Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Rəsmi izahatda əsas səbəb kimi Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin regional siyasi gərginlik və təhlükəsizlik məsələləri göstərildi.
Həqiqətənmi səfərin təxirə salınmasının arxasında yalnız bu amillər dayanır? Bu qərarın pərdəarxasında nələr var?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Neftanyahunun səfərinin müvəqqəti təxirə salınması bir neçə səbəblə əlaqəlidir və bu, yalnız Qəzza və Suriyadakı vəziyyətlə məhdudlaşmır:
“Doğrudur, bu bölgələrdə vəziyyət olduqca gərgindir. Xüsusilə də Suriyada son günlərdə durum kritik həddə çatıb. Druzların hökumətə qarşı etirazları İsrail tərəfindən dəstəklənir və faktiki olaraq bu proseslər İsrailin təsiri altındadır.
İsrailin Suriyaya dair əsas strategiyası, bu ölkədə mərkəzi hakimiyyətin formalaşmasının qarşısını almaq və mümkün olan hakimiyyətin İsrail üçün təhdid yaratmamasını təmin etməkdir. İsrail Suriyanın müdafiə qabiliyyətini minimum səviyyəyə salmağa çalışır.
Səfərinin təxirə salınmasının digər səbəbləri də ola bilər. Ehtimal olunurdu ki, onun Bakıya səfəri zamanı Türkiyə prezidenti ilə də görüş baş tuta bilər. Bir müddət əvvəl İsrail və Türkiyə rəsmilərinin Bakıda qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin Suriyada baş verən son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib”.
Oqtay Qasımov
Politoloqun sözlərinə görə, hazırda iki ölkənin maraqlarının toqquşduğu əsas məkan Suriyadır:
“Türkiyə Suriyanın unitar dövlət kimi qalmasını, yəni mərkəzi hakimiyyətin güclənməsini dəstəkləyir. İsrail isə əksinə, zəif və federal quruluşa malik Suriyanın olmasında maraqlıdır. Suriyada son həftələrdəki böhran da Neftanyahunun səfərinə təsir göstərib.
Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin Netanyahuya məxsus təyyarənin Türkiyə hava məkanından keçməsi ilə bağlı rəsmi qərarın olmadığını bildirməsi də müəyyən ipucu verir.
Digər tərəfdən, İran və ABŞ arasında danışıqlarda fasilə yaranıb. ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiq edib və bu, dialoqun növbəti raundunun baş tutmamasına səbəb olub. Bu da Neftanyahunun səfərinə təsir edən mümkün amillərdəndir.
Nəhayət, digər bir səbəb də 9 May tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak məsələsi ola bilər. Azərbaycan Prezidenti və İsrail Baş naziri bu tədbirə dəvət olunublar. Onların iştirak edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək”.