43 kilometrlik “Tramp Marşrutu” neçəyə başa gələcək? – “Texniki problem yoxdur, siyasi qərar gözlənilir”


“Texniki cəhətdən heç bir çətinlik yoxdur. Siyasi razılıq olarsa, həmin ərazidə dəmir və avtomobil yolunun tikilməsi mümkündür".

Bunu "Yeni Sabah"a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O, ABŞ administrasiyasının təşəbbüsü olan "Trump Route for International Peace and Prosperity"-yə (TRİPP - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) əsasən Ermənistan ərazisindən keçəcək, Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən yolun texniki parametrlərini şərh edib.

Hələlik məlum olan budur ki, dəhlizi 99 illik möhlətlə ixtiyarına alan ABŞ şirkəti yalnız maliyyə və operatorluq funksiyasını öz üzərinə götürür. Lakin yolu konkret olaraq kimin çəkəcəyinə dair aydınlıq yoxdur.

Əgər bu vəzifə Azərbaycanın üzərinə qoyularsa, iş necə icra olunacaq?

Rauf Ağamirzəyev sovet dövründə mövcud olmuş dəmir yolu xəttini nəzərdə tutaraq təxminən 43 kilometrlik yola dair bildirib:

"Dəhliz elə əvvəlki marşrutu təkrarlayacaq və istifadəyə veriləcək. Rels döşəyən texnika hazırda Mincivandadır. Faktiki olaraq dəmir yolu relsləri ya Naxçıvan, ya da Mincivan tərəfdən döşənməlidir. Bu texnika gündə minimum 500–600 metr, maksimum 1 kilometr rels döşəyə bilir. Çox qısa zamanda bu işləri tamamlamaq olar”.

Ekspert əlavə edib ki, avtomobil yolu ilə bağlı bir sıra texniki məsələlər müzakirə olunmalıdır:

“Bu günə qədər müxtəlif marşrutlar müzakirə olunub, Ermənistan ərazisində qalan Nüvədi kəndindən başlayaraq yol çəkilməlidir. Çox güman ki, dəmir yolundan uzaq olmayan məsafədə, yəni ona paralel avtomobil yolu tikiləcək. Prinsipcə, hər bir şərait var. Hər şey texniki şərtlərdən asılıdır.

43 kilometr məsafə var, dəmir yolu və avtomobil yolunun keçəcəyi ərazi İran sərhədidir. Yolun nə qədər genişləndiriləcəyi xüsusən ciddi məsələdir. Bunun da mühəndisi həlləri var. Nəqliyyat dəhlizini qısa zamanda istifadəyə vermək mümkündür”.

Rauf Ağamirzəyev layihənin icrası üçün nə qədər maliyyə tələb ounduğunu bildirməyib.

Müqayisə üçün qeyd edək ki, hazırda tikintisi davam edən Füzuli–Zəngilan avtomobil yolunun uzunluğu təxminən 77,5 kilometrdir. Layihənin icrası üçün 250 milyon manatdan artıq vəsait ayrılıb.


MANŞET XƏBƏRLƏRİ