AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
III Yazı
Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvan (1832-1897) 1832-ci il avqustun 15-də Şuşada, Qarabağın son xanı Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında “Xan qızı” ləqəbi ilə tanınan Natəvan saray tərbiyəsi gormüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Güney Azərbaycanımızdan olan alim-tədqiqatçı Məhəmməd Rza Kərimi yazır ki, Natəvan ibtidai təhsilini ev müəllimlərinin yanında almış, ana dili ilə bərabər fars və ərəb dillərini öyrənmiş, Şərq klassiklərinin əsərləri ilə yaxından tanış olmuşdur (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi”, 2014; 91). Natəvan yaşadığı dönəmin içində öncəliklə, bir qadın lider olaraq yaşadığı problemlərlə mübarizə etmiş, eyni zamanda xanlığın idarə edilməsində bir sıra isalahatlar aparmağa çalışmışdır. Natəvan Qarabağ Xanlığının son varisi kimi həm Şuşa şəhəri və ətraf ərazilərin idarəçiliyi ilə məşğul olmuş, həm də Şuşada “Məclisi üns” (1864-1897) ədəbi məclisinin inkişafında mühüm rol oynayaraq burada ictimai-fəlsəfi məzmunlu şeirlərin müzakirəsini təşkil etmişdir. “Azərbaycan tarixi” çoxcildliyinin 4-cü cildində yazılır ki, “Məclisi-üns” 1864-cü ildə Şuşada Mirzə Rəhim Fəna tərəfindən təşkil edilmişdi: “1872-ci ildə görkəmli şairə Xurşidbanu Natəvan (1832-1897) məclisə qoşulduqdan sonra onun üzvlərinin sayı daha da artmış, fəaliyyəti geniş və müntəzəm şəkil almış və bütün ölkədə şöhrət tapmışdır. “Məclisi-üns”ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Mömobey Məmai və baqşa üzvləri var idi” (Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). Bakı, Elm, 2007; .386-387). Ancaq bəzi tədqiqatçılar yazırlar ki, 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır (Məmmədli Ruhiyyə, Əhmədova Sevil. “Tək İnci Kimi Parlayan Xan Qızı Xurşidbanu Natəvan”. Bakı, 2017; 7). Məhəmməd Rza Kərimi də yazır ki, Natəvan Şuşada “Məclisi-üns” adlı ədəbi məclis yaratmış və ona rəhbərlik etmişdir: “Bu ədəbi məclis Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rol oynamışdır. Çünki o, bir nümunə rolu oynadı və çox keçmədi ki, Azərbaycanın başqa yerlərində də ona oxşar məclislər yarandı və fəaliyyət göstərdi” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 91).Bizcə, Natəvan “Məclisi-üns”ün inkişafında və fəallığında mühüm rol oynamış, anca ona qədər həmin məclis bir qədər zəif şəkildə də olsa, mövcud olmuşdur.
“Məclisi-üns” üzvlərinin sayına və tərkibinə görə sonradan təşkil edilən “Məcməüşşüara” (Bakı), “Beyti-Fəramuşan” (Şuşa), “Beytüs-səfa” (Şamaxı) məclislərindən fərqlənmişdir. Firudin bəy Köçərli yazırdı: “Xurşidbanu elmü mərifət sahibəsi olmağa görə, əksəri-övqatı ürəfa, şüəra və üdəba dairəsində keçirərdi. Şeir və qəzəli sevib, özü dəxi gözəl və zərif təb sahibəsi idi. Mərhum Qasım bəy Zakir və sonralardan Abdullah bəy Asi və onun müasirləri və xüsusən hali-həyatda olan Mirzə Rəhim Fəna cənabları ol gövhəri-pakın inayətləri sayəsində təblərinə vüsəti qüvvət verdilər” (Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005; 165).
Tədqiqatçılara görə, Natəvanın təxminən iyirimi (20) ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns” də Azərbaycan türkcəsi, fars dilləri ilə yanaşı, cığatay dilində (Özbək türkcəsində) də qiymətli mənzumələr yaranmışdır. Məclisdə klassiklərdən tərcümələr edilmiş, burada Xaqani, Nizami, Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır. Şeirlərin bir qismi də məşğələ zamanı məclis üzvlərinin bədahətən söylədikləri beyt və ya misralardan düzəlmişdir (Məmmədli Ruhiyyə, Əhmədova Sevil. “Tək İnci Kimi Parlayan Xan Qızı Xurşidbanu Natəvan”. Bakı, 2017; 7). “Məclisi üns” adlı ədəbi məclisdə fəal şəkildə iştirak edən Natəvanın şeirlərindəki eşqin, sevginin məşhur şair-mütəfəkkirimiz Məhəmməd Füzuli kimi cismani deyil, daha çox mənəvi xarakter daşımasına şübhə etmirik. Bunu, Məhəmməd Rza Kərimi də çox doğru qeyd edərək yazırdı: “Natəvan özünəməxsus bir şairə idi. O, Füzulinin üslubunda yazsa da, heç vaxt təqlid arxasınca qaçmamışdır. Onun özünəməxsus üslubu formalaşmışdı” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 91).Məsələn, Natəvan, bir şeirində Füzuli ruhunda belə yazırdı:
Dilbərə, dərdi-dilimdən belə ünvan etdim –
Ki, qəmi-hicridə dil mülkünü viran etdim.
Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,
Ol səbəb məskənimi kuhü biyaban etdim.
Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.
Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri-sidq ilə dilü canımı fərman etdim.
Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya Rəb –
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi gör ki, nə tufan etdim.
Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfqan etdim (Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005; 166).
Deməli, Natəvan öz ilahi sevgisindən əl çəkmir, çünki bu eşq onun yalnız bu həyatı deyil, əbədi həyatı üçün bir dönməzlikdir. Bu anlamda, insanın içindəki dərdini də özü kimi biləcək ikinci bir insan yoxdur, yalnız Tanrıdan başqa. Tanrı və insan vəhdəti dərdli ilə dərdsizi bir-birindən ayıra bilər. Ancaq dərdli, möhnətli birisinin, eyni zamanda nə qədər dərdsiz olması da aşikardır. Çünki içindəki dərdləri Tanrıyla bölüşən insan sanki dərdsizləşir və zahirən dərdli ikən dərdsiz görünür. Bizcə, bu anlamda bəlkə də, insan üçün tək çarə özünə Dost bildiyi Tanrıdan başqa ilah yoxdur. Şübhəsiz, belə bir Dostun əliylə ölmək də, əslində cismani cəhətdən ölməkdirsə, mənəvi cəhətdən ölümsüzləşməkdir. Bu anlamda, cismani dünyada özümüzə dost bildiklərimiz də, əgər əsil Dostu anlamırlarsa o zaman, yenə tək çarə içimizdəki ilahi Dosta üz tutmaqdır. Natəvan yazır:
Rəqib töhməti etdi məni cüda, ey dust,
Bu zülfü gördü rəva, görmə sən rəva, ey dust!
Əgər ki, tiğ şəkib öz əlinlə öldürsən,
Deyil cəfa bu mənə, bilməzəm cəfa, ey dust!
Kənardən baxaram mən həqir həsrət ilə,
Bu, yaxşı şivə deyil, olma bivəfa, ey dust!
Rəqibə xoşdu həmişə məni kənar etsin,
Fəda o himmətinə, olasan riza, ey dust!
Nə tab hicrinə vardır, nə taqətim səbrə,
Bunun əlacı ki,mümkün deyil mana ey dust!
Sənin bu hüsnünə layiq heyf ki, əhdin yox,
Nə qədər səy elədim, tapmadım dəva, ey dust!
Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm,
Görək ki, neyləyəcək axırı qəza, ey dust!
Rəqib görməsin, Allah, visali-işrətini,
O səpdi tuxmi-fərağı, görüb rəva, ey dust!
Çağırram Allahı mən hali-Natəvan ilə,
Məgər ki, tez verə həq düşmənə cəza, ey dust!(Natəvan Xurşidbanu. Əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004; 26).
Natəvan bu şeirində də, Allahın ədalətinə sığınaraq mənəvi və maddi anlamdakı “dostu” bir-birindən fərqləndirməyə çalışmışdır. Buna səbəb də odur ki, insan nə qədər ilahi bir Dostu idrak etməyə çalışsa da, obyektiv aləmdə mövcud olan “dost”u da bir kənra qoymaq mümkün deyildir. O zaman insan obyektiv aləmdəki “dostu” ilə, ilahi bir Dost arasında nə cür bağlılıq yarada bilər!? Bizcə, insanın şüurundakı ilahi “dost”la, real həyatdakı “dost”un oxşar cəhətləri ilə fərqlilikləri də görməyi bacarmaq lazımdır. Təsadüfi deyil ki, xalq arasında deyirlər ki, dostunu, yol yoldaşını mənə göstər sənin mahiyyətcə kim olduğunu deyək. Deməli, obyektiv aləmdəki “dost”muzun, yol yoldaşımızın mahiyyəti xeyli dərəcədə, bizim “mən”imizin mahiyyətini ortaya qoyur ki, bu da mənəvi Dosta olan münasibətimizin bu və ya digər formada ifadəsidir.
Natəvanın şeirlərində insan ruhunun daxili iztirabı və azadlığa doğru can atması da çox hiss olunur. Hər bir insan öz daxili narahatçılığından, nigarançılığndan qurtulmaq üçün bir şeylər aramaqda, sanki yeni bir azadlıq əldə etmək istəyində olur.Ümumiyyətlə, Natəvanın yaradıcılığı əsasən, bu dünyanın faniliyində və axirətə inamda əsasən nikbinlik üzərində qurulsa da, ancaq bəzi tərəddüdləri də hiss etmək mümkündür. Xüsusilə də, ömrünün son illərində nikbinliyin müəyyən qədər pessimizmə doğru yuvarlanması hiss edilməkdədir. Ancaq bütövlükdə Natəvanın özündə güc taparaq toparlanması və özündən sonrakı qadın şair-ədiblərə çığır açması da, danılmaz bir həqiqətdir.
Eyni zamanda, o, yalnız ilahi məhəbbəti, ilahi eşqi tərənnüm etməklə kifayətlənməmiş ictimai-maarifçi şeirlər də yazmışdır. Məhəmməd Rza Kərimi də yazır ki, Natəvanın müasirləri əsasən eşqi, məhəbbəti mədh edən şeirlər yazsa da, o, məhəbbəti tərənnüm etməklə yanaşı, xalqın acınacaqlı həyatını, qadının şərəf və ləyaqətini də təsvir etmişdir. Kərimi yazırdı: “Natəvan pak məhəbbətdən, ayrılıq və intizardan, yarla görüşmək arzusundan, eşq və məhəbbətdən gözəl, şairanə duyğularla bəhs edirdi. O, şeirlərində qızları onların razılığı olmadan ərə verən mühitə, qadınları məhrumiyyətə düçar edən şəraitə etiraz edirdi. O, qadınların hüquqlarının tapdalanmasından narahat olurdu. Əlbəttə, Natəvan öz etiraz və nigarançılıqları ilə maarifpərvər bir xanım kimi məzlumların ümid yeri olmuşdur” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 91).Deməli, Natəvan Xanlığın başçısı kimi də siyasi-ictimai məsələləri dərindən anlamış, idarəetməni düzgün təşkil etməyi bacarmışdı. Başqa sözlə, Natəvan yaradıcılığında siyasi məsələləri əks etdirməsə də, ancaq Xanlığın son başçı varisi kimi həyatı boyunca maarifin, mədəniyyətin yayılmasına çalışmış, sosial-mədəni və xeyriyyəçilik tədbirlərində fəal iştirak etmişdir.
XIX əsr Azərbaycanın qadın-şair ədibimiz Xurşidbanu Natəvan yalnız ədəbiyyat baxımından deyil, ictimai-fəlsəfi anlamda da özünü ifadə etməyi bacarmışdır. Ola bilsin ki, onun yaradıcılığında ictimai-fəlsəfi məzmun çox da özünü büruzə verməmişdir. Ancaq onun şeirlərindəki mənaların mahiyyətini yalnız zahirlə, təzahürlə qiymətləndirmək də doğru olmazdı. Məsələn, Natəvanın şeirlərində yalnız dünyəvi yara həsr edilmiş mənaları deyil, eyni zamanda ilahi xarakterli mahiyyəti də görmək lazımdır. Ən əsası da odur ki, Natəvan bir qadın olaraq da istər dünyəvi yara, istərsə də İlahiyə olan sevgisini ifadə etməkdə özündə iradə tapa bilmişdir. Belə ki, Natəvan Qarabağ Xanlığının varisi kimi öz nufuzundan istifadə edərək bu bölgədə mühüm işlər görmüş, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Dövrünün tanınmış ictimai xadimi olan Natəvanın yenilikçi addımları ilə yanaşı, onun romantik-fəlsəfi mahiyyətli yaradıcılığından, xüsusilə də insani hisslərin dünyəviliklə yanaşı, ruhaniyyatından söz açmamaq mümkün deyildir. Onun şeirlərindəki ruhani-mənəvi duyğular nə qədər bu dünya ilə bağlı olsa da, eyni zamanda ilahi xarakter daşıyan məzmundan da xali deyildir.