Paşinyan 9 noyabr Bəyanatından imtina edir: Əvəzində nə alacaq?


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Zəngəzur dəhlizinin təhlükəsizliyini təmini barədə raqzılaşmanı təkzib edib.

Paşinyan açıq şəkildə 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini danıb.

“Bu bəyanatın 9-cu bəndinin Azərbaycanla Naxçıvan arasındakı əlaqəyə aid olduğu təəssüratı yaratmağa cəhd edilir. Bu səhvdir. Bu bənd blokun açılması nəticəsində regional iqtisadi əlaqələrin açılmasına aiddir, ölkələr arasında əlaqənin təmin edilməsinin zəruriliyi də vurğulanır.

Bu gün Azərbaycan heç bir yolumuzu bağlamır. Əksinə, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələri yaratmağa hazır olduğumuzu bildirdik.

Fürsətdən istifadə etmək istəməyən Azərbaycandır”, - Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan Ermənistan bu yolları verməyəcəyi təqdirdə, İrandan keçən yol çəkəcəyiyini deyir:

“Biz deyirik ki, bu, İranla eynidir və biz yol verməyə hazırıq. Niyə? Çünki 9 noyabr tarixli Bəyanatın 9-cu bəndində Ermənistanın suverenliyinin və yurisdiksiyasının hər hansı şəkildə məhdudlaşdırıldığına dair heç bir işarə və ya qeyd yoxdur. Belə bir şey yoxdur.

Bundan başqa, yenə də spekulyasiyalar aparılır və belə bir fikir formalaşdırmağa cəhd edilir ki, 9-cu bəndə əsasən Ermənistan ərazisində təhlükəsizliyi üçüncü tərəf təmin etməlidir. Üçtərəfli Bəyanatda belə bir şey yoxdur. Əksinə, Ermənistanın təhlükəsizliyə zəmanət verdiyi yazılır.

Həmçinin, 9 noyabr Bəyanatının 9-cu bəndində Ermənistan ərazisinin hər hansı hissəsinin Ermənistan hökumətinin nəzarətindən kənarda olması və hər hansı üçüncü tərəfin, xüsusilə də Rusiyanın bu əraziyə nəzarət etməli olduğu barədə heç bir ifadə yoxdur.

Yazılır ki, nəqliyyat kommunikasiyalarına nəzarət Rusiya Federasiyası tərəfindən həyata keçirilir. Bu bəndin təfsirinin Rusiya Federasiyası Prezidentinin 10 və ya 11 noyabr 2020-ci il tarixli fərmanında öz əksini tapması çox vacibdir. Bu sərəncamda Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına Ermənistanda nəqliyyat kommunikasiyalarının təminatına nəzarəti həyata keçirmək tapşırığı verilir. Yəni nəqliyyat əlaqələrini təmin edən qurum Ermənistandır”, - deyə Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, üçtərəfli Bəyanatın 9-cu bəndi heç bir halda Rusiyanın "sahədə" ştirakı mənasına gəlmir. Çünki bu nəzarəti həyata keçirməyin yollarından biri, məsələn, Ermənistandan rabitənin təmin edildiyi barədə dövri məlumatlardır, yəni müqavilə yerinə yetirilir.

Göründüyü kimi, Ermənistan hakimiyyəti növbəti dəfə Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsinə dair razılaşmadan imtina etməyə çalışır. Yəni Paşinyan bütün hallarda Ermənistandan keçəcək nəqliyyat-kommunikasiya marşrutlarının Rusiyanın nəzarətinə keçməsinə imkan verməyəcəyinə işarə edir.

10 noyabr Bəyanatının 9-cu bəndinə diqqət yetirdikdə Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birbaşa Azərbaycan və Rusiya qarşısında öhdəliklər götürdüyünü görmək olar.

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”,-sənəddə belə qeyd edilir.

Lakin 3 il 6 ay vaxt ötməsinə baxmayaraq, Ermənistan indiyə qədər sözügedən bənddə əksini tapmış öhdəliklərin heç birini yerinə yetirməyib. Halbuki, Nikol Paşinyan Bəyanatı imzalamazdan qabaq onu diqqətlə oxuyub və mətni ilə razılaşıb. Ona görə də Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək barədə razılaşmadan imtina etsə də, öz imzasını təkzib edə bilməz. Rusiya ilə Ermənistan arasında kommunikasiyaların təhlükəsizliyinə nəzarətlə bağlı yaranmış fikir ayrılığı heç bir halda Paşinyan hakimiyyətinə 9-cu bənd üzrə öhdəliklərdən yayınmaq, yaxud kommunikasiyaları blokda saxlamaq üçün əsas vermir. Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətinə şərait yaratmalı, kommunikasiya əlaqələrini kəsməməlidir.

Lakin Bəyanatın mətnini təhrif edərək “əraziyə nəzarət” ifadəsini işlətməklə Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün maniulyasiya edir. Çünki Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edən yol Rusiya qoşunlarının nəzarətinə keçdikdə dəhliz statusu ala bilər. Ona görə də Paşinyan təhlükəsizliyin Rusiya qoşunları tərəfindən deyil, Ermənistanın özünün təmin etməli olduğunu deyir. Bununla da Ermənistanın Baş naziri 9-cu bənd üzrə öhdəliyi 10 noyabr Bəyanatındakı şərtlər üzrə yerinə yetirməyəcəyinə və Zəngəzurdan keçən regional marşrutların yalnız Rusiyanın iştirakı olmadan açıla biləcəyinə dair mesaj verir.

Qeyd edək ki, Nikol Paşinyan 9-cu bəndin yerinə yetirilməsindən imtina etdiyini bir neçə dəfə dilə gətirib. Nikol Paşinyan hələ 2023-cü il oktyabrın 10-da Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə təhlükəsizlik funksiyasının Rusiyaya həvalə edilməsinə qarşı olduğunu, hətta üçtərəfli Bəyanatın 9-cu bəndində bununla bağlı yer alan razılaşmanı tanımadığını demişdi. Noyabr ayında isə Ermənistan mətbuatı Paşinyanın öz partiya yoldaşları ilə söhbət zamanı 10 noyabr Bəyanatının 9-cu bəndini ləğv edəcəyi barədə məlumat yaymışdı.

Ona görə də Azərbaycan Ermənistana alternativ variant kimi Zəngəzurda Rusiyanı Kalininqrad vilayəti ilə birləşdirən “Suvalki” dəhlizi modelini tətbiq etməyi təklif edib. Ancaq Ermənistan bu təklifə də razılaşmır. Halbuki, “Suvalki” modeli istifadə olunarsa, həm marşrutların təhlükəsizliyinə Ermənistan özü nəzarət etməklə yanaşı, Azərbaycan istisna olmaqla, üçüncü ölkələrə məxsus yüklərin daşınmasından gömrük rüsumları əldə edə bilər. Ermənistanın bu variantdan da imtina etməsi kommuminkasiyaların blokdan çıxarılmasında maraqlı olmadığını göstərir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ