İraq hakimiyyəti ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməklə bağlı təhdidləri fonunda mümkün nüvə fəlakətinə hazırlıq elan edib.
Bu barədə "Shafaq News" agentliyi İraqın Nüvə, Radioloji, Kimyəvi və Bioloji Tənzimləmə üzrə Milli Komissiyasına istinadən məlumat verib.
Qurumun məlumatına görə, İraqda artıq radiasiya təhlükəsi ilə əlaqəli müxtəlif fövqəladə vəziyyətlərə reaksiya üzrə planlar hazırlanıb. Hazırlıqlar digər dövlət strukturları və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birgə aparılır.
Eyni zamanda, hakimiyyət orqanları hesab edir ki, İranın nüvə obyektlərinə mümkün zərbənin nəticələri İraq üçün məhdud olacaq. Mütəxəssislər bunu potensial hədəflərlə İraq sərhədi arasındakı uzaq məsafə, eləcə də obyektlərin yerləşmə xüsusiyyətləri ilə əlaqələndirirlər. /Oxu.Az/