Kamal Adıgözəlov
Cəmi bir neçə gündə dünya iki maraqlı siyasi-diplomatik hadisənin şahidi oldu. Elə hadisələr ki, bütövlükdə, qlobal geosiyasi konfiqurasiyanı dəyişə bilir. Bu hadisələrin mərkəzində isə Azərbaycan Prezidenti İlham Əliyev dayanır. Azərbaycanın dövlət başçısı Macarıstana səfərindən qısa müddət sonra Bakıda Özbəkistan Prezidentini qəbul etdi. Macarıstan və Özbəkistan coğrafi baxımdan bir-birindən uzaq olsalar da, onlar Bakıda "yaxınlaşdılar" və hətta "bir oldular". Çünki ekspertlərin də proqnozlaşdırdığı kimi, geniş aspektdə söhbət Türk Dövlətləri Təşkilatının yeni inkişaf səviyyəsindən gedir. Azərbaycan Prezidenti ilə yanaşı, digər türk dövlətləri başçılarının da Budapeştə səfər etməsi və orada əhəmiyyətli məsələlərin müzakirə edilməsi ayrıca aktuallıq kəsb edir. Bunun fonunda isə Özbəkistanla Azərbaycan arasında iyirmi vacib əməkdaşlıq sənədinin imzalanması adi hadisə deyildir. Bütün bunları nəzərə alaraq, İlham Əliyevin Macarıstana və Şavkat Mirziyoyevin Azərbaycana səfərlərinin ortaq məqamlarının geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac gördük.
Müqəddəs İştvan Günü: türk dövlətləri başçıları Macarıstanda
Artıq ekspert dairələri Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərini yeni təşəbbüslərin müjdəsi kimi qiymətləndirməyə vərdiş ediblər. İlham Əliyev Asiya, Avropa, Rusiya, Yaxın Şərq, Türkiyə istiqamətlərində etdiyi hər səfərində sözün həqiqi mənasında "Realpolitik siyasət kitabı"na yeni səhifələr yazır. Lakin dövlət başçısının Macarıstan səfəri ekspertlərdə daha çox maraq oyatdı. Bu isə səbəbsiz deyildir. Çünki bu səfər Macarıstan-Azərbaycan münasibətlərinin sərhədlərini aşırdı. Ekspertlər dünya geosiyasətində və iqtisadiyyatında konfiqurasiyaların dəyişə biləcəyindən bəhs edirlər.
Təbii ki, Azərbaycan-Macarıstan əlaqələrini qlobal əhəmiyyətli faktor kimi qiymətləndirmək olar. İki ölkə arasında enerji sferasında əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi kontekstində və Azərbaycanın enerji strategiyası çərçivəsində yüksələn xətlə inkişaf edir. Yunanıstan-Bolqarıstan interkonnektoru yaxın zamanlarda Macarıstana Azərbaycan qazının ixracını mümkün edir. Qara dənizin dibilə ötürüləcək elektrik enerjisi də Macarıstanı əhatə edəcək. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan qaz nəqlinin 1 milyard kubmetr ola biləcəyini bəyan edib.
Azərbaycan Prezidentinin Budapeştə səfərinin Macarıstanın milli bayramı – Müqəddəs İştvan Günü ilə əlaqədar olması da xüsusi məna daşıyır. Rəsmi Budapeşt dost və qardaş hesab etdiyi Azərbaycan dövlətinin başçısını özünün milli baxımdan ən müqəddəs bayramına dəvət edib. Xatırladaq ki, Müqəddəs İştvan Günü macarların milli tarixinə aid kütləvi bayramdır və Macarıstanın müstəqillik mübarizəsi ilə sıx bağlıdır. Buna görə də tarixdə zaman-zaman onu qadağan ediblər. Məsələn, məlum 1848-1849-ci illər macar üsyanı zamanı onu qadağan etmişdilər. Macarıstan sosialist düşərgəsinə daxil olanda da bu bayram qadağan edildi. Deməli, Müqəddəs İştvan Günü macarlar üçün azadlıq, mübarizlik, müstəqillik simvoludur. Belə bir gündə Budapeşt kimləri dəvət edə bilər – aydındır!
Bu baxımdan ekspertlər dəvət olunan liderlərin siyahısına da böyük maraq göstərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Tatarıstanın Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç və Bosniyadakı serblərin başçısı, Serb Respublikasının Prezidenti Milorad Dodik iştirakçılar arasında olublar.

Biz tam siyahını ona görə verdik ki, ekspertlər Macarıstanda, faktiki olaraq, türk dövlətlərinin liderliyi ilə yeni geosiyasi gücün formalaşması əlamətlərinin özünü büruzə verdiyini qeyd edirlər. Geniş geosiyasi məkan üçün maraqlı olan məqam bununla bağlıdır.
Məsələ ondan ibarətdir ki, birincisi, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır, ikincisi, Qətər, Serbiya, Bosniya və Herseqovina türk dövlətləri deyillər, lakin TDT ilə konkret istiqamətlər – enerji və nəqliyyat-logistika üzrə əməkdaşlığı inkişaf etdirirlər. O cümlədən Macarıstanın Qətərdən qaz almaq planı diqqəti çəkir. Bunlardan başqa, Rusiyanı türk respublikası olan Tatarıstanın başçısının təmsil etməsi çox düşündürücüdür. Belə çıxır ki, artıq Kreml də türk dövlətlərinin təşkilatının güclənməsinin qarşısının alına bilməyəcəyi həqiqətini qəbul edib.
Azərbaycan-Özbəkistan və TDT: İlham Əliyev türk dünyasının lideri kimi
Bütün bunların fonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfər etməsi ekspertlər üçün əlavə arqumentlər verir. Məsələ ondan ibarətdir ki, bu səfər Macarıstan görüşündən qısa müddət sonra reallaşıb. Özü də Ş.Mirziyoyev Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana edib! Həm də müzakirə olunan məsələlər və əldə olunan razılıqlar iki dövlətin əlaqələrinin inkişafı ilə yanaşı, Türk Dövlətləri Təşkilatı səviyyəsində də əhəmiyyətli addımların gözlənildiyinin müjdəçisidir.
Ş.Mirziyoyevin səfəri zamanı iyirmi dövlətlərarası sənəd imzalanıb! Onların sırasında "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə", "Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi" və s. bu kimi strateji yönümlü sənədlər vardır.
Bütün bunlara Rusiyadan dərhal reaksiya verilməsi tamamilə gözlənilən idi. Çünki Rusiya Özbəkistanla sıx əməkdaşlıq edir və onun bazarına başqalarını buraxmaq istəmir. Buna görə də Bakıda Azərbaycanla Özbəkistan arasında iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələri əhatə edən vacib sənədlərin imzalanmasına Rusiya mətbuatı "Azərbaycan Prezidenti türk dünyasının lideridir" kimi qiymət verməklə münasibət bildirib. Rusiyalılar hesab edirlər ki, İlham Əliyevin Mərkəzi Asiya istiqamətində manevr imkanları hətta Rəcəb Tayyib Ərdoğandan da yüksəkdir. Bütün hallarda ekspertlər Özbəkistan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatından bəhs edirlər.
Bunlarla yanaşı, Özbəkistan Qazaxıstanla birgə Mərkəzi Asiya regionunun ən potensiallı ölkəsi kimi qəbul edilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji, nəqliyyat-logistika, yeni informasiya texnologiyaları, müasir istehsal sahələri və s. istiqamətlər üzrə ciddi addımlar atırlar. Özbəkistanın Azərbaycanda bir neçə zavod inşa edə bilməsi ilə bağlı yayılan informasiyalar bu baxımdan təsadüfi deyildir. İndi ekspertlər Azərbaycan, Qazaxıstan və Özbəkistanın "Avtomobil sənayesinin türk konqlomeratı" layihəsinə başladıqları haqqında danışırlar. Türk avtomobil konqlomeratının təxminən 65 milyon əhalisi olan üç ölkənin bazarlarını əhatə edəcəyi təxmin edilir.
O da məlumdur ki, Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyada inkişaf imkanlarına görə "Asiya pələngləri" adını daşıyan Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan ilə müqayisə olunurlar. Məsələn, Özbəkistanı Mərkəzi Asiyanın Sinqapuru adlandırırlar. Ayrıca, Özbəkistan TDT-nin Mərkəzi Asiyada lider dövləti olmaq iddiasını gizlətmir.
Vurğulanan məqamların fonunda Rusiyanın Qazaxıstan-Özbəkistan-Türkmənistan "enerji üçbucağı"nda manevrləri diqqəti çəkməkdədir. Enerji sahəsində Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlığı olan Kreml son zamanlar Türkmənistanı da həmin prosesə qatmağa cəhdlər göstərir. Lakin rəsmi Aşqabad aydın şəkildə bunu etməyəcəyini bəyan edib. Bu gerçəkliyin fonunda Azərbaycan-Özbəkistan-Türkmənistan-Qazaxıstan əməkdaşlığının enerji, nəqliyyat, tranzit və logistika sferalarında sürətli inkişafı diqqətləri çox çəkir!
Nəhayət, Özbəkistan Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra ikinci dövlət başçısıdır ki, Qarabağı ziyarət edib. Bu qardaş ölkə Füzulidə yeni məktəb binası inşa edib. Özbəkistan Qarabağın yenidən qurulmasında aktiv iştirak edir. Bütövlükdə Ş.Mirziyoyevin Qarabağa səfəri beynəlxalq miqyasda maraqla qarşılanıb. Bunu müxtəlif dövlətlərin Azərbaycanın haqq işini müdafiə etməsi əlaməti kimi qiymətləndirirlər. Onun fonunda Hindistan, İran və Fransanın Ermənistanı silahlandırması prizmasından regionda pozucu fəaliyyəti kimlərin göstərdiyi bir daha aydın görünür.
Deyilənlər Azərbaycan Prezidentinin Macarıstana və Özbəkistan Prezidentinin Azərbaycana səfərlərinin tarixi hadisələr olduğunu açıq göstərir. Bu prosesin mərkəzində isə İlham Əliyev dayanır. Azərbaycan dövlətinin başçısı sözün həqiqi mənasında tam konstruktiv yanaşma və beynəlxalq hüquq çərçivəsində türk dövlətlərini bir araya gətirir. Bununla həm türk xalqlarının davamlı inkişafı üçün, həm də dünya miqyasında ciddi rol oynayacaq sağlam bir təşkilatın formalaşması üçün həlledici addımlar atılır.
Bu iki istiqamətin sintezində isə geniş bir geosiyasi məkana sabitlik, təhlükəsizlik və konstruktiv əməkdaşlıq ruhu gətirilir. Azərbaycan həmin prosesdə aparıcı rol oynayır. Şübhəsiz ki, bu tendensiya davamlı trendə çevriləcək və qlobal geosiyasətdə yeni müsbət əməkdaşlıq treki formalaşacaq!