Niderlanddan Avropa Parlamenti deputatı Mike Andriese Avropa İttifaqını Ermənistana üzvlük perspektivi təqdim etmək niyyətindən imtina etməyə çağırıb. O bildirib ki, coğrafi baxımdan Avropadan kənarda yerləşən Ermənistanın Aİ-yə qəbul olunması ideyası yanlış yanaşmadır.Deputat bununla bağlı Avropa Komissiyasına ünvanladığı sorğuda qeyd edib ki, Avropa İttifaqı ilk növbədə iqtisadi birlik olaraq qalmalı, geosiyasi məqsədlərlə genişlənməməlidir.
Andriesenin sözlərinə görə, Avropa İttifaqı "fundamental olaraq Avropa xarakteri" daşıyır və Brüssel genişlənmə siyasətində qitənin aydın coğrafi sərhədlərinə sadiq qalmalıdır. O vurğulayıb ki, Ermənistana üzvlük vədi verilməsi rəsmi İrəvanda əsassız gözləntilər formalaşdıracaq. "Ermənistana üzvlük təklif etməkdən imtina edilməlidir ki, rəsmi İrəvanda yalan gözləntilər yaranmasın", – deyə Avropa Parlamentinin deputatı bildirib. Onun fikrincə, Avropa İttifaqı Ermənistanla digər Aİ üzvü olmayan dövlətlərlə olduğu kimi, diplomatik, iqtisadi və ticarət əlaqələri çərçivəsində əməkdaşlıq etməlidir. Mike Andriese həmçinin geosiyasi dəyişikliklərin Avropa İttifaqının genişlənməsi üçün əsas arqumentə çevrilməsinin təhlükəli olduğunu bildirib. O, Ukrayna və Moldovanın Aİ-yə üzvlük üçün müraciətlərini, eləcə də bu ölkələrə namizəd statusunun verilməsini tələsik qəbul edilmiş qərarlara nümunə kimi göstərib.
"Geosiyasi dəyişikliklər heç vaxt Avropanın genişlənməsi və ya Brüsseldən mərkəzləşdirilmiş idarəetmənin gücləndirilməsi üçün bəhanəyə çevrilməməlidir", – deyə deputat sorğusunda vurğulayıb. Andriese müraciətində bir daha qeyd edib ki, Avropa İttifaqı öz mahiyyətinə görə Avropa qitəsinin inteqrasiya layihəsidir və genişlənmə siyasəti bu prinsipə uyğun aparılmalıdır. Deputat hesab edir ki, Ermənistanla münasibətlər davam etdirilməli olsa da, bu əməkdaşlıq yalnız diplomatik, iqtisadi və ticarət əlaqələri çərçivəsində inkişaf etdirilməlidir. Onun fikrincə, Aİ rəhbərliyi geosiyasi proseslərin təsiri altında emosional qərarlar qəbul etmək əvəzinə, birliyi ilk növbədə iqtisadi layihə kimi qiymətləndirməlidir.
Strenford Universitetinin professorru Artur Xaçikyan bununla bağlı münasibət bildirib. "Beləliklə, əziz ermənilər, sizi yenə aldatdılar. Bunu sizə artıq, məncə, azı səkkiz ildir izah etməyə çalışırıq. Seçkilərə qədər sizə ürəklər, mahnılar və vədlərlə dolu siyasi "Avroviziya" təşkil etdilər. İndi isə kütləvi saxtakarlıqlar və xarici müdaxilələrdən sonra həqiqəti demək olar – həm də Avropa Parlamentinin deputatı səviyyəsində. Bütün şərtləri yerinə yetirsəniz də, tam kapitulyasiya etsəniz də, Mehri bölgəsini versəniz də, Rusiya ilə əlaqələri qırmış olsanız da – yenə də Avropa İttifaqına qəbul edilməyəcəksiniz. Bütöv bir xalqı bu qədər açıq şəkildə aldatmaq, məsxərəyə qoymaq nə qədər alçaq və rəzil hərəkətdir. Bəlkə əvvəlcə özümüzdən başlamalıyıq? Niyə bizi təkrar-təkrar aldatmağa imkan veririk? Niyə bizə izah ediləndə düşünmək istəmirik? Niyə nağıllara inanırıq? Niyə təbliğatçıları dinləyirik və bu rejimin xəyanətini, satqınlığını qəbul edirik?"
/Musavat.com