Günlərdir dünya mediası Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenskinin hələ ki, baş tutmayan görüşündən yazır. Bu gün Amerika prezidenti Donald Tramp da açıqlama verərək bildirdi ki, Putin görüşə gedərsə, mən də gələcəm. Lakin görünən odur ki, Rusiya liderinin qərarı qətidir və o, bu görüşə gəlməyəcək.
Ondan fərqli olaraq Ukrayna prezidenti Zelenski artıq Ukraynadadır və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla 2 saat 45 dəqiqəlik görüş də keçirdi. Görüşdən dərhal sonra da açıqlama verərək bildirdi ki, Rusiya müharibəni bitirmək istəmir, ona güclü təzyiqlər edilməlidir.
Maraqlıdır görəsən, Putin niyə bu görüşdən qaçdı? Zelenski-Ərdoğan görüşündən sonra nələr olacaq? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.
Samir Hümbətov
Əvvəldən bildirmişdim ki, Putinin İstanbul görüşünə gəlməsi real görsənmir. Düzdür, Putin bildirir ki, Zelenski qanuni prezident olmadığı üçün mən onunla görüşmürəm. Amma mən inanmıram ki, səbəb sırf bu olsun. Zelenski də bildirir ki, mən ora ona görə gəlirəm ki, 30 günlük atəşkəs olsun. Rusiya istəyir ki, 4 ərazi onun ərazisi kimi tanınsın. Putin bilir ki, bu şərtləri yerinə yetməyəcək, ona görə görüşə gəlmək istəmir. Amma Putinin bu addımı ona o şəraiti yaratmayacaq ki, o istədiyi kimi manevr eləsin. Zelenski artıq topu Putinin üzərinə atıb. Putin hər nə qədər müxtəlif bəhanələrlə gəlmək istəmədiyini bildirsə də son nəticədə görüşməli olacaq. Yəni, ya görüşəcək, ya ağır sanksiyalara məruz qalacaq. Daha ciddi təsirlər olmalıdır ki, o, masaya otursun. Müharibənin bitməsi üçün başqa alternativ yoxdur. Amma indi hələ ki, əlində imkanlar çoxdur ki, görüşdən qaçır. Putinə Çin də təzyiq etməlidir ki, bu görüş baş tutsun!
Aytən Yaşar/ Turkustan.az