ABŞ prezidenti Donald Trampın Ukrayna–Rusiya müharibəsi ilə bağlı əvvəlki iddialı və optimist mövqeyindən fərqli olaraq, son davranışları və açıqlamaları onun artıq bu məsələdən yorulduğunu göstərir.
Alyaskada keçirilən görüş, ardınca Rusiya ilə təmaslar, Zelenski ilə müzakirələr və Avropa liderləri ilə aparılan danışıqlara baxmayaraq, konkret nəticənin əldə olunmaması Trampın səbrini tükəndirib.
Maraqlıdır görəsən, bir günə müharibəni bitirəcəyini iddia edən Tramp artıq Ukrayna–Rusiya savaşının sona çatmayacağını anlayıb və sülh ümidi ilə vidalaşır? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Trampın Ukrayna–Rusiya müharibəsindən əlini üzdüyünü düşünmürəm. Doğrudur, o, daha əvvəl bu müharibəni bir günə dayandıra biləcəyini iddia edirdi – bu, şübhəsiz ki, həm seçki təbliğatı məqsədilə, həm də öz imkanlarını şişirtmək cəhdi idi. Lakin ilin əvvəlindən bəri bu istiqamətdə aktiv fəaliyyət göstərir: dəfələrlə Rusiya prezidenti ilə telefon danışıqları aparıb və nəhayət, Alyaskada görüş baş tutub.
Əvvəldən məlum idi ki, Rusiya bu prosesi uzatmağa çalışacaq. Moskva döyüş meydanında həlledici üstünlük əldə etmədən və Ukraynanı təslim olmağa məcbur etmədən savaşı dayandırmaq istəmir. Tramp da, görünür, ötən aydan bu nəticəyə gəlib və Rusiya tərəfinə son tarix kimi 10 gün müddət vermişdi. Lakin Rusiya bu dəfə də vaxt qazanmaq üçün yeni görüş istədi.
Bu görüşdən sonra Tramp Ukrayna və Avropa İttifaqı liderləri ilə təmaslarını artırdı. Putin–Zelenski görüşü ilkin mərhələdə razılaşdırılsa da, sonradan Rusiya tərəfi yenidən geri çəkildi. Bu isə ciddi məyusluq yaratdı.
Düşünürəm ki, Tramp bu istiqamətdə cəhdlərini davam etdirəcək. Münaqişənin həlli üçün yeganə yol – Rusiya üzərində ciddi siyasi və iqtisadi təzyiqlərin davam etdirilməsi və Ukraynaya güclü dəstəyin göstərilməsidir. Yəqin ki, Putin Çinə planlaşdırılan səfərindən sonra Zelenski və Tramp ilə mümkün görüşlərə də aydınlıq gətirəcək. Çünki bu müharibədə Rusiyanın əsas dayağı Çindir – və Çin, görünən odur ki, Rusiyanın açıq şəkildə məğlub olmasına imkan vermək niyyətində deyil.
Aytən Yaşar/ Turkustan.az