Kamal Adıgözəlov
Hər kəs səhv edə bilər. Amerika da tez-tez səhvlər edir. Əsas məsələ səhv etdiyini anlamaqdan ibarətdir. Vaşinqtonda isə bunun əlamətləri görünmür. Amerika rəsmilərinin son bəyanatları göstərir ki, onlar Cənubi Qafqaz istiqamətində dövrün tələblərinə uyğun sülhsevər siyasət yeridə bilmirlər. Xüsusilə Azərbaycana qarşı qərəzli və ikili standartlar mövqeyində qalırlar. Ceyms O’Braynın ölkəmizlə bağlı səsləndirdiyi fikirlərdən sonra bu, daha aydın görünməkdədir. Təbi iki, rəsmi Bakının Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma kampaniyasına cavabı gecikmədi. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində Azərbaycan əleyhinə əsassız ittihamları qətiyyətlə rədd etdiyini açıq ifadə etdi. Eyni zamanda, İlham Əliyev iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə getməsi üçün öz şərtini də irəli sürdü. Bununla bütün dünya bildi ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və bu mövqeyindən qətiyyən çəkilməyəcək. Bütün bunların fonunda ekspertlər üçün regionda geosiyasi mənzərənin dəyişməsi maraq doğurur. Həmin kontekstdə biz yaranmış situasiyanın təhlili üzərində geniş dayanmağı lazım bilirik.
O’Braynın səhvi və Blinkenin zəngi: Vaşinqtonun Qafqaz arzuları
Amerika rəsmilərinin son zamanlar Cənubi Qafqazla bağlı verdikləri bəyanatlar diplomatlarla yanaşı, sadə insanları belə təəccübləndirir. Bu xüsusda ser Uinston Çörçillin sözləri ilə desək, amerikalılar bütün yanlış həll yollarını sınaqdan keçirəndən sonra yeganə düzgün həlli tapırlar. Maraqlıdır ki, bu məntiqlə ABŞ keçən əsrin 90-cı illərindən bu yana Cənubi Qafqazda problemlərin hələ də düzgün həll yolunu tapmamış kimi görünür. Xüsusilə Azərbaycan-Ermənistan münasibətləri məsələsində eyni inadkarlıqla bir mövqedə dayanır: ermənipərəst olmaq və Azərbaycana qarşı ikili standartlar siyasəti yeritmək! Bu kontekstdə bəlkə də Uinston Çörçill "amerikalılar heç zaman təslim olmurlar" fikrinə istehza elementi qataraq ifadə etməkdə də haqlıdır...
Lakin böyük siyasətçi Amerika haqqında ardıcıl məntiq nümayiş etdirmir: bir halda deyir ki, çoxlu yanlış addımlar atsalar da, nə vaxtsa düz həll yolu da tapa bilərlər, digər halda isə buyurur ki, amerikalılar dəyişmirlər. Hər nə isə, bu məntiqi ziddiyyət bir yana, Vaşinqton hazırda hərəkətləri ilə Cənubi Qafqazda sülhə yox, qarşıdurmanın daha da kəskinləşməsinə xidmət edir. Amerika bu baxımdan hətta İranla xeyli yaxın mövqedədir. Tehran da son bəyanatlarında hay salmışdı ki, "Zəngəzur dəhlizinin açılması mümkün deyildir"! Səbəb nədir? İranın maraqlarına cavab vermir! Amerika rəsmisi Ceyms O’Brayn da deyir ki, ABŞ Cənubi Qafqazdakı iqtisadi layihələrdə olmasa, heç bir layihə həyata keçə bilməz, o cümlədən Zəngəzur dəhlizi layihəsində Rusiya deyil, ABŞ iştirak etməlidir. Yox, əgər Amerika olmadan Azərbaycan güc yolu ilə (absurd və uydurma bəhanədir – müəllif) Vaşinqton analoji tədbirlər görəcək və hətta bütün üsullardan istifadə edə bilər. Bunu da cənab C.O’Brayn deyib.
Bu məsələdə Tehranla Vaşinqton arasında hansı prinsipial fərqlərin olduğunu anlamaq asan deyildir. Xüsusilə Azərbaycana münasibətdə ikisi də eyni hədə ilə çıxış edirlər: konkret olaraq deyirlər ki, bizim istədiyimiz olmasa, vurarıq!
Ancaq Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi bütün bunların fonunda düşündürücü siyasi-diplomatik hadisə oldu. Çünki Azərbaycanın dövlət başçısı dünyanın ən qüdrətli ölkəsinin dövlət katibinə elə dəqiq cavab verdi ki, hər kəsin bundan dərs aldığına şübhə etmirik. A.Blinkenin özü dərhal hesabını götürdü və İlham Əliyevin qoyduğu şərti qəbul etdi. Belə ki, Azərbaycan Prezidenti telefon söhbəti zamanı A.Blinkenə açıq deyib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar iki ölkə arasındakı münasibətlərə ciddi zərər vurmaqdadır. Konkret olaraq, bu il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi C.O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər qərəzlidir. Onlar həqiqəti əks etdirmədiyindən Azərbaycan tərəfindən rədd edilir.
Amerika rəsmisi sərhədsiz məntiqlə bəyan etmişdi ki, Orta dəhlizi alqışlayırlar, lakin mütləq bunun bir parçası olmalıdırlar. Əgər Azərbaycan istədiyi formatda həmin ticarət dəhlizini açmağa çalışsa, Amerika ona bütün imkanları ilə cavab verəcək. Deməli, şərt belədir ki, ABŞ istədiyi formatda həmin layihənin reallaşmasına razıdır.
Eyni zamanda, Amerika bəyan edir ki, Azərbaycana bütün yardımları dayandırır. Hələ heç nə baş verməyib, lakin Vaşinqton baş vermiş kimi görünərək, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Bundan başqa, yüksək səviyyəli bütün Amerika rəsmilərinin Azərbaycana səfərlərini, ikitərəfli görüş və təmasları təxirə salır.

İlham Əliyevin müstəqil mövqeyi: Azərbaycan regionda sülhün dayağıdır
Azərbaycan Prezidenti məhz buna cavab olaraq Antoni Blinkenin nəzərinə çatdırıb ki, Azərbaycan da Amerika rəsmilərinin ölkəmizə səfərlərinə qadağa qoyub! Yalnız bundan sonra ABŞ-ın dövlət katibi xahiş edib ki, C.O’Braynın səfərinə icazə verilsin. İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Bununla A.Blinken razılaşıb.
Yuxarıdakı məqamları qeyd etməklə kifayətlənməyən dövlət başçısı açıq ifadə edib ki, sülh müqaviləsi üzrə danışıqlar prosesini pozan Ermənistandır. İrəvan Azərbaycan tərəfinin xeyli əvvəl verdiyi təkliflər paketinə çox gec və şərtlərlə reaksiya verib. Bunu ABŞ administrasiyası nəzərə almırsa, deməli, o da səmimi deyildir. Vaşinqton bu cür münasibətlə regionda nüfuzunu artıra bilməz. Həmin səbəbdən mövqeyini dəyişməlidir.
Bu bağlılıqda Azərbaycan ekspertlərinin bir qısa analizi maraq doğurur. Vurğulanır ki, göründüyü qədəri ilə Amerika ənənəvi "Business as usual" (həmişəki kimi iş) prinsipini pozur və meydana ziddiyyətlər çıxır. Vəziyyət "Business as usual" məzmunu kəsb edir, yəni, adi iş vəziyyəti yerinə hansısa qeyri-adi iş vəziyyəti yaranır.
Doğrudur, qədimdən Şərqdə "hər şey keçir, bu da keçəcək" prinsipinə inanırlar. Lakin o da doğrudur ki, hər şey keçsə də, izsiz qalmır. ABŞ məsələnin bu tərəfinə diqqət etməlidir. Daha konkret desək, Vaşinqton Azərbaycanla münasibətdəki mənfi izlərin izsiz keçəcəyinə ümid etməməlidir. USAID-lə bağlı baş verənlərdə olduğu kimi...
Budur, bütün bunlardan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yenidən sayıqlaması və ölkəmiz əleyhinə hədyanlar söyləməsi diqqətdən yayınmır. A.Mirzoyan deyir ki, Azərbaycan etnik təmizləmə aparıb, ermənilərin hüquqlarını pozub, Bakı aqressordur və s. Bütün bunların ağ yalan olduğunu sadə erməni də bilir. Lakin bir erməni rəsmisinin indi bu cür danışması Avropa və ABŞ-ın regionla bağlı çox səhv siyasət yeritməsinin nəticəsidir. Əgər onlar Azərbaycana qarşı qərəzli olmasaydılar və həqiqəti desəydilər, indi A.Mirzoyan cəsarət edib yalan uydurmazdı. Vaşinqton indidən etdiyi əməllərin verə biləcəyi fəlakətli nəticələrin üzərində düşünməlidir!
Məsələnin digər tərəfi Vaşinqtonun bu cür davranışlarının regiona yaxın digər böyük dövlətlərin də hərəkətlərinə neqativ təsir etməsi ilə bağlıdır. Bu kontekstdə İran və Rusiya öz maraqlarına uyğun addımlar ata bilərlər. Biz yuxarıda Tehranın son bəyanatlarından birindən bəhs etdik. Proses bununla məhdudlaşmaya bilər və yeni neqativ addımlar atıla bilər. Bu məsələ Azərbaycanın inamla regional miqyasda səmərəli siyasət yeritməsi fonunda daha da həssas görünür.
Biz Azərbaycanın müxtəlif regional və beynəlxalq layihələrdəki konstruktiv addımlarını nəzərdə tuturuq. Açıq görünür ki, rəsmi Bakı həm fəaliyyət dairəsini genişləndirir, həm də aparıcılıq funksiyasını gücləndirir. Bu da təbii ki, Azərbaycanın geosiyasi nüfuzunu sürətlə yüksəldir. Sirr deyildir ki, Azərbaycanın bu cür uğurlu təşəbbüskarlığına heç də hər kəs səmimi yanaşmır.
Bu səbəbdən kimlərinsə nələrisə bəhanə edərək Azərbaycana qarşı zərərli addım atmasını istisna etmək olmur. Bütövlükdə isə regional sabitlik pozulmaq təhlükəsi ilə üz-üzə qalır. Bunlarla yanaşı, hamının görməli olduğu bir reallığı da kənara qoymaq olmaz.
Artıq Cənubi Qafqazda güclü sülhsevər və sülhyaradan dövlət vardır. Azərbaycan dünyanın istənilən dövlətinə qarşı öz sözünü deyə bilir. Azərbaycan Prezidenti ABŞ rəhbərliyinə də sübut etdi ki, müstəqil siyasət yeridir və bizi bu yoldan kimsə çəkindirə bilməz. Həmin səbəbdən Ermənistanı tovlayıb bir daha ortaya salmasınlar. Onun zərərini yalnız İrəvan deyil, bu işdə ona havadarlıq edən hər bir dövlət görəcək.
Bunlarla yanaşı, regionda geosiyasi risklərin daha da artdığı qənaəti yaranır. Mümkündür ki, ABŞ və Rusiya arasında geosiyasi mübarizə Cənubi Qafqazda yeni kəskin mərhələyə keçsin. Bunun qarşısının alınması çox vacibdir!