Özbək ədəbiyyatının daş-qalaq edilmiş klassiki



Kənan Hacı

Həmzə Həkimzadə Niyazi XX əsr özbək ədəbiyyatının yaradıcılarından biridir. Onun yaradıcılığı çoxşaxəlidir; şair, dramaturq, bəstəkar, müəllim və ictimai xadim kimi Həmzə öz xalqının mədəni həyatında əhəmiyyətli rol oynayıb. Özbək tədqiqatçıları sovet dönəmində ona “proletar şairi” adını versələr də (vaxtilə Azərbaycanda Mirzə Ələkbər Sabirə də eyni təyinatı vermişdilər, halbuki Sabir təpədən-dırnağa xəqli şair idi) Həmzə özbək xalqının bütün sahələrdə inkişafa nail olması üçün imkanlarını səfərbər etmişdi. O, sözün həqiqi mənasında böyük maarifçi idi.

Onun poetik yaradıcılığı isə sözün tam mənasında yeni idi, yeni şeir formaları axtarırdı, klassik poeziyanın qanunlarına əməl etməklə şeirə yeni məzmun və mündəricə gətirməyə çalışırdı. Həmzə cəmi iyirmi beş illik yaradıcılıq yolu keçib. Amma yaşadığı dövr son dərəcə mürəkkəb, ziddiyətli olduğundan bu, onun yaradıcılığına da sirayət edib.

Həmzə Niyazi 1889-cu ildə martın 6-da Kokand şəhərində həkim ailəsində anadan olub. Solkaşon məhəlləsində köhnə məktəb və mədrəsədə (1896–1906), sonra 8 ay Nəmənqan mədrəsəsində (1908) təhsil alıb. O, mədrəsədə 1898-ci ilə qədər qrammatikanı tamamilə mənimsəyir. Bundan sonrakı dövrdə özbək və fars dillərini öyrənir.

Həmzənin atası İbn Yəmin Niyazoğlu da dövrünün savadlı adamlarından idi. Gəncliyində əkinçiliklə dolanırmış, sonra həkimlik təhsili almaq üçün Buxaraya gedir və xalq arasında "Həkimçə" ləqəbi ilə tanınır. Həmzənin "Həkimzadə" ləqəbi atasının ləqəbindən yaranıb. Atası doğma yurdunu tərk edəndə Həmzənin on altı yaşı vardı, artıq ərəb-fars dilləri vasitəsilə Şərq ədəbiyyatını mükəmməl öyrənmişdi.

O dövrdə Buxara Orta Asiya müsəlman mədəniyyətinin mərkəzi hesab olunurdu. Həmzə 1909-cu ildə Buxaraya yollanır. Orada Həmzə ərəb elmini məşhur müəllimi İkramçi-Domla ilə başa çatdırmaq istəyirdi, lakin Buxaradan olan sünnilərlə şəhərdə yaşayan şiələr arasında münaqişələr nəticəsində Həmzənin planları pozuldu. Həmzə toqquşmalarda iştirak etməmək üçün Buxaranı tərk etməli olur. Bir aya yaxın, Kokanddakı mətbəədə işləyir. 1910-cu ildə Daşkəndə gələrək Üsuli Cədid məktəblərinin təhsil proqramları ilə tanış olur. Sonra Daşkəndin Kaşkar məhəlləsində, 1911-ci ildə Kokanda, 1914-cü ildə Margilonda və yenidən Kokanda məktəblər açıb uşaqlara dərs deməyə başlayır, yoxsulların uşaqları üçün pulsuz məktəb yaradır. O, yeni üsulla məktəblər açaraq xalqı maarifləndirmək və məktəblər üçün yeni tipli tədris vəsaitləri yaratmaq məqsədilə Kokand və Margilonda açdığı məktəblərin şagirdləri üçün dərs vəsaitləri hazırlayır. "Yeni ədəbiyyat", "Oxu ​​kitabı" (1914) və "Qiraət kitabı" (1915) dərsliklərini yazır. Bu şəhərdə səvtiyyə (ərəb.-səs üsulu) məktəbi açdığına görə təqiblərə məruz qalsa da, başqa bir şəhərdə başqa bir müasir məktəb açaraq, yoxsulların, eləcə də onların övladlarını oxutmaq istəyirdi. Bu səbəbdən hara üz tutursa, orada kasıb balaları üçün pulsuz məktəblər yaradır. Həmzənin məqsədi və amalı xalqın maariflənməsi idi, bu yolda müxtəlif maneələrlə üzləşsə də məqsədindən geri dönmək fikri yox idi.

1913–1914-cü illərdə Həmzə bir sıra müsəlman ölkələrini (Hindistan, Əfqanıstan, Türkiyə, Suriya) gəzib dolaşır. Mədinə və Məkkəyə də səfər edir, Həcc ziyarətində olur.

Həmzə tərcümeyi-halında yazır ki, “atam olduqca savadlı adam idi və mənim də oxuyub təhsil almağımı istəyirdi”.

Tələbələrdən Quranın mətnini və onun təfsirlərini bilmələri tələb olunurdu. Dini doqmalar Həmzəni mədrəsədən uzaqlaşdırırdı, o, dünyəvi təhsilə can atırdı. Ailəsinin imkanları onu oxutmağa yetmirdi. Amma Həmzə isə elm süvarisi idi, məhrumiyyətlə onu qorxutmurdu.

Həmzə şeir yazmağa erkən başlayıb. Avtobioqrafiyasında 1899-1900-cü illərdə yazdığı şeirləri qoruyub saxladığını yazır. Amma təəssüf ki, onun pyeslərinin bir çoxu itib-batıb. Özbək yazıçısı Kamil Yaşen Həmzənin bəzi pyeslərini demək olar ki, yenidən bərpa edib.

Həmzə öz tərcümeyi-halında belə xatırlayır: “1905-ci ildə rus-yapon müharibəsi haqqında bir şeir yazmışdım”. Bu il Həmzənin ciddi bədii yaradıcılığının başlanğıc tarixi hesab oluna bilər.

Bu, Orta Asiya xalqlarının həyatında yaddaqalan bir dövr idi. İnqilabi proseslər Özbəkistanın ictimai həyatının canlanmasına səbəb olur. Səmərqənddə M. V. Morozovun redaktoruluğu ilə“Səmərqənd” adlı qəzet nəşrə başlayır. Daha sonra “Rus Türküstanı” qəzeti çap olunmağa başlayır. İngilis dilində “Türküstan vilayətinin qəzeti” də bu sıraya qoşulur. Daşkəndd, Səmərqənd, Xivə, Fərqanə və başqa şəhərlərdə mətbəələr açıldı və özbək klassiklərinin əsərləri çap olunmağa başladı. Bütün bunlar Həmzənin fikir və düşüncə adamı kimi formalaşmasında həlledici rol oynadı.

Səmərqənddə yanvar ayında mətbəə işçilərinin tətili Həmzənin yaddaşında silinməz izlər buraxıb. Namanqanda o, gənc bir tatarla dostluq etməyə başlayır və kiçik broşura və vərəqələri əl dəzgahında çap etdirərək şəhərdə yayırlar.

Beləliklə, mütərəqqi-demokratik hərəkat özbək şairlərinin şeirlərində də öz əksini tapmağa başlayır.

Sosial həyatda baş verən dəyişikliklərin təsiri ilə özbək ədəbiyyatında yeni imkanlar yaranır. Ədəbi dilin xalq dilinə yaxınlaşması üçün Həmzə və onun əqidədaşları böyük iş görürlər.

Həmzə maarifçi missiyasını yerinə yetirirdi. Qısa müddət Kokonda rus-tuzem (rus ibtidai məktəb) məktəbində müəllim, "Şurai İslam" təşkilatının qida şöbəsində mirzə, "Kənqaş" və "Hürriyyət" jurnallarında redaktor (1917), Fərqanə vilayətinin mədəni-maarif şöbəsində (1918), Türküstan Cəbhəsi Müsəlman Ölkəsinin siyasi müdiri, truppa direktoru (1919), "Dor Uşşafaka" məktəbinin müdiri (1920) kimi fəaliyyət göstərir. 1920-ci ilin sonunda Buxaraya gedir. Buxara vilayətinin maarif və hərbi təbliğat idarəsi nəzdində teatr truppasının rəhbəri (1921) kimi çalışır, 1921-ci ilin sonunda Daşkəndə, oradan isə Xarəzmə köçür. Orada Həmkarlar İttifaqının mədəni-maarif şöbəsində işləyir. Xarəzmdən Xocalıya qədər 1924-cü ilin iyul ayına qədər qurduğu qazax uşaqları üçün internat məktəbində işləyir.

1925-ci ildə tale onun yolunu Fərqanədən salır, Şahimərdanda məktəblər açır. Həmzə 1926-cı ildə Özbəkistanın Xocalı şəhərində Sovet İttifaqında ilk uşaq evinin əsasını qoyub və sonradan həmin məktəb onun adını daşıyıb. Həmzə Niyazi 1917-ci il bolşevik inqilabını dəstəklədi. O səbəbdən ki, şair xalqın maariflənməsi yolunda inqilabın böyük rolu olduğuna sidq-ürəkdən inanmışdı. Bu inqilabdan sonra o, 1920-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının (bolşeviklər) sıralarına daxil olur və digər işlərlə yanaşı, Qızıl Ordu əsgərlərinin əylənməsi üçün teatr truppası təşkil edir. 1928-ci ilin avqustundan Şahimərdanda təbliğat işi aparırdı.

Həmzə də Sabir kimi, Mirzə Cəlil kimi xürafata, fanatizmə qarşı mübarizə aparırdı. Muqimi və Furqatın yaradıcılığı Həmzə Niyaziyə böyük təsir göstərib. O, şeirlərini “Nihani” təxəllüsü ilə yazıb. Həmzənin şeirlərindən ibarət “Divan”ında 197 qəzəl yer alır. Qəzəllər Divan qayda-qanunlarına əsasən tərtib edilib.

Həmzənin “Divan”ı klassik özbək ədəbi ənənələri üzərində qurulub. Bəzi qəzəllərdə beytlərin sayı iyirmi ikiyə çatır. Aşiqin şikayətləri ənənəvi obrazlar vasitəsilə ifadə edilir.

Həmzənin yazdığı maarifləndirici kitablar çap olunmurdu. Dərsliklərin təqdim olunduğu nəşriyyat rəhbərliyi bunu dərsliklərin dilinin həddən artıq ağır olması ilə əlaqələndirirdi və bu səbəbdən çapına izacə verilmirdi. Amma Həmzə zərrə qədər də həvəsdən düşmürdü. Öz müqəddəs missiyasını daha şövqlə, əzmlə davam etdirirdi.

Həmzə Niyazi özbək dramaturgiyasının əsasını qoyanlardandır. Onun “Çadranın sirri”, “Bəy və muzdur”, “Maysaranın işi”, "Əvvəlki seçkilər", "Pərənci sirlərindən bir lövhə", "Fərqanə faciəsi", "Laşman faciəsi", "Zəhərli həyat və yaxud eşq qurbanları", "Elm hidayəti", "Molla Nurməhəmməd damlənın küfr xətası", "Ölüm faciələri” pyesləri özbək dramaturgiyasının inkişafına təkan vermişdir. Ümumilikdə 40-a qədər dram əsəri yazmışdır.

Görkəmli özbək tədqiqatçısı Ləziz Kəyumov şairin arxivini araşdırarkən məlum olub ki, Həmzə Niyazi Azərbaycan dramaturqlarının 20-yə qədər pyesini özbək dilinə çevirmiş, eyni zamanda bu pyeslərin səhnə quruluşunu vermişdir.

Həmzə Niyazinin pyeslərini oxuyarkən aydın olur ki, bu əsərlər məzmun və mündəricə baxımından Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəfər Cabbarlının pyeslərindəki mövzularla demək olar ki, eyniyyət təşkil edir. Həmzə Niyazi də dram əsərlərində cəhalət və fanatizmi qamçılayır, nicat yolunun elmdə, təhsildə olduğunu göstərir. Xüsusən “Çadranın sirri” pyesində (bu əsər bəzi məqamları ilə Cəfər Cabbarlının “Sevil” və “Aydın” əsərləriylə səsləşir) cəhalətin gənclərin həyatını necə zəhərlədiyini və faciəyə səbəb olduğunu kəskin süjet xəttiylə təqdim edir. Sevən gənclər fanatizmin qurbanı olurlar.

Nə acılar ki, Həmzə Niyazinin özü də Azərbaycan şairi və maarifpərvəri Seyid Əzim Şirvaninin aqibəti ilə üzləşdi - 1929-cu ildə Şahimərdanda daş-qalaq edilərək qətlə yetirildi.

Bir də ona təəssüf edirəm ki, Həmzə Niyazinin irsi Azərbaycanda lazımi səviyyədə öyrənilməyib. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin bugünkü inkişafı istiqamətində Həmzə Niyazinin də xatırlanacağına ümid edirəm


MANŞET XƏBƏRLƏRİ