Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

IX məqalə

Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi

Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin səkkizinci istiqaməti düşündürücü tərzdə ölkənin maraqlarını milli-regional-qlobal miqyasların qarşılıqlı əlaqəsində vahid məcraya yönəldir. Həmin istiqamət türkdilli ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi ilə bağlıdır. Bakı TDT-yə üzv ölkələrlə inteqrasiyanın genişləndirilməsini xarici siyasətdə ilk dəfədir ki, rəsmi olaraq prioritetlər sırasına daxil edir. Bunun səbəbləri aydındır, lakin, eyni zamanda, ciddi geosiyasi və təhlükəsizlik aspektləri də vardır. Onların sintez halında təsiri ondan ibarətdir ki, Azərbaycan tarixi təcrübə əsasında yeni tarixi mərhələdə müstəqil dövlət kimi fəaliyyətini TDT çərçivəsində aparacaq. Bu məqam da tariximizdə ilk hadisədir. Çünki ən azı son 300 ilin dövlətçilik təcrübəsi göstərir ki, Azərbaycan öz geosiyasi seçimini öz maraqlarından çıxış edərək özü edir. XIX-XX əsrlərdə bu seçimi bizim əvəzimizə başqaları edir və Azərbaycan xalqını bunun düzgün yol olduğuna inandırmağa çalışırdılar. Ancaq təcrübə göstərdi ki, onların hər biri aldadıcı, yanlış və xalqın maraqlarına uyğun olmayan seçimlərdir. İndi isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlət quruculuğu kursu əsasında dövlətin özü seçim edir – yolumuz TDT ilədir! Bu tarixi hadisənin təhlili üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Regional inteqrasiya modelləri: müxtəlifliyin işığında

Azərbaycanın xarici siyasətində türk inteqrasiyası və ayrıca Türk Dövlətləri Təşkilatı (TDT) prioritetlərdən biri kimi "Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi" şəklində müəyyən edilib. Bu seçimin yeni tarixi mərhələdə əhəmiyyətini daha dərindən dərk etmək üçün problemin politoloji-nəzəri əsaslarına baxmaq lazımdır. Məsələ həm bütövlükdə qloballaşma şəraitində regional miqyaslı təşkilatların yaranması özəllikləri, həm də Azərbaycanın keçdiyi tarixi-mədəni və siyasi yolun xüsusiyyətləri ilə əlaqəlidir.

Hazırda politoloqlar "region", "regionalizm", "köhnə regionalizm", "yeni regionalizm" kimi anlayışlardan geniş istifadə edirlər. Lakin onlara dair yekdil mövqe hələ mövcud deyildir. Bu səbəbdən də politoloqlar əsas olaraq həmin anlayışların fərqli anlamlarından bəhs edir və onların müqayisəsini aparırlar. Məsələn, indiki tarixi mərhələdə "region" anlayışına altı əsas yanaşmadan yazırlar. Onlar ərazi-təsərrüfat, inzibati-ərazi, ərazi-coğrafi, sosial, kompleks və sistemli yanaşmalardır (bax: 1).

Bu cür anlaşılan regionların hər birinin özünəməxsus cəhətləri müəyyənləşdirilir. Məsələn, Yaxın Şərqdə "ərəb regionalizmi"nin məzmunu ilə digər regionların məzmunu fərqləndirilir (bax: 2).

Tədqiqatçılar sistemli yanaşma çərçivəsində regional inteqrasiyanın daha çeşidli formalarda müşahidə edildiyini xüsusi qeyd edirlər. Məsələn, mədəniyyət, tarix, dil və ya etnik birlik əsasında regional təşkilatlanma özünü göstərir (bax: 3).

Bu kimi rəngarənglik fonunda müxtəlif regional təşkilatların substantiv və funksional müqayisələri də aparılır. Nəticələr çox düşündürücüdür.

Və belə qənaətə gəlmək olur ki, bütün regional inteqrasiya formalarını əhatə edən universal siyasi-nəzəri kriteriyalar hələlik mövcud deyildir. Bu baxımdan, deyək ki, Ərəb Dövlətləri Liqası (ƏDL) Yaxın Şərq regionalizmi çərçivəsində meydana gəlib və həmin keyfiyyətdə digər təşkilatlardan, məsələn, ASEAN və ya MDB-dən fərqlənir (bax: 4). O cümlədən Ərəb dövlətlərinin regional təşkilatı TDT-dən fərqlənir.

Bunlardan bir vacib politoloji qənaət hasil olur: müasir şəraitdə regional inteqrasiya onu yaradanların məqsədi, məramı, konkret strateji planları və əsaslandıqları faktorlarla müəyyən olunur. Buna görə də hər bir regional təşkilatın özünəməxsus fəaliyyət istiqaməti və hədəfləri müəyyənləşir. Məsələn, bu hədəf hərbi blok yaratmaq və ya iqtisadi-ticari əməkdaşlıq ola bilər. Mümkündür ki, siyasi və geosiyasi faktorlara üstünlük verən regional təşkilatlar meydana gəlsin və s.

Bu özəlliklərin prizmasından Azərbaycanın xarici siyasətinin prioritetləri sırasına regional təşkilatlanmaya aid olan faktoru daxil etməsi olduqca təbii, zəruri və aktual addımdır. Onun müzakirəsinə ehtiyac yoxdur. Bu səbəbdən türk inteqrasiyasına tarixi-siyasi və geosiyasi kontekstlərdə qısa nəzər salmaq kifayət edir.

Cənubi Qafqazın geosiyasi özəlliyi və regional inteqrasiyanın perspektivləri

Cənubi Qafqazda uğurlu regional inteqrasiya qarşısında ən böyük əngəli tarixi-siyasi deyil, geosiyasi faktorlar yaradır. Bu da əsasən kənardan olan imperiya ambisiyalarından qaynaqlanır. Buna görə də bu regionda real inteqrasiya başlıca olaraq siyasi, mədəni və iqtisadi faktorlara söykənə bilər. Burada etnik və ya dini məqamların aparıcı olmasının müsbət sonuc verə biləcəyinə inanmaq çətindir.

Məsələnin Cənubi Qafqaz kontekstində digər tərəfi bu regionun qonşuluğunda başqa həssas geosiyasi dinamikaya malik regionların coğrafi mövcudluğudur. Yəni, qonşu regionlardan olan geosiyasi təsirləri arxa plana atmaq mümkün deyildir. Deyək ki, Yaxın Şərqdəki "ərəb inteqrasiyası" və ya dini məzhəbə dayanan inteqrasiya forması öz təsirini Cənubi Qafqazda göstərir. Eyni məntiqlə Mərkəzi Asiyadakı inteqrasiya və ya parçalanma proseslərini nəzərə almaq lazım gəlir.

Bunlara XXI əsrin gəlişi ilə yeni bir mühüm geosiyasi və siyasi faktor əlavə olunub ki, bu da regional təşkilatlanmanın qlobal geosiyasi konteksti ilə regional konteksti arasında özünü göstərən ziddiyyətlərlə əlaqəlidir. Məsələ ondan ibarətdir ki, regional geosiyasi tələblərə cavab verən və müsbət nəticələri ola bilən inteqrasiya modeli qlobal geosiyasi miqyasdakı ciddi ziddiyyətlərin, intriqaların, dünya liderliyi uğrunda amansız savaşların qurbanı ola bilər. Məsələn, GUAM və ya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv platforma ola bilərdi. Lakin böyük dövlətlərin "liderlik hikkələri" onları arxa plana atdı.

Belə çıxır ki, Cənubi Qafqazın geosiyasi özəlliyi hazırkı mərhələdə regional inteqrasiyanın həm məzmununa, həm də perspektivinə ciddi təsir etməkdədir. Bunun fonunda təbii olaraq bir sual aktuallaşır: Cənubi Qafqazda regional inteqrasiyanı hansı faktorlara əsaslanan təşkilati birlik təmin edə bilər? Bu suala cavab axtarışları iki mühüm geosiyasi özəlliyi ön plana çıxarır.

Onlardan biri Cənubi Qafqazdan daha geniş geosiyasi məkanda inteqrasiya formasının axtarışı ilə bağlıdır. Çünki hazırda bu regionda elə bir real təsir edə bilən geosiyasi faktor yoxdur ki, ölkələr onun ətrafında həqiqi birləşə bilsinlər. Bunun da səbəbi kənar müdaxilələrin hələ güclü olması və yerli ölkələrin bir qisminin onlara uymasıdır. Konkret olaraq, çox böyük miqyasda Ermənistan və bir qədər məhdud çərçivədə Gürcüstan kənardan təzyiqlərə məruz qalmaqdadırlar. Deməli, elə bir inteqrasiya forması gərəkdir ki, bu iki dövləti də birləşdirə bilsin.

İkincisi, Cənubi Qafqazda ziddiyyətsiz inteqrasiyaya yol aça biləcək model özlüyündə sırf siyasi və ya geosiyasi mahiyyətli olmamalı, təməldə digər əhəmiyyətli faktorları birləşdirməlidir. Burada təcrübəyə əsasən tarixi, mədəni, iqtisadi, təhlükəsizlik kimi faktorları irəli sürmək olar. Bu faktorları diqqətə alan inteqrasiya modeli isə asan yolla formalaşmır! Lakin son illərin təcrübəsi göstərir ki, prinsipcə mümkündür. Bu, TDT-dir!

Türk Dövlətləri Təşkilatı və yeni passionarlıq

Statistik göstəricilərə və aparılan təhlilə görə, XXI əsrdə türk xalqlarının passionarlığı xeyli artıb. Altı türk dövləti bütün sferalar üzrə yüksəlişdədirlər. Onların əhalisi dinamik artır, cəmiyyətdə gənclərin sayı və rolu yüksəlir, iqtisadi, sosial, mədəni imkanları genişlənir. Türk dövlətləri getdikcə daha aktiv surətdə regional və qlobal siyasətdə iştirak edirlər.

Mütəxəssislər vurğulayırlar ki, hazırda türk dövlətlərində 200 milyondan çox insan yaşayır. Geniş coğrafiyada yerləşən türk dövlətlərinin ÜDM-i trilyon dollarla ölçülür. Böyük enerji resurslarına və nəqliyyat yollarına malikdirlər. Prezident İlham Əliyev TDT-nin inkişaf etdirilməsinə əminliyini dəfələrlə vurğulayıb. Azərbaycan rəhbəri bu istiqamətdə səmərəli və konkret addımlar atmaqdadır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbuldakı VIII Zirvə toplantısındakı çıxışında İlham Əliyev ifadə edib: "...bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir" (5)!

Azərbaycan Prezidenti Azərbaycanın TDT istiqamətində fəaliyyətini bütövlükdə dövlətin beynəlxalq təşkilatlara bağlı siyasəti kontekstində təqdim edir. Bu o deməkdir ki, Azərbaycan türk dövlətləri ilə əlaqələri beynəlxalq hüquq normaları çərçivəsində qurur və bundan sonra da yalnız hüquqi çərçivəyə uyğun istiqamətdə inkişaf etdirəcəkdir. Azərbaycanda növbəti dəfə Prezident seçilən İlham Əliyev parlamentdə andiçmə mərasimindəki nitqində həmin kontekstdə bəyan edib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" (bax: 6).

Yəni, bu, bir tarixi seçimdir ki, çoxlu sayda faktorları və real vəziyyəti nəzərə alaraq edilib. İlham Əliyev nitqində həmin faktorları da ümumi şəkildə vurğulayıb. İlham Əliyev deyib: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi?" (bax: əvvəlki mənbəyə).

Azərbaycan heç zaman kimsəyə baş əyməyəcək. Eyni zamanda, lazım bildiyi inteqrasiya modelindən də imtina etməyəcək. Bu mənada "Bizim ailəmiz Türk dünyasıdır"! Azərbaycanın TDT-yə üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri vardır. Buna görə də Azərbaycanın siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməklə bağlıdır. Türk dövlətləri məkanı "…böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır". Ona görə də "Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik" (bax: əvvəlki mənbəyə).

Beləliklə, Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətin prioritetləri sırasında türk dövlətləri ilə əlaqələri və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi istiqamətini vurğulamasının tam əsasını Prezident İlham Əliyev ifadə edib. Azərbaycanın dövlət başçısının gətirdiyi səkkiz təməl faktor kifayət qədər tutarlı və obyektiv gerçəkliyə dayanan amillərdən qaynaqlanır.

Problemin başqa bir mühüm cəhəti hazırda geosiyasətdə müşahidə edilən bir proseslə də əlaqəlidir. Biz "müqayisəli regionalizm" deyilən prosesi nəzərdə tuturuq.

TDT "müqayisəli regionalizm" kontekstində

"Müqayisəli regionalizm" regionalizmin inkişafında yeni mərhələni ifadə edir və onun kompleks xarakterdə olduğunu əks etdirir (bax: məs., 7). Burada "komplekslik" hər hansı regionu və regional təşkilatı dünyada mövcud olan başqa regionlarla müqayisədə anlamağı ifadə edir. Bu xüsusda hər hansı regiondakı inteqrasiya proseslərinin qonşu regionlardakı analoji proseslərlə müqayisədə təhlili nəzərdən keçirilməsi zərurəti vurğulanır. Lakin hələlik "müqayisəli regionalizm"in tam nəzəri özəllikləri aydın deyildir və ondan alınan qənaətlər də mübahisə yarada bilər. Buna baxmayaraq, bir fakt qəbul edilir: istənilən regional təşkilatın uğurlarını digərləri ilə müqayisədə qiymətləndirmək daha doğrudur.

Bu baxımdan TDT-ni onunla qonşu olan MDB, ASEAN, Avrasiya İqtisadi Birliyi, KTMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digərləri ilə müqayisədə qiymətləndirmək mümkündür.

TDT-ni vurğulanan regional təşkilatlardan fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, onun üzvləri ortaq tarixi, mədəni, siyasi, etnik-milli, dövlətçilik ənənəsinə malik olan xalqlardır. Türk xalqları arasında zaman-zaman müəyyən ziddiyyətlər olub, lakin onlar müasir geosiyasi zərurət fonunda maneə törətməyəcək faktorlar statusundadır. Bundan başqa, dialoq hər şeyə yenidən baxmağa imkan verir.

Digər məqam ondan ibarətdir ki, türk dövlətlərinin hamısı üçün enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı əlaqəsi oxşar şərtlərdən asılıdır və eyni məzmuna malikdir. TDT üzvlərinin hər biri üçün "bir kəmər, bir yol" layihəsində iştirak önəmlidir. Azərbaycanın təşəbbüsü ilə yaradılan enerji, nəqliyyat-logistika, informasiya, kommunikasiya, "yaşıl enerji" və s. kimi layihələrin həyata keçməsində hər bir türk dövlətinin marağı vardır.

Türk dövlətlərinin ortaq təhlükəsizlik qayğısı mövcuddur. Buraya terrorla mübarizə də daxildir. Bir sıra mənbələrdən qaynaqlanan dini radikalizmlə birgə mübarizə aparmaq ehtiyacını hər bir türk dövlət başçısı vurğulayır. Bu istiqamətdə əməkdaşlıq son dərəcə vacib məsələdir və həmin istiqamətdə birgə fəaliyyətin konkret mexanizmləri təkmilləşməlidir.

Türk dövlətlərini ortaq sosial-iqtisadi və hüquqi inkişaf xətti maraqlandırır. Bunun üçün lazım olan bütün addımlar artıq atılır. Türk dövlətlərinin parlamentləri və mədəniyyət qurumları birgə layihələr həyata keçirirlər.

Beləliklə, TDT regional təşkilat kimi digər regional təşkilatlarla müqayisədə də xeyli perspektivli görünür. Bu təşkilatın gücləndirilməsi istiqamətinin prioritet olması şübhə doğurmur.

Qeyd edilən qənaət həm də yeni tarixi mərhələdə prioritet kimi qəbul edilmiş digər istiqamətlərlə TDT istiqamətinin uyğunluq təşkil etməsi fonunda əhəmiyyətlidir. Azərbaycanın milli, regional və qlobal miqyaslarda siyasətinin bir sistem olması şərtdir. Bu mənada ki, daxili siyasətlə xarici siyasətin mahiyyətcə bir-birini tamamlaması mühüm faktordur. Xarici siyasəti daxili siyasətin davamı kimi qəbul etsək, onda milli miqyasda aparılan siyasəti xarici siyasətin hər bir istiqaməti tamamlamalıdır. Multikultural dəyərlərə əsaslanan daxili siyasət regional əməkdaşlığı regionlararası əməkdaşlığa, sonuncunu isə qlobal əməkdaşlığa uyğunlaşdırmalıdır.

Bütün bunların birləşdirici siyasi sahəsi isə məhz TDT olmalıdır. Çünki TDT Azərbaycan üçün etnik, milli, siyasi, ideoloji, hüquqi, sosial, iqtisadi, geosiyasi və təhlükəsizlik aspektlərinin kəsişdiyi bir inteqrativ təşkilatdır. Bütün miqyaslarda Azərbaycan türk kimliyindən, sülhə, barışa, əməkdaşlığa sədaqətli olmasından, fərqli kültürlərə açıqlığından imtina edə bilməz. TDT-nin üstün cəhəti ondan ibarətdir ki, ona daxil olan dövlətlər vurğulanan heç bir özəlliklərindən imtina etmirlər. Əksinə, ilk növbədə, həmin fərqliliklərini saxlamaqla birgə əməkdaşlıq məkanı qurmağa çalışırlar. Bu keyfiyyətlər TDT-ni digər inteqrativ formullardan daha perspektivli edir.

Beləliklə, TDT istiqamətinin yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilməsi ciddi tarixi hadisədir və faktiki olaraq, dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Regional subyekt kimi Türk Dövlətləri Təşkilatı Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi beynəlxalq münasibətlərin müstəqil subyektidir. Onun öz dəyərləri və normaları vardır ki, bu da qloballaşmada süni qərbləşmə prosesinin qarşısını ala biləcək konstruktiv faktorlardan biridir.

Bu əsasda TDT kimi təşkilatlar digər regional təşkilatlarla münasibətlərini qurmalıdır. Həmin məntiqlə TDT qlobal idarəetməyə öz töhfəsini verməlidir. Azərbaycan üçün bu aspektdə əhəmiyyətli olan davamlı inkişaf və təhlükəsizliyin təmin edilməsidir.

Nəhayət, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinin TDT olması iki mühüm geosiyasi faktoru önə çəkir. Birincisi, "Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq" (İlham Əliyev) (8). İkincisi, yeni tarixi mərhələdə də Azərbaycan türk dövlətlərinin inteqrasiyasında fəal aparıcı rolunu davam etdirmək niyyətindədir. Əslində, bu iki faktor bir-birini tamamlayır və bütövlükdə müstəqil dövlətin strateji inkişaf kursunun tərkib hissəsi kimi çıxış edirlər.

Mənbələr

Бутенко, В.А., Мохаммади, Ш. Регионализация и "новый" регионализм // Право и политика. – 2020. – № 7. С. 105-113. Ferabolli, S. Arab Regionalism: A Post-Structural Perspective. New York: Routledge, 2015. 202 p. 16. və Mohammad-Mahmoud Ould Mohamedou. Arab Agency and the UN Project: The League of Arab States between Universality and Regionalism. Third World Quarterly. 2016. Vol. 37. Issue 7. P. 1219-1233. Лагутина, М.Л., Михайленко, Е.Б. Регионализм в глобальную эпоху: обзор зарубежных и российских подходов // Вестник Российского университета дружбы народов. Серия: Международные отношения. 2020. Т. 20. № 2. С. 261-278. Beck, M. The End of Regional Middle Eastern Exceptionalism? The Arab League and the Gulf Cooperation Council after the Arab Uprisings. Democracy and Security. 2015. Vol. 11. Issue 2. P. 190-207. Türk Dövlətləri Təşkilatı: Dünyanın yeni güc mərkəzi / https://xalqqazeti.az/az/iqtisadiyyat/123669-turk-dovletleri-teskilati-dunyanin-yeni-guc-merkezi Bizim ailəmiz Türk dünyasıdır. Türkdilli dövlətlərlə inteqrasiya ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biridir / https://www.yeniazerbaycan.com/Gundem_e97444_az.html The Oxford Handbook of Comparative Regionalism / Ed. by T.A. Börzel, T. Risse. Oxford University Press, 2016, və Söderbaum, F. Rethinking Regionalism. Basingstoke: Palgrave, 2016, 252 pp. Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib / https://president.az/az/articles/view/57816


MANŞET XƏBƏRLƏRİ