Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər - AÇIQLAMA


Azərbaycanda qida təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2027–2032-ci illəri əhatə edən yeni Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində qida məhsullarının təhlükəsizliyi, risklərin müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əsas istiqamətlərdən olacaq.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Modern.az-a açıqlama verib:

“Qida təhlükəsizliyi hər bir insanın gündəlik həyatına birbaşa toxunan məsələlərdəndir. Ona görə də yeni Dövlət Proqramını yalnız növbəti dövlət sənədi kimi deyil, insanların süfrəsində olan qidanın daha təhlükəsiz olması baxımından qiymətləndirmək lazımdır. Hansı məhsulların daha riskli olmasına gəlincə, bunu yalnız məhsulun yerli və ya xarici olması ilə əlaqələndirmək düzgün deyil. Ət və süd məhsulları, balıq, yumurta, həmçinin pestisid və digər kimyəvi maddələrin istifadəsi ilə bağlı bitkiçilik məhsulları daha ciddi nəzarət tələb edən sahələrdir. Əsas məsələ məhsulun necə istehsal edilməsi, saxlanması, daşınması və satışa çıxarılmasıdır”.

Onun sözlərinə görə, idxal məhsullarında da, yerli istehsalda da risklər ola bilər. Buna görə nəzarət mənşəyə görə deyil, riskə əsaslanmalıdır. Dövlət Proqramının üstün tərəfi də məhz bu yanaşmanın gücləndirilməsidir.

Deputat bildirib ki, laborator nəzarətin genişləndirilməsi və müasir analiz imkanlarının artırılması nəzərdə tutulur. Onlayn qida satışının genişlənməsi ilə yaranan risklər də proqramda nəzərə alınıb. Xüsusilə məhsulların saxlanması, daşınması, temperatur rejimi, etiketlənməsi və son istifadə müddəti kimi məsələlərə nəzarətin gücləndirilməsi vacibdir.

“Məncə, burada əsas hədəf cərimə yazmaq və ya sahibkarı cəzalandırmaq deyil. Məqsəd həm istehsalçını məsuliyyətli davranmağa təşviq etmək, həm də vətəndaşın aldığı məhsula güvənməsini təmin etməkdir. İnsan mağazadan və ya internetdən qida alanda onun təhlükəsiz olduğuna əmin olmalıdır. Yeni proqramın uğuru da məhz bununla ölçüləcək: kağız üzərində nə qədər tədbir yazıldığı ilə yox, vətəndaşın gündəlik həyatında qida təhlükəsizliyinin nə qədər yaxşılaşdığı ilə ölçüləcək” - R.Nurullayev söyləyib.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı açıqlamasında qeyd edib:

“Proqramın məqsədi qiymətləri və xərcləri artırmaq deyil, qida məhsullarının təhlükəsizliyini təmin etməkdir. İstehlakçı mağazadan aldığı məhsulun üzərindəki məlumatların reallığa uyğun olub-olmadığını laboratoriya yoxlaması olmadan müəyyən edə bilməz. Bu baxımdan, söhbət ilk növbədə insanların sağlamlığının və istehlakçı hüquqlarının qorunmasından gedir”.

Onun sözlərinə görə, yeni prosedurların tətbiqi ilkin mərhələdə sahibkarlar üçün müəyyən əlavə xərclər yarada bilər. Bunlara məhsulların laboratoriyada yoxlanılması, sertifikatlaşdırılması, uyğunluğun qiymətləndirilməsi, sənədləşmə, saxlama və izləmə kimi proseslər daxildir. Lakin bu xərclərin məhsulun ümumi dəyərində ciddi paya malik olacağı gözlənilmir.

X.Kərimli bildirib ki, bəzi məhsullar üzrə mövcud prosedurların təkmilləşdirilməsi qısa müddətdə müəyyən qiymət artımına səbəb ola bilər. Xüsusilə keyfiyyətsiz və standartlara cavab verməyən ucuz məhsulların bazara daxil olmasının qarşısının alınması nəticəsində istehlakçı daha keyfiyyətli, lakin nisbətən bahalı məhsullarla qarşılaşa bilər. Bununla belə, bu, birbaşa qiymət artırılması qərarı deyil, istehlak bazarında təhlükəsizliyin təmin olunmasına yönəlmiş tədbirdir.

“Keyfiyyətsiz və etiketdə göstərilən məlumatlara uyğun olmayan məhsulların bazara buraxılmaması müəyyən hallarda qiymət fərqi yarada bilər. Lakin burada əsas məqsəd daha təhlükəsiz və keyfiyyətli məhsulların istehlakçıya təqdim olunmasıdır. İxrac məsələsində isə əsas tələbləri məhsulun göndərildiyi ölkənin standartları və sertifikatlaşdırma qaydaları müəyyən edir”, - deyə o bildirib.


MANŞET XƏBƏRLƏRİ