Dünyanın ən zəngin insanlarının ümumi sərvəti tarixi maksimuma yüksəlib.
Turkustan.az xəbər verir ki, hüquq-müdafiə təşkilatı Oxfam-ın açıqladığı hesabatda bildirilir ki, son bir il ərzində qlobal milyarderlərin var-dövləti 2,5 trilyon dollar artaraq 18,3 trilyon dollara çatıb.
Hesabata əsasən, 2025-ci ildə milyarderlərin sərvət artım tempi əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə üç dəfə daha sürətli olub. Ekspertlər bu kəskin yüksəlişi ABŞ-da aparılan iqtisadi kursla əlaqələndirirlər.
Analitiklərin fikrincə, sərvətlərin bu sürətlə artmasında Tramp administrasiyasının iqtisadi siyasəti mühüm rol oynayıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, varlılarla yoxsullar arasındakı uçurumun daha da dərinləşməsi iqtisadi və siyasi qarşıdurmalara, hətta demokratik sabitliyə təhlükə yarada bilər.
Oxfam-ın məlumatına görə, dünyada milyarderlərin sayı ilk dəfə 3 min nəfəri keçib. Bununla yanaşı, Yer kürəsində yaşayan insanların təxminən yarısı hələ də yoxsulluq şəraitində həyatını davam etdirir. Bu ziddiyyət isə qlobal sosial bərabərsizlik problemini daha da kəskinləşdirir. /Musavat.com/