ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində Qrenlandiya və Avropa liderləri ilə bağlı diqqətçəkən paylaşımlar edib.
Turkustan.az xəbər verir ki, Trampın sosial şəbəkələrdə yaydığı bu postlar qısa müddətdə beynəlxalq mediada geniş rezonans doğurub.
Qrenlandiya ilə bağlı paylaşı diqqəti cəlb edir: “Qrenlandiya — 2026-cı ildən ABŞ ərazisi”. Bu ifadə açıq-aşkar siyasi mesaj kimi qiymətləndirilir və Vaşinqtonun Arktika regionuna artan marağının növbəti simvolik nümayişi hesab olunur. Analitiklər bildirirlər ki, Tramp bu cür paylaşımlarla həm daxili auditoriyaya, həm də Avropaya təzyiq siqnalları göndərir.
İkinci paylaşım isə daha ironik və eyni zamanda provokativ xarakter daşıyır. Fotoda Avropa liderləri Ağ Evdə, Oval kabinetdə əyləşmiş vəziyyətdə göstərilir. Arxa fondakı xəritədə isə Kanada ABŞ ərazisi kimi təqdim olunur. Bu vizual mesaj Trampın Avropa və müttəfiqlərlə münasibətlərə özünəməxsus, sərt və istehzalı yanaşmasının davamı kimi şərh edilir.
Musavat.com qeyd edir ki, Trampın bu paylaşımları Davosda keçiriləcək görüşlər ərəfəsində təsadüfi hesab edilmir. Ekspertlərin fikrincə, ABŞ prezidenti bu yolla həm Avropa liderlərini psixoloji təzyiq altında saxlamağa, həm də qlobal gündəmdə əsas söz sahibinin hələ də Vaşinqton olduğunu göstərməyə çalışır.
Qeyd edək ki, Tramp daha əvvəl də Qrenlandiya ilə bağlı iddialı açıqlamaları və Avropa İttifaqını hədəf alan sərt mövqeyi ilə gündəmə gəlib. Son paylaşımlar isə onun xarici siyasət ritorikasında provokativ üslubdan geri çəkilmədiyini bir daha nümayiş etdirir./Musavat.com