Səsin siması və ya GÖRÜNƏN SƏS


Əkbər QOŞALI

Televiziya haqqında danışanda çox vaxt deyirlər: filankəs bu televiziyanın simasıdır.
Radio haqqında isə həmişə fərqli düşünmüşüm. Bəli, radio görünən deyil, eşidiləndir. Onun siması yox, səsi olur. Radio özünü üz cizgiləri ilə yox, nəfəs, intonasiya, duyğu və söz vasitəsilə tanıdır. Ona görə də radionun simasını axtaranda gözümüz yox, qulağımız işləyir.

Bu anlamda Mahəddin Əsgər uzun illərdir Azərbaycan radiosunun səsinə, səs-simasına çevrilmiş insanlardan biridir.

Bəzən bir insanın ömrünü tutduğu görəvlərdən daha çox, daşıdığı səslər müəyyən edir. Mahəddin müəllimin taleyində də belə olub. Şəmkirdən başlayan ömür yolu öncə sənətə, səhnəyə, teatra aparıb. Dram və kino aktyorluğu təhsili alıb, Akademik Dram Teatrında çalışıb. Sonra taleyin yolları onu televiziya və radio məkanına gətirib.
Bəlkə də, radio onu seçib…
Çünki radio hər adamı, hər səsi qəbul etmir - elə deyilmi? Mikrofonun o biri üzündə görünmədən insanlarla danışmaq, onların evinə, ürəyinə, yaddaşına yol tapmaq xüsusi istedad tələb edir. Bu istedadın təkcə gözəl səs olmadığını bilirik; bu, sözə sayğı, dinləyiciyə ehtiram, milli yaddaşa bağlılıq və peşə vicdanıdır. Əgər peşə vicdan deyiriksə, o zaman vicdanın ərəbcə
vcd" (و - ج - د) kökündən törədiyini də deməliyik. Bu kök "tapmaq", "kəşf etmək" və "hiss etmək" anlamlarına gələn vacada (وجد) felinə dayanır. Sözün əsas məntiqinə görə vecd (vəcd) dalma, özündən keçmə, İlahi eşqlə dolma anlamına gəlir. "Vəcdə gəlmək" ifadəsi də buradandır; insanın iç dünyasında baş verən güclü mənəvi coşqunu, ruh halını və ya (belə deyək) mistik təcrübəni ifadə edir. Vicdan - eyni felin təsiri ilə yaranan isimlərdən biridir və "qavranılan şey", "içdən hiss edilən mənəvi duyğu" deməkdir.
Fəlsəfi keçid etsək, hərfi anlamda "özünü tapmaq", "içindəki həqiqəti və ya mənəviyyatı qavramaq" kimi vurğu edə bilərik. - Bax, Mahəddin Əsgərin səsi məhz belə bir vicdanı kökə enməyimizi tələb edir. Məncə, onun səsi bir növ vicdanın səsidir.

Mahəddin Əsgər artıq otuz ilə yaxındır, Azərbaycan radiosunun efirindədir. Bu illər ərzində yüzlərlə veriliş hazırlayıb, neçə-neçə sənət və söz adamını dinləyicilərlə görüşdürüb, saysız-hesabsız mövzuları efirin işığına çıxarıb. “Elçi daşı”, “Arakəsmələr”, “Vaxtınız varsa”, “Özüm və izim”, “Unudulmayanlar”, “Axşamüstü”, “Məşğuliyyət, yoxsa sənət”, “Sözdən söz” kimi proqramlar… bütöv bir yaradıcılıq salnaməsidir.
Əslində, radio tarixini yalnız texnika yaratmır; radio tarixini insanlar yaradır. O insanlar ki, səslərini peşəyə, peşələrini missiyaya çevirir...
Mahəddin Əsgər belə insanlardandır.

Onun səsində Tovuzlular demiş, hətütlük (tələskənlik) - dorğayıb tökmək yoxdur. - O səs dinləyicini qovmur, müşayiət edir; o səs hökm vermir, söhbət edir. O səs özünü göstərməyə çalışmır, mövzunu, müsahibini, sözü önə çıxarır, sözü!.. Bəlkə də radionun ən böyük mədəni keyfiyyəti elə budur.
Mədəniyyət sahəsində xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi, AYB üzvü olaraq Azərbaycan Prezidentinin Xüsusi Təqaüd Fondunun təqaüdçüsü olması təsadüfi deyil, əlbəttə. Bunlar uzun illərin zəhmətinə verilən qiymətidir.
Mahəddin müəllim hər bir yaradıcı insan üçün ən böyük ödül sayılan dinləyici sevgisini çoxdan qazanıb.
Bəzi insanlar öz peşələrinin sadəcə əməkdaşı olmur; onlar həmin peşənin yaddaşına çevrilirlər. - Bu gün - onun növbəti yaşına qədəm qoyacağı günlərdə bunu düşünürəm.

Mahəddin Əsgər də Azərbaycan radiosunun yaddaşında yaşayan səslərdəndir.
Onun səsi neçə-neçə səhərin, axşamların, yolüstü dinlənilən verilişlərin, düşüncəli anların, anıların içindən keçir.

Adgününüz qutlu olsun, əziz Mahəddin müəllim!
Səsiniz həmişə sözə, sözünüz həmişə mədəniyyətə, insanlığa xidmət etsin.

Bu il 100 illik əlamətdar yubileyini qeyd edəcək Azərbaycan radiosundan 44 yaş cavan olan bu tanış, doğma və güvənli səsi hələ uzun illər dinləyicilərin könlünə yol tapsın.


MANŞET XƏBƏRLƏRİ