məmmədovla müsahibə
- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?
- Su təhlükəsizliyi anlayışı ondan ibarətdir ki, hər bir dövlət öz su ehtiyatlarının həm kəmiyyət, həm də keyfiyyət baxımından təhlükəsizliyini təmin etməlidir. Yəni əhalinin təmiz içməli suya çıxışını təmin etmək üçün dövlətlər müvafiq tədbirlər görməlidirlər. Bunun üçün, ilk növbədə, su ehtiyatlarının dəqiq qiymətləndirilməsi aparılmalı, eyni zamanda onların keyfiyyətinə mənfi təsir göstərə biləcək amillərin qarşısı alınmalıdır. Buraya həm ölkə daxilində formalaşan, həm də kənardan daxil olan su ehtiyatlarının qiymətləndirilməsi daxildir. Bu qiymətləndirmələr əsasında su ehtiyatlarının idarə olunması həyata keçirilir. Əhalinin, sənayenin və ekosistemin tələbatına uyğun olaraq su təminatını həyata keçirən qurumlar müəyyən edilir və bununla da su təhlükəsizliyi təmin olunur. Azərbaycan nümunəsində desək, ölkəmiz Qafqaz regionunda qonşu dövlətlərlə müqayisədə daha məhdud su ehtiyatlarına malikdir. Su ehtiyatlarımızın 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Məsələn, Kür və Araz çayları vasitəsilə ölkəmizə daxil olur. Yalnız 10 faizlik hissəsi ölkə daxilində formalaşır və bu ehtiyatlar da ərazilər üzrə qeyri-bərabər paylanır. Məsələn, Kiçik Qafqaz və Böyük Qafqazda böyük çaylar mövcud olsa da, Aran rayonlarında, xüsusilə Kür-Araz ovalığında yerləşən bir çox bölgələr su çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən Azərbaycan, əsasən, yuxarı axında yerləşən dövlətlərin Kür və Araz çaylarının sularından necə istifadə etməsindən asılı vəziyyətdədir.
- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?
- Dünyada da son onilliklərdə su qıtlığı müşahidə olunur. Əhalinin artması, sənayenin inkişafı, suya tələbatın yüksəlməsi, eyni zamanda su ehtiyatlarının çirklənməsi nəticəsində təmiz suyun azalması baş verir. Azərbaycan da qeyd etdiyim kimi, bu problemlərdən əziyyət çəkir. Ona görə də son illər ölkədə su məsələsi dövlət səviyyəsində ciddi nəzarətə götürülüb. İki ilə yaxındır ki, Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb və bu qurum su ehtiyatlarının idarə olunması üzrə strategiyanın hazırlanmasına və idarəçiliyin təkmilləşdirilməsinə cavabdehdir.
- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?
- İqlim dəyişikliyi də su təhlükəsizliyinə təsir göstərir. Qlobal istiləşmə buxarlanmanı artırır, nəticədə quraqlıqlar yaranır və su ehtiyatları azalır. Eyni zamanda, buzlaqların intensiv əriməsi böyük çayların daşmasına səbəb olur, daşqınlar və sel hadisələri isə iqtisadiyyata və insanların həyatına mənfi təsir göstərir.
- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?
- Azərbaycan transsərhəd su ehtiyatlarından istifadə edir. Bu sahədə beynəlxalq konvensiyalar mövcuddur. Məsələn, transsərhəd kontekstdə təsirlərin qiymətləndirilməsinə həsr olunmuş Espo Konvensiyası var. Bu konvensiya yalnız su ilə deyil, digər transsərhəd təsirlərlə də bağlıdır və Azərbaycan onun iştirakçısıdır. Bundan başqa, Bern və Helsinki konvensiyaları mövcuddur. Onlar isə transsərhəd çaylar və göllərlə bağlıdır. Azərbaycan bu konvensiyalara qoşulub, lakin təəssüf ki, yuxarı axında yerləşən bəzi ölkələr, məsələn, Ermənistan və Gürcüstan onlara qoşulmayıblar. Aşağı axında yerləşən ölkə kimi Azərbaycan, Kür və Araz çaylarının ölkəyə daxil olmamışdan əvvəl müxtəlif təsirlərə məruz qalması səbəbindən, bu çayların suyundan kifayət qədər səmərəli istifadə etmək imkanını itirir. Sadə dildə desək, həmin sular Azərbaycana daxil olanda artıq müəyyən dərəcədə çirklənmiş olur və onları təmiz içməli su kimi istifadə etmək mümkün deyil. Hətta bəzi hallarda təsərrüfat məqsədilə istifadədən ötrü belə, həmin suların əlavə təmizlənməsinə ehtiyac yaranır.
- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?
- Şərqi Zəngəzur regionunda hazırda əslində ciddi bir su təhlükəsi riski yoxdur. Bu region Ermənistanla sərhəddə yerləşir və əvvəllər Oxçu çayı müəyyən təsirlərə məruz qalırdı. İndi isə yuxarı axında Oxçu çayına zərəli tullantıların atılması Ermənistan tərəfindən dayandırılıb. Digər çaylar, o cümlədən Zəngilana gələn Həkəri və Bərgüşad çaylarında da vəziyyət nisbətən stabildir və Azərbaycan ərazisində ciddi nəzarət həyata keçirilir. Su nümunələri laboratoriyada analiz edilir və hər hansı mənfi təsir aşkarlandıqda, bu, beynəlxalq qurumların diqqətinə çatdırılır. Ermənistan tərəfi də yuxarı axında suyun keyfiyyətinə mənfi təsir göstərməmək üçün tədbirlər görməyə çalışır, lakin bəzən müəyyən kiçik mənfi təsirlər müşahidə olunur.
- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?
- Laçında məskunlaşma prosesi hələ yeni başlayıb. Keçmiş məcburi köçkünlər qayıdır və əhali çox deyil, buna görə də suya təsir minimaldır. Laçında su ehtiyatları kifayət qədərdir, burada Həkəri çayı ilə yanaşı Qozlu və Mirik kimi kiçik çaylar da mövcuddur. Gələcəkdə əhali artarsa, su ehtiyatlarının düzgün idarə olunmasına ehtiyac yaranacaq ki, itkilər olmasın və su səmərəli istifadə edilsin.
- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?
- Dövlət Su Ehtiyatları Agentliyi artıq yalnız Şərqi Zəngəzur üçün deyil, ümumilikdə Qarabağ regionunda formalaşan su ehtiyatlarının düzgün idarə edilməsi konsepsiyaları üzərində işləyir. Ehtimal edirəm ki, bu konsepsiyalar hazırlanır. Bunun üçün bölgədə kompleks qiymətləndirmələr aparılmalıdır, çünki 27 il ərzində o regionda bizim nəzarətimiz olmayıb. Yalnız son 5 ildə oradakı su ehtiyatlarının vəziyyətini qiymətləndirmək mümkün olub. Su sərfi və su səviyyəsi ölçmələri isə son 3-4 ildə tam olaraq həyata keçirilir. Qiymətləndirmələr aparıldıqdan sonra, ehtiyaclara uyğun olaraq yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq olunacaq. Prezidentin Qarabağı “Yaşıl Zona” elan etməsi nəzərə alınaraq, dövlət bu məsələyə ciddi diqqət yetirir və müvafiq tədbirlər həyata keçiriləcək.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.
Tural Turan