Nizami Məmmədov Tağısoy
Bakı Slavyan Universiteti
filologiya elmləri doktoru, professor
Bu məqalədə Sizə alimliyinə və insanlığına yaxından bələd olduğum Böyük Vətən Mühasibəsi iştirakçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, Beynəlxalq Ədəbi Tənqidçilər İttifaqının üzvü, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ömrünü tələbələrin elmi inkişafı uğrunda xərcləyən, əsərlərini Azərbaycan, rus və talış dilində yazan əvəzsiz ustad-pedaqoq Seyfulla Əsədullayevlə bağlı ekslüziv məlumat verməyə çalışacağam.
Seyfulla Əsədullayev 19 iyun 1924-cü ildə Lənkəranın Ərçivan kəndində dünyaya göz açmış, 28 iyul 2011-ci ildə Bakıda dünyasını dəyişmişdir. Əslində göstərdiyimiz bu rəqəmlər onun dünyasını dəyişməsindən daha çox dünyaya gəlməsi ilə əlamətdardır.
***
Seyfulla müəllim haqqında mən ilk dəfə o vaxtıkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil aldığım 70-ci illərin əvvəllərində eşitmiş, kitablarından bəzilərini oxumuşdum. Və bir də onun elmi erudisiyası ilə bağlı bizə o vaxtlar İnstitutumuzdakı Rus sovet ədəbiyyatı kafedrasının müdiri, professor, Əməkdar elm xadimi Həbib Bayram oğlu Babayev və həmin kafedranın professoru Aleksandr Alekseyeviç Svariçevski (onların hər ikisi bizə rus ədəbiyyatı fənnindən mühazirələr oxumuşdular) məlumatlar vermişdi. Çünki bəzi rus müəlliflərinin əsərlərini təhlil etməklə bağlı tapşırıqlar verdikdə onlar Seyfulla müəllimin də əsərlərindən qidalanmağı tövsiyə edirdilər. Kitablarındakı şəkillərdə Seyfulla müəllim olduqca möhtəşəm və zəhmli alim təsiri bağışlayırdı.
İş elə gətirdi ki, 1975-ci ildə biz Dövlət İmtahanı verməyə hazırlaşarkən Dövlət İmtahan Komissiyasının sədrinin Seyfulla Əsədullayevin olduğunu bildik. Açığını deyək ki, kürkümüzə bit düşdü ki, biz ondan necə “əla” qiymət ala biləcəyik. Bizim qrup daim dərslərə yüksək səviyyədə hazırlaşan idi. Eyni zamanda bir neçəmiz yalnız “əla” qiymətlərlə oxuyurduq. Burada isə lap sonda necə deyərlər “Daş qayaya rast gəlmişdi”. Bizə olduqca səriştəli, öz peşəsinin xiridarı Kolmanovski, Şatalin, Meyerson, Kats, Diarova, Həbib Babayev, Aleksandr Svariçevski, Sabir Turabov, Məmməd Qocayev, Sabir Daşdəmirov, Atamoğlan Əliyev və başqa bu kimi yüksək səviyyəli elm və bilik sahibləri dərs demişdi. Burada isə uğurlara gedən yolumuzun üstündə gözlənilmədən professor Seyfulla Əsədullayev dayanmışdı. Çox qorxur, ehtiyat edirdik. Dostum, əqidədaşım Heydər Cəfərovla bir qrupda oxuyur, bir yerdə qalırdıq. Sualların hamısını necə tələb olunur, oyrənir və bir-birimizə danışırdıq. Eyni zamanda bu adət bizdə I kursdan başlayaraq son kursa qədər davam etmişdi. Qrupumuzun xeyli tələbələri semestr imtahanlarına bir gün qalmış biz olduğumuz evə gələr, biz də onlara hər çətinlik çəkdikləri sualı danışardıq. Onların da əksəriyyəti bu biliklərin sayəsində gedib səhəri günü imtahandan məqbul qiymətlə çıxardılar. Bu dəfə isə vəziyyət tamamilə bambaşqaydı. Belə qeyri-müəyyənliyə baxmayaraq, mən Heydərə, Heydər mənə ürək-dirək verirdi ki, nə olub ki, biz ehtiyatlanaq. Sualları mükəmməl bilirik, deməli, imtahanda bizim üçün ciddi problem olmayacaq. Vaxt gəldi, vədə yetişdi, imtahana girdik. İmtahan komissiyasının üzvləri cavablarımızı dinlədilər. Seyfulla müəllim dəfələrlə bizə özünün jest və mimikaları ilə əla cavab verdiyimizi işarə etdi. İmtahandan sonra hər dəfə qiymətlər elan olunduqda bizə “əla” yazıldı və diplomumuza əlavə olunan həmin qiymət cədvəlini biz bu gün də böyük şərəflə qoruyub saxlamaqdayıq.
Bundan sonra mənim prof. Seyfulla Əsədullayevlə daha sıx ünsiyyətlərim yarandı. Aspiranturada, sonra doktoranturada, daha sonralar monoqrafik arasdırmalar ortaya qoyanda iş elə gətirdi ki, Seyfulla müəllimlə daha çox ünsiyyətdə olduq. O, mənim xətrimi çox istəyirdi. Namizədlik dissertasiyasında kənar rəyçim, doktorluqda opponentim, monoqrafilarımda elmi redaktorum oldu. Hər dəfə vaxt tapıb BDU-ya gedəndə onunla görüşməyə çalışır, hal-əhval tutur, söhbət edir, hansı araşdırmalar üzərində işləyir və s. bağlı fikirlər bölüşürdük. Beləcə ünsiyyət və münasibətlərimiz yaxın dost – həmkarlar müstəvisində davam edirdi. Seyfulla müəllim bizim Bakı Slavyan Universiteti ilə daim yaxından əlaqə saxlayırdı. Elmi tədbirlərdə, konfranslarda, simpoziumlarda iştirak edirdi. Seyfulla müəllim olan yerdə daim elmi-nəzəri diskussyalar olurdu. Onun nəzəri-estetik baxışları çoxlarını zənginləşdirirdi. Bir sözlə, prof. Seyfulla Əsədullayev böyük və özü özlüyündə zəngin bir məktəb idi.
***
Beləcə illər illəri arxada qoyurdu... Bir müddət sonra eşitdim ki, Seyfulla müəllimin cavan oğlu dünyasını dəyişib. Evlərində olmamışdım. Universitetə gedib, yaşadıqları ünvanı öyrəndim. Gedib Seyfulla müəllimə başsağlığı verdim. Bir qədər dərdinə sərik olduqdan sonra çıxıb evə gəldim. Seyfulla müəllim haqqında çox düşündüm, qayğılandım...
Bu qayğılardan az kənarlaşmışdım ki, bir qədər sonra Seyfulla müəllim Haqqın Dərgahına qovuşdu. Mən 1975-ci ildəki Dövlət İmtahanlarından sonra sanki Seyfulla müəllimi özümçün xüsusi olaraq kəşf etmişdim. Bu kəşfdə elmi rəhbərim, daha sonra doktorluq dissertasiyamın elmi məsləhətçisi, professor, Əməkdar elmi xadimi Həbib Babayevin əməyi böyük idi. Bizlər Həbib Babayev, Aleksandr Svariçevski, Seyfulla Əsədullayev, Mstislav Şatalin, Məmməd Qocayev və b. bu kimi alimlərin ətrafında yetişmişdik. Bircə faktı deyim. Necə olmuşdusa Həbib müəllimlə Seyfulla müəllim arasında bir məqaləylə bağlı anlaşımazlıq baş vermişdi. Lakin buna baxmayaraq, Həbib müəllim mənə Seyfulla müəllimin aparıcı keyfiyyətlərindən bəhs edib, dissertasiyamı və monoqrafiyamı onun üstünə göndərmişdi. Bizim o vaxtkı müəllimlərimizdə məhz belə yenilməz keyfiyyətlər vardı.
***
Hardasa 2000-ci ilin ikinci yarısı idi. Seyfulla müəllimgilin kafedrasına getmişdim. Mənə “Azərbaycan” jurnalında nəşr olunmuş hekayələrini verdi. Gördüm yığcam həcmli orijnal əsərlərdir. Bir məqalə yazıb onun elmi və ədəbi yaradıcılığı ilə bağlı həmin jurnalda çıxış etdim. Jurnalın bir nüsxəsini də Seyfulla müəllimin özünə hədiyyə etdim. Bununla mən heç də demək istəmirəm ki, nəyi isə elədim. Lakin demək istəyirəm ki, Seyfulla müəllim kimi insanlar həyatda çox nadir olurlar. Belələrinin qədir-qiymətini biz yalnız onlar bu dünyanı tərk etdikdən sonra bilirik.
***
Seyfulla Əsədullayev haqqında danışmaq Azərbaycan alimliyinin vicdanı, ucalığı haqqında danışmaqdır. Eyni zamanda elmin nəhayətsizliyi ilə bağlı fikir söyləmək bu nəhayətsizliyin Seyfulla müəllim tərəfindən auditoriyaya necə mənimsədilməsi haqqında danışmaqdır. Çünki Seyfulla müəllimin elmi-nəzəri təfəkkürü hədlər tanımırdı. Onun xeyli elmi müzakirələrdə gərəkli mülahizələrini dinləmişdim.
Professor Seyfulla Əsədullayev ədəbiyyatşünaslıq, ədəbi tənqid, Azərbaycan və rus ədəbiyyatının çeşidli problemlərinin öyrənilməsi istiqamətində zəngin elmi irs qoyub getmişdir. Onun müxtəlif illərdə çap etdirdiyi əvəzsiz əsərləri “Sosialist realizmində tarixilik, nəzəriyyə və tipologiya” (“Историзм, теория и типология социалистического реализма”. Баку, Азернешр, 1965), “Roman haqqında qeydlər” (“Заметки о романе”), “Erkən sovet ədəbiyyatında sosialist realizminin təşəkkülü” (“Становление социалистического реализма в ранней советской литературе»”. Баку, Азгоcиздат, 1974, 295 с.), XX əsrin 20-ci illər ədəbi həyatına, o cümlədən Fyodor Qladkovun “Sement” romanına dair dəyərli elmi-nəzəri mülahizələri, Respublika və Moskva nəşrlərində xeyli dərəcədə məqalə və materialları ciddi rezonans doğurmuşdur.
Professor Seyfulla Əsədullayevin yuxarıda adlarını çəkdiyimiz dəyərli araşdırmaları ilə yanaşı, onun özünün avtoqrafı ilə bizə bağışladığı “Azərbaycan poeziyasında sonet janrı. Tarix və nəzəriyyə” (Bakı, 2003), “V.Vısotskinin poetikası” (Bakı, 2003), “Müasir ədəbiyyatşünaslığın metodoloji problemləri” (Bakı, 2003), “XX əsr rus ədəbiyyatında Avrasiya sintezi problemi” (Polşa, 2007) və başqa bu kimi araşdırmaları da qeyd edilməlidir.
Seyfulla Əsədullayevin elmi-nəzəri baxış dairəsi çox əhatəli idi. Qələmə aldığı məqalərində, bir tərəfdən, rus ədəbiyyatı klassiklərinin (Puşkin, Qoqol, Çernışevski, L.Tolstoy, Çexov, Qorki, Mayakovski, Şoloxov, Fadeyev, Prişnin, L.Leonov və b.) yaradıcılığının çeşidli tərəflərinə işıq tutulurdusa, digər tərəfdən Azərbaycan yazıçılarının və tənqidçilərinin əsərləri ilə bağlı (A.Bakıxanov, İmran Qasımov, Sabit Rəhman, Yusif Vəzir Çəmmənzəninlə, M.Rzaquluzadə, B.Musayev, M.İbrahimov) obyektiv analitik yazılar çap etdirirdi.
Prof. S.Əsədullayevin monoqrafik araşdırma və məqalələrində bir qayda olaraq ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsinin az öyrənilmiş, yaxud ümumiyyətlə öyrənilməmiş problemləri təhlilərə cəlb edilmişdir. Onların sırasında tarixlik, nəzəriyyə və tipologiya, müasir ədəbiyyatşünaslığın metodoloji konsepsiyaları və s. kimi məsələlərə praqmatik təfəkkür işığında nəzər salınmışdır.
***
Prof. S.Əsədullayev daim beynəlxalq səviyyəli konfrans, simpozium və konqreslərlərin iştirakçısı olmuş, Ədəbi Tənqidçilərin Beynəlxalq Assosiasiyası və Rus dili və Ədəbiyyatı müəllimlərinin Beynəlxalq Assosiasiyası xətti ilə ardıcıl olaraq Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Praqa, Budapeşt, Sofiya, Poznan, Tbilisi, Daşkənd, Frunze, Almatı, Voloqda, Kalininqrad, Oryol, Sıktıvkar və dünyanın müxtəlif şəhərlərində elmi məruzələr etmişdir.
Bundan başqa o, 1999 – 2007-ci illərdə Avropa Rusistikası və Müasirlik Problemi üzrə öz dəyərli çıxış və tövsiyələri ilə yaddaşlarda qalmışdır.
***
Seyfulla müəllim həyatın bütün məşəqqətlərini görmüş dəyərli vətəndaş idi. 1942-ci ilin dekabrında Ordu sıralarının çağrılmış, Böyük Vətən Müharibəsində iştirak etmiş, yaralanmış, əvvəl 216-ci atıçı polkda, sonra 960-cı artilleriya polkunda xidmət etmiş və leytenant rütbəsində hərbi xidmətini başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra 1945 – 1947-ci illərdə əvvəl öz doğma kəndi Ərçivanda, sonra Astara şəhərində müəllimlik etmişdir.
1947-ci ildə M.F.Axundov adına Azərbaycan Müəllimlər İnstitutuna qəbul olunmuş, 1949-cu ildə bu ali məktəbi fərqlənmə (qırmızı) diplomu ilə bitirib, elə həmin ildəcə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Bir müddət M.F.Axundov adına APİ-da laborant, baş laborant və müəllim kimi rus ədəbiyatı kafedrasında işləmiş, 1956 – 1959-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində Rus sovet ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.
1959 – 1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda dekan müavini, dekan işləmiş, 1959-cü ildə aspiranturada oxuduğu ali məktəbdə “F.Qladkov və 20-ci illərdə ədəbi həyat” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1966-cı ildən 2009-cu ildək Bakı Dövlət Universitetində Rus ədəbiyyatı tarixi, XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi, Müasir rus ədəbiyyatı kafedralarına rəhbərlik etmişdir.
1970-ci ildə “Tarixilik, nəzəriyyə və sosialist realizminin tipologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Onun elmi rəhbərliyi altında 26 elmlər namizədi və 11 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur.
***
Professor Seyfulla Qüdrət oğlu Əsədullayev 1986-cı ildə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur.
Seyfulla Əsədullayev XX əsr Rus ədəbiyyatı tarixi, Ədəbiyyat nəzəriyyəsi və Ədəbiyyatşünaslığa giriş fənlərindən müharizələr oxuyurdu. Onun müharizirələri bir qayda olaraq özünün novatorluq konsepsiyası, nəzəri baxışları ilə zənginləşdirilir, yeni metodoloji yanaşmaları ilə seçilirdi. Alimin qələmindən 500-dən artıq elmi-nəzəri ədəbi-tənqidi məqalələr, 20 monoqrafik araşdırma və üç kitab araya-əsrəyə çıxmışdır.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi olan bu istedadlı tədqiqatçı çoxsaylı “Xalqlar dostluğu”, “Şöhrət” ordeni, 12 medal, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı və s. ilə təltif olunmuşdur.